Məhkəmə qərarları › İş №2(011)-1380/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1380/2025

24.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1380/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Kürdəmir rayonu, Atakişili kəndində yaşayır. Təbii qaz istehlakçısıdır. Mənzildə qazdan istifadə edir və vaxtlı-vaxtında dəyərini ödəyir. Qazın abunə kodu **********01430-dur. Qaz abunəçisi olaraq 2022-ci ilin yanvar ayında qeydiyyat alınmışdır. Hər ay qaz nəzarətçisinin təqdim etdiyi bildiriş əsasında pulunu hesabına ödəmişdir. 2024 cü ilin may ayında iddiaçının mənzilinə gedən qaz xətti üzərində olan qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Sayğac çıxarılarkən iddiaçı orada iştirak etmişdir. Buna görə də 16 may 2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Sayğac çıxarılarkən heç bir qüsuru olmamışdır. Aktda yalnız əvəzlənmə qeyd olunmuşdur. 2024cü ilin avqust ayında qaz pulunu hesabına ödəniş edərkən hesabda qaz pulu məbləğinin çox olduğunu görmüşdür. Bununla bağlı iddiaçı Kürdəmir Qaz idarəsinə yaxınlaşmışdır. İddiaçıya bildirmişlər ki, yeni sayğacla əvəzlənib açılmış qaz sayğacında müdaxilə olmuşdur. Buna görə də iddiaçının hesabına 466.56 manat cərimə yazılmışdır. İddiaçı bildirmişdir ki, o heç vaxt qaz sayğacına müdaxilə etməmişdir. Cəmi 2 il olar ki, iddiaçı qaz qeydiyyatına alınmışdır. Borcu silməyi xahiş etsə də, bir nəticə olmamışdır. Məcbur olaraq sənədləri çox get-gəldən sonra əldə etmişdir. 22 avqust 2024-cü il tarixdə qaz idarəsinin tanımadığı əməkdaşları ******* nömrəli, qaydalarının pozulması ilə bağlı akt tərtib etmişlər. 466.56 manat məbləğində borc hesablayaraq iddiaçının **********01430 nömrəli hesabına əlavə edilmişdir. İddiaçının qaz sayğacı küçədə olub qoruyucu qutusu olmamışdır. Odur ki. qaz idarəsinin tərtib etdiyi akt əsassızdır. Sayğaca müdaxilə edilibsə iddiaçı tərəfindən edilməmişdir. Sayğaca guya ki, Cavabdeh İB-nin MQ-nin 891 nömrəli rəyi ilə sayağaca ümumi baxış keçirilmiş sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yarasz vəziyyətdədir. Sayğacın hesablama mexanizminin qapağı yan tərfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. İddiaçı sayğaca nədə ki onun daxilinə müdaxilə etməmişdir. İddiaçının belə bir istəyi də olmamışdır. İddiaçıya 466.56 manat cərimə hesablanmışdır. Yazılmış cərimə tamamilə əsassızdır. İddiaçı cavabdeh tərəfindən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı həmçinin qeyd etmişdir ki, qaz sayğacı küçədə olmuş, qaz sayğacının heç bir qoruyucu qutusu olmamış, sayğac açılarkən laboratoriyaya aparılması iddiaçıya izah edilmişdir. Qaz sayğacı açılıb ayrıca qutuya qoyulub möhürlənməmişdir. Qaz sayğacına laboratoriyada baxış zamanı iddiaçının iştirakı təmin edilməmişdir. Aktda hal şahidləri yazılmamış, ancaq cavabdehin tanımadığı əməkdaşları olmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh qanunsuz olaraq hesablanmış 466,56 manat iddiaçıya məxsus abonent hesabından (abonent hesabı: **********01430) borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı 2024-cü il üçün borcu 466,56 manat təşkil edir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 22 avqust 2024-cü il tarixli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evinə məxsus sayğac laboratoriyaya göndərilmiş, qaz sayğacının dövlət yoxlanılmasına əsasən “sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh məhkəməyə heç bir sübut yaxud etiraz təqdim etməmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 22 avqust 2024-cü il tarixli aktda “sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur” kimi qüsurlar qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 466,56 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********01430 olan) məxsus evdə qaz sərfinə görə hesablanmış 466,56 manat borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********01430 olan) hesablanmış 466,56 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar