Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1388/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi və tutulmuş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi və tutulmuş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, hal-hazırda ünvan 2-da ailəsi ilə birlikdə yaşayır. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları xx.xx.2020-ci tarixdə ünvana yaxınlaşaraq köhnə qaz sayğacını söküb yerinə yeni mexaniki qaz sayğacını aktlaşdıraraq quraşdırmışlar. Yeni qaz sayğacını quraşdırdıqda köhnə qaz sayğacına heç bir borcları olmamışdır. Bir müddət qazdan istfadə etdikdən sonra “Azəriqaz“ istehsalat Birliyinin əməkdaşları ona bildirmişlər ki, güya ki, onun köhnə qaz sayğacına 600 manat cərimə borcu vardır. O, cərimənin hansı əsasa yazıldığını araşdırmaq üçün “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmiş və ona bildirmişlər ki, onlara məxsus mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı 1202AQ**********4 zavod nömrəli qaz sayğacı xx.xx.2020-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Meteorologiya Departamentinin xx.xx.2021-ci il tarixli MSK 29/1710-04588-1 saylı aktında güya qeyd edilmişdir ki, guya ki, Sayğacın çıxış plastmas borusu deşilib kimi qeyd edilmişdir. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları ona məlumat vermişlər ki, “bilirik sayğaca müdaxilə etməmisiz güya ki, “Sayğacın çıxış plastmas borusu deşilib” və bu səbəbdən də, əsassız olaraq o, cərimə ödəməlidir. Hansı ki, onun yaşadığı evdə sayğac kart sistemi ilə işləyib, bu səbəbdən də o, hesab edir ki, onun qaz sayğacına heç bir borcu olmamışdır. Qaz sayğacına kartla ödənişlərini vaxtı-vaxtında etmiş və qaz sayğacına heç bir müdaxilə etməmiş və plombu da üzərində olmuşdur. Həmin evdə təbii qazdan istifadəyə görə indiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı bir mübahisə yaranmamışdır. Lakin bütün bunlara baxmayaraq o, qaz sayğacına yazılan cərimə borcuna görə məcbur qalıb evində qazdan istifadə etmək üçün qaz pulu yükləyirmiş və hər yüklədiyi məbləğdən tutulmalar olurdu. Bu günə qədər köhnə qaz sayğacına yazılan 600 manat puldan 350 manat onun tərəfindən ödənişlər edilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən cərimə kimi yazılmış 600 (altı yüz) manat cərimə borcun silinməsi, həmin borcdan ödənilən 350 (üç yüz əlli) manat pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abonentin saldosundan görünür ki, İddiaçı 2021-ci il üçün 216 manat borcu vardır. İş materiallarında olan Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 may 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qaz sayğacına baxış keçirilmiş və “Sayğacın çıxış plastmas borusu deşilmişdir” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı 616.48 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB-si tərəfindən tərtib edilmiş aktda iddiaçının evindən çıxarılmış sayğacda “Sayğacın çıxış plastmas borusu deşilmişdir” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi, eyni zamanda iddiaçının yaşadığı mənzilə dair hesablanmış 600 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçının yaşadığı ünvana dair hesablanmış 600 manat məbləğində borc silinməli və əsassız borca görə cavabdeh tərəfindən tutulmuş 350 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanı ilə bağlı hesablanmış 600 manat borc məbləğini silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 350 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdeh İB-nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1388/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1388/2022
10.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver