Məhkəmə qərarları › İş №2(011)-1383/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1383/2025

22.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1383/2025 22.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı ünvan 1 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı həmin ünvanda quraşdırılmış qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Həmi sayğac iddiaçının xx.xx.2011-ci il tarixində rəhmətə getmiş mərhum atası X1 adına rəsmiləşdirilmişdir.

2. Cavabdeh İB-nin nümayəndələri iddiaçının yaşadığı ünvana gəlmiş, onun məlumatı olmadan quraşdırılmış qaz sayğacını başqası ilə əvəz etmişdirlər. Daha sonra ona məlum olmuşdur ki, qaz sayğacında müəyyən nasazlıqların olması əsas gətirilərək ona cərimə hesablamışdırlar.

İddiaçının tələbi: 3 ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə iddiaçının mərhum atası X1 adına açılmış **********00000 saylı abonent koduna hesablanmış 764,50 və 1448,75 manat olmaqla ümumilikdə 2213,25 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

4. Cavabdeh tərəfindən etiraz və ya sübutlar təqdim edilməmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

5. xx.xx.2023-cü il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunur ki, sayğacın gövdəsi kənar təsir nəticəsində alt hissədən əzilib, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir.

6. AZ-İ 472058 № Ölüm haqqında şəhadətnaməyə əsasən, X3 xx.xx.2011-ci il tarixində ölmüş, bu barədə ölüm haqqındaakt qeydləri kitabında 489 № ilə qeyd edilmişdir.

7. Cavabdeh İB tərəfindən verilmiş 04 noyabr 2023-cü il tarixli, MSK-14-2-2/3-5- 11021/Q002 №-li “Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə” AKT.

8. Abonentin saldosundan görünür ki, qalıq və aktlar bölməsi üzrə iddiaçıya 2023-cü ilin fevral ayı üçün 1448,75 manat, oktyabr ayı üçün 259,20 manat məbləğində borc hesablanmışdır.

9. xx.xx.2023-cü il tarixli, ******* №-li qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt.

10. Digər sənədlər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu.

3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. (2022-ci ilin may ayından qüvvədə olan bənd) Bu Qanunun 13-cü maddəsinin 8-1ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”. 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı.

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. (§15) Mülki iş materiallarından müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçının yaşadığı evin abunə koduna cərimə borcu hesablanmışdır. İş materiallarından görünür ki, abunə kodu iddiaçının atasının adınadır, atası xx.xx.2011-ci il tarixində vəfat etmişdir, iddiaçı həmin ünvanda yaşayır və atasının vərəsəsi kimi miras əmlakını faktiki qəbul etmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosuna nəzər saldıqda görünür ki, İddiaçı atasının ölümündən sonra da mütəmadi olaraq kommunal xərclərlə, o cümlədən qazın istifadəsi ilə bağlı ödənişləri həyata keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyə əsasən miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (§16) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı atasının qanun üzrə vərəsəsi olması, cərimə borcu yazılan evdə yaşaması, mərhum atasının adına rəsmiləşdirilmiş qaz sayğacına faktiki sahibliyi həyata keçirib onu idarə etməsi, qaz sayğacından istifadə edib bu istifadəyə görə yaranmış xərcləri ödəməsi, borca görə tutulmaları ödəmək məcburiyyətində qalması səbəbindən müvafiq iş üzrə subyektiv hüququ mövcuddur.

22. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.

23. Məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

24. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Abonentin saldosundan görünür ki, qalıq və aktlar bölməsi üzrə iddiaçıya 2023-cü ilin fevral ayı üçün 1448,75 manat məbləğində borc hesablanmışdır. (§8) Həmçinin, xx.xx.2023-cü il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunur ki, “sayğacın gövdəsi kənar təsir nəticəsində alt hissədən əzilib, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir”. (§5) qeyd edilmiş, lakin qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və iddiaçıya itirilmiş qazın bərpası üçün hesablanmış borc məbləği (cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri) silinməlidir.

25. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində abonent koduna hesablanmış 2213,25 manat borcun silinməsini xahiş etmişdir. İddiaçının mərhum atası X2 məxsus abonentin saldosundan görünür ki, qalıq və aktlar bölməsi üzrə iddiaçıya 2023-cü ilin fevral ayı üçün 1448,75 manat, oktyabr ayı üçün 259,20 manat məbləğində borc hesablanmışdır. (§8) Buna görə də məhkəmə hesab edir ki, iddia (1448,75+259,20=1707,95) 1707,95 manat məbləğində borcun silinməsi hissəsində əsaslıdır.

26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri ucbatından olması sübuta yetirilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış cərimə silinməsi barədə iddia tələbi qismən təmin edilməlidir.

27. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən **********00000 saylı abunə koduna hesablanmış 1707,95 manat məbləğində borc silinməlidir.

Məhkəmə xərcləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 37,08 manat dövlət rüsumu cavabdehdən tutulub Dövlət büdcəsinə ödənilməlidir.

30. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00000 saylı abonent koduna hesablanmış 1707,95 (min yeddi yüz yeddi manat doxsan beş qəpik) manat borcun silinməsi Cavabdehnə həvalə edilsin.

3. Cavabdehndən dövlət rüsumuna görə 37,08 (otuz yeddi manat səkkiz qəpik) manat dövlət nəfinə tutulsun.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar