Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-138/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı ünvan 1 mənzil 50 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00500) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 972 (doquz yüz yetmiş iki) manat məbləğində borcunsilinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 mənzil 50 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. Vaxtı-vaxtında qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. “Cavabdeh" İB-nin əməkdaşları onun məlumatı olmadan ona məxsus evə gəlmiş, guya həmin evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunmasını aşkarlamış, buna görə akt tərtib etmiş və bu akt əsasında 972 manat məbləğində əsassız borc yazmışdırlar. Akt onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Həmin akta əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir. İstehlak etdiyi təbii qazın haqqını tam olaraq ödəmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş abonent saldosundan da görünür ki, o qaz sərfiyyatına görə Cavabdeh İB-yə müxtəlif vaxtlarda sərfiyyata uyğun ödənişlər etmişdir. O, 2010-cu ildə qaz sərfiyyatına görə 66,70 manat, 2011-ci ildə 285,30 manat, 2012-ci ildə 250,10 manat vəsait ödəmişdir. Lakin Cavabdeh İB tərəfindən tərtib olunmuş aktda 90 günlük müddət üçün ona 4860 kub metr sərfiyyat hesablanmışdır. Bunun manat ekvivalenti 972 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 mənzil 50 ünvanında quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2017-ci il tarixli aktda “abonent qaz sayğacından kənar qeyriqanuni qazdan istifadə aşkar edilmişdir” qeyd edilmişdir. Həmin akt əsasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”nin surətindən görünür ki, iddiaçıya qanunsuz istifadə etdiyi 4860 m3, qazın dəyərinə borc hesablanmış, 972 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Mülki iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2712 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, mülki iş materiallarında olan təqdim edilmiş fotoşəkillərə əsasən ünvan 1 mənzil 50 ünvanında sayğacdan kənar qaz xəttindən istifadə edilir. Lakin həmin fotoşəkilin iddiaçının ünvanına aid olub-olmaması məhkəmə tərəfindən müəyyən edilə bilər; Mülki iş materiallarında və təqdim edilmiş əlavə sənədlərdə həmin ünvanda sayğacdan kənar təbii qazdan istifadə edilməsinin müddəti, aşkar edilmiş kənar borunun diametri, eləcə də borudan axan qazın təzyiqi barədə məlumatlar olmadığına görə Cavabdehnə vurulmuş ziyan müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparmaq mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsinin müddəti, aşkar edilmiş kənar borunun diametri, eləcə də borudan axan qazın təzyiqi barədə məlumatlar ekspertin vəsatətinə əsasən məhkəməyə təqdim edilmədiyindən hesablanmış borc məbləği əsassız hesab edilərək, qaz sərfiyyatına görə iddiaçıya hesablanmış 972 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına əsasən, Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə aid olan ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 102 manat cavabdehdən tutularaq dövlət hesabına aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. ünvan 2 mənzil 50 saylı ünvanı (abonent kodu: **********00500) üzrə hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdehndən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 102 (yüz iki) manat dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-138/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-138/2021
10.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver