Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-138/2022 28.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh QSC-nə qarşı “əmək fəaliyyətilə bağlı istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh QSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həmin Cəmiyyətdə işlədiyi dövrdə 2011-2015-ci illərin istifadə edilməmiş məzuniyyətlərinə görə işlədiyi son 12 ayın əmək haqqı əsas götürülməklə pul əvəzinin hesablanaraq birdəfəlik ona ödənilməsi, həmçinin ona vurulmuş mənəvi ziyan məbləği olaraq 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş iş yerində ona qarşı törədilmiş qanunsuzluqlara hüquqi qiymət verilməsini, törədilmiş qanun pozuntularının aradan qaldırılmasını və Azərbaycan Respublikasının qanunlarına açıq-aşkar hörmətsizlik nümayiş etdirən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsini zəruri saymışdır. Belə ki, cavabdeh təşkilatda sənədləri gizlətmək və saxtalaşdırmaq yolu ilə iddiaçının almalı olduğu pul vəsaitlərini iddiaçıya ödənmədən mənimsənilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən həmin pul vəsaiti əsassız olaraq hesablanmayaraq iddiaçıya ödənilməmişdir. Halbuki, iddiaçının 2011-2015-ci illər ərzində həmin müəssisədə işlədiyi dövr üçün qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etməli olduğu əmək məzuniyyətləri iddiaçıya verilməmiş, həmin vaxt məzuniyyətlərin taleyi ilə maraqlandıqda isə qeyd olunan məzuniyyətlərin dondurulduğu və iddiaçıya işdən çıxacağı zaman iştifadə etmədiyi məzuniyyətlərin pul əvəzinin hesablanaraq veriləcəyi bildirilmişdir. Ancaq iddiaçı bir müddət əvvəl ərizə yazaraq öz xahişi ilə işdən çıxdıqda verilən sözlər tutulmamış, istifadə etmədiyi məzuniyyətlərin pul əvəzi hesablanmamış və iddiçıya ödənilməmişdir. Belə ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə iddiaçının təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2021-ci il tarixli, 017/k saylı əmrlə xitam verilsə də, iddiaçı ilə son haqq-hesab aparılarkən istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi hesablanmamışdır. İddiaçı sözügedən təşkilatda işin spesifikliyi nəzərə alınmaqla, müvafiq ixtisas sertifikatı əldə edərək işləmiş və hər 5 il həmin sertifikatların yenilənməsi tələb olunurdu ki, bu sertifikatları almaq üçün 400-500 manat civarında pul vəsaiti tələb olunurdu. Lakin 2020-ci ilin yanvar ayında növbəti dəfə ixtisas sertifikatının əldə olunması zərurəti yarandıqda iddiaçı maddi sıxıntılar çəkdiyindən istifadə etmədiyi məzuniyyətlərdən heç olmasa birinin pulunun verilməsini müdiriyyətdən xahiş etsə də, iddiaçının xahişinə məhəl qoyulmamışdır. Nəticədə iddiaçının pulu olmadığına görə iddiaçı tələb olunan ixtisas sertifikatını ala bilməmiş və bu üzdən işdən də məhrum edilmişdir. Müəssisə rəhbərliyinin iddiaçının əmək və məzuniyyət hüququnu pozması nəticəsində iddiaçı və ailəsi ciddi maddi sıxıntılarla üzləşmiş, külli miqdarda borca girməyə məcbur olmuşdur. İddiaçının müxtəlif instansiyalara etdiyi şikayətlər sonda araşdırılması üçün X1 Xidmətinin Bakı şəhər idarəsinə göndərilmiş, həmin idarədə aparılmış yoxlamalar zamanı iddiaçıya 2011-2015-ci illər ərzində nə məzuniyyətin, nə də onun əvəzinə pul kompensasiyasının verilmədiyi faktı öz təsdiqini tapmışdır. Belə ki, X1 Xidmətinin Bakı şəhər idarəsinin sorğusuna Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 2011-2015-ci illər üzrə məzuniyyət ərizələrinin, əmrlərinin və pul vəsaitlərinin ödənilməsini təsdiq edən sənədlərin 5 il keçdiyi üçün arxivləşdirildiyi, Covid-19 infeksiyasına görə mövcud olan xüsusi rejim nəzərə alınmaqla həmin sənədlərin təqdim edilməsinin guya mümkün olmadığı bıldirilmışdir. Eyni zamanda X1 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən sözügedən sənədlərin təqdim olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə də müvafiq sorğu göndərilmiş, lakin Milli Arxiv İdarəsi tərəfindən təqdim olunmuş cavab məktubunda Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin arxiv sənədlərinin mühafizəsi üçün Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Göründüyü kimi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi sənədləri saxtalaşdırmaqla və müvafiq dövlət orqanlarına saxta, qeyridəqiq məlumatlar verməklə törətdikləri əməli ört-basdır etməyə çalışmışdır. Təəssüf ki, X1 Xidmətinin Bakı şəhər idarəsi araşdırmalar nəticəsində iddiaçının haqlı olduğunu və əmək hüququnun pozulduğunu müəyyən etsə də, hansısa səbəbdən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi iddiaçı barəsində qanunvericiliklə özlərinin səlahiyyətləri çərçivəsində olan müvafiq inzibati tədbirləri tətbiq etməkdən çəkinərək iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Covid-19 infeksiyasını bəhanə edərək sözügedən sənədləri üzə çıxarmaqdan yayınır, çünki həmin sənədlər üzə çıxdıqda iddiaçıya qarşı yol verilmiş qanunsuzluqlar və iddiaçıya çatası məzuniyyət pullarının mənimsənildiyi tam müəyyən ediləcəkdir. Göründüyü kimi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin rəhbəriliyi tərəfindən yol verilmiş qanunsuzluqlar nəticəsində iddiaçının əmək və istirahət hüquqları pozulmaqla yanaşı, iddiaçıya maddi və mənəvi cəhətdən də ziyan vurulmuşdur. İddiaçının son illərdəki əmək haqqı 583 manat təşkil etmişdir. İddiaçının külli miqdarda ziyana uğradığı sübuta yetirilir. Cavabdehə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə iddiaçıya olan 5 illik pul əvəzi borcunun ödənilməsi ilə bağlı dəfələrlə etdiyi çoxsaylı müraciətləri nəticəsiz qaldığından, qanunçuluğun keşiyində duran və ədalət mühakiməsini həyata keçirən bir orqan olaraq məhkəməyə müraciət edərək pozulmuş əmək hüququnun müdafiə olunmasını xahiş etmək məcburyyətındə qalmışdır. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qanunvericiliyin tələblərinin aşkar pozuntusuna yol verilərək iddiaçının həmin Cəmiyyətdə işlədiyi 2011-2015-ci illərin istifadə edilməmiş məzuniyyətlərinə görə iddiaçıya pul əvəzi hesablanmamış, bununla da müqaviləyə xitam verilərkən əmək qanunvericiliyinin müvafiq maddəsinin tələbləri gözlənilmədən sənədləşmə aparılmışdır. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin rəhbərlərinin bu hərəkəti rəhbəri iddiaçıya maddi ziyan vurmaqla yanaşı ona mənəvi sarsıntı yaratmış, onun külli miqdarda borca düşməyinə səbəb olmuşdur ki, bu da iddiaçıya əlavə mənəvi zərbə vurmuşdur. Bütün bu hallar yol verilmiş qanun pozuntularının məhkəmə qaydasında aradan qaldırılmasını və cavabdehin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsini zəruri edir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində işlədiyi dövrdə cəmiyyət tərəfindən 2012-2014-cü illər ərzində istifadə edilməmiş əmək məzuniyyətlərinə görə işlədiyi son 12 ayın əmək haqqı əsas götürülməklə pul əvəzinin hesablanaraq birdəfəlik ona ödənilməsi, həmçinin 2020-ci il aprel ayından 2021-ci ilin yanvar ayınadək işə çıxmamağı ilə bağlı ona vurulmuş maddi ziyan məbləği olaraq 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh QSC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X1 xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu MMC-nə xx.xx.2011-ci ildə “gəmi, aşpaz köməkçisi” vəzifəsinə işə qəbul edilmiş, onun aylıq əmək haqqı 104 manat, hər il üçün əmək məzuniyyəti 21 gün müəyyən olunmuşdur. İş materiallarında olan ИТ-İ № ******* saylı İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2011-ci il tarixdə "xxxx" MMC şirkətinə “aşpaz” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2020-ci il tarixli № **********8 saylı məktunbundan görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təqdim olunmuş məktubdan Cavabdeh MMC-nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 4/1256 saylı ekspertiza rəyinin surətindən görünür ki, İddiaçı adından olan xx.xx.2012-ci il tarixli əmək məzuniyyətinin verilməsi barədə ərizədə “imza” qrafasındakı imza; İddiaçı adından olan xx.xx.2013-cü il tarixli əmək məzuniyyətinin verilməsi barədə ərizədə “imza” qrafasındakı imza; İddiaçı adından olan xx.xx.2015-ci il tarixli əmək məzuniyyətinin verilməsi barədə ərizədə “imza” qrafasındakı “Məmmədov A” sözü və imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 4/1671 saylı ekspertiza rəyinin surətindən görünür ki, Cavabdeh LTD əmək haqqı vermək üçün 2013-cü ilin avqust ayına dair ödəniş cədvəlinin 134-cü vərəqinin “imza” qrafasında “İddiaçı” yazıları önündəki imza - İddiaçı tərəfinən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh QSCdə xx.xx.2021-ci il tarixdən “aşpaz” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı 2012-2014-cü illərdə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ödənilməmiş əmək haqqının və 2020-ci ilin aprel ayından 2021-ci ilin yanvarınadək məcburi iş buraxma dövrü üçün vurulmuş maddi ziyanın cavabdehdən tutularaq, onun xeyrinə ödənilməsini xahiş edir. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı verilməmiş əmək məzuniyyət haqqının ödənilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçının mövcud hüququnun pozulduğunu aşkar etdiyi vaxtdan artıq 6 ildən çox vaxt keçmişdir. Məhkəmə hesab edir ki, mövcud iddia tələbi üzrə iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürdüyündən, iddia qeyd edilən hissədə əsassızdır və təmin edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında qeyd edilir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin “Deryus Litvaya qarşı” iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının “Baranovski və Braniovski Polşaya qarşı” işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə həmçinin iddia tələbinin “2020-ci ilin aprel ayından 2021-ci ilin yanvar ayınadək işə çıxmaması ilə bağlı ona vurulmuş maddi ziyan məbləği olaraq 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə də əsassız oduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tələbini qeyd edilən dövrdə müvafiq sertifikatı olmadığı üçün işə çıxa bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının işə çıxmaması cavabdehin təqsiri ucbatından olmadığından, o, mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilən Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yenə həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddiaçı Cavabdeh QSC-nə qarşı - Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində işlədiyi dövrdə cəmiyyət tərəfindən 2012-2014-cü illər ərzində istifadə edilməmiş əmək məzuniyyətlərinə görə işlədiyi son 12 ayın əmək haqqı əsas götürülməklə pul əvəzinin hesablanaraq birdəfəlik ona ödənilməsi, həmçinin 2020-ci il aprel ayından 2021-ci ilin yanvar ayınadək işə çıxmamağı ilə bağlı ona vurulmuş maddi ziyan məbləği olaraq 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-138/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-138/2022
28.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver