Məhkəmə qərarları › İş №2(011)-1381/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1381/2021

26.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1381/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı içtirakı ilə İddiaçı X1rşı “borc məbləğinin silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 486,0 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, 4048-ci məhəllədə yerləşən fərdi yaşayış evə dair «Azəriqaz» İB ilə aralarında alqı-satqı müqaviləsi imzalamışdır, həmin müqavilə nəticəsində fərdi yaşayış sahəsinə smart kart tipli, «G-4» markalı qaz sayğacı quraşdırılmışdır, mənzilində quraşdırılan qaz sayğacının kartı vasitəsilə müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunu görmüşdür, Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə ona bildiriblər ki, sayğaca müdaxilə olunub, nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 486,00 manat borc yazılıb, borcun səbəbini soruşduqda ona bildiriblər ki, mənzildə quraşdırılan sayğac əvəz edilərkən çıxarılan sayğac labaratoriyaya göndərilmiş və rəyə əsasən sayğacın çıxış plastmas borusu deşilmişdir. Həmçinin o, izahatında qeyd etmişdir ki, qaz sayğacına onun tərəfindən heç bir müdaxilə edilməyib, sayğac mənzildən kənar yerləşdiyinə görə, məsuliyyəti cavabdeh təşkilat daşımalı, sayğaca nəzarət etməli idi, o kart vasitəsilə həmişə ödənişi etmiş və heç bir çətinlik çəkməmişdir, hazırda isə «Azəriqaz» İB tərəfindən əsassız olaraq 486 manat ödənilməsi tələb olunur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 06.12.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusunun deşilməsi barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan «Azəriqaz» İB-nin 06.12.2018-ci il tarixli qərarının surətindən görünür ki, 30.11.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə aparılmış hesabat üzrə 4860 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan «Azəriqaz» İB-nin 21.05.2018-ci il tarixli SOCAR**********00040020A00371 məktubunun surətindən görünür ki, 28.09.2018-ci il tarixində aparılmış təftiş işləri nəticəsində 1602AZ**********37 saylı Smartkart tipli qaz sayğacı 06.12.2018-ci il tarixli yoxlama aktı nəticəsində yararsız hesab olunur. İş materiallarında olan 01.12.2020-ci il tarixli iddiaçının Gasrep sənədindən görünür ki, onun abonent hesabına (**********00101) 486 manat cari borc hesablanmışdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan müqavilə əsasında sayğac vasitəsilə istifadə edir, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir, yoxlama zamanı mənzildə təbii qazdan istifadə edilməsi barədə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpası məqsədilə 486 manat borc hesablanmışdır. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi halları məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00101) itirilmiş qazın bərpası məqsədilə yazılmış 486 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulması məsələsinə münasibətdə hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduğundan, hazırkı iş üzrə dövlət rüsumu 20 manat məbləğində nəzərdə tutulmalı, iddia tələbi təmin olunduğundan və cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunmadığından, həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, 4048-ci məhəllə ünvanı üzrə İddiaçı **********00101 saylı abonent koduna «Azəriqaz» İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinsin. «Azəriqaz» İstehsalat Birliyindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət veilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar