Məhkəmə qərarları › İş №2(011)-1408/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1408/2021

11.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1408/2021 11.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Camaləddin oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Camaləddin oğlunun «Cavabdeh» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Camaləddin oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Cavabdeh» İstehsalat Birliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından istifadəyə görə əsassız hesablanmış 4.484 manat məbləğində zərərin və 2.154 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, «Cavabdeh» İstehsalat Birliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ünvanında ona məxsus **********90290 nömrəli abonent koduna qanunsuz olaraq hesablanmış 2391 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2018-ci ilin aprel ayından etibarən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ünvanında yaşamır, lakin cavabdehə görə xx.xx.2018-ci il tarixdə müqavilə imzalanmış və sözü gedən ünvana təbii qaz verilmişdir, cavabdeh aiddiyatı üzrə məhkəməyə “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi ilə müraciət etmiş, lakin məhkəmə araşdırılması zamanı həqiqətən də onun həmin ünvanda yaşamadığı, həmçinin bu ünvanda sayğacdan kənar qoşulmaya yol verərək təbii-qazdan qeyri-qanuni istifadə edilmədiyi və bu əsasla cavabdehə maddi ziyan vurulmadığı müəyyən olunmuşdur, nəticədə, o, cərimə əsassız yazıldığı üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Sonda, İddiaçı iddia tələbinin təmin edilməsini məkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qeyd edilən ünvanda sayğac yenisi ilə əvəzləşdirilmişdir, təbii-qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə edilmiş və bu barədə müvafiq akt tərtib edilmiş, həmin akt əsasında itirilmiş qaz sərfiyyatına görə əlavə hesablaşma aparılmışdır, 2391 manat borc məbləğin abonent tərəfindən ödənilməsi tələb edilir, borc qanuni əsasla hesablanmışdır. Sonda cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent sayğac quraşdırılan xx.xx.2020-ci il tarixə qədər təbii qazdan qeydiyyatsız, qeyri-qanuni istifadə etməsi aşkar edilmiş və dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan “Cavabdeh” İB-nin xx.xx.2020-ci il tarixli dəymiş ziyanın hesablanmasına dair tələbnamənin surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 576 metr3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etdiyi istifadə etməsi aşkarlanmış və dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan “Cavabdeh” İB-nin xx.xx.2020-ci il tarixli dəymiş ziyanın hesablanmasına dair tələbnamənin surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 2952 metr3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent təbii qazdan qeyriqanuni, sayğacdan kənar istifadə etməsi aşkarlanmışdır və dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan “Cavabdeh” İB-nin xx.xx.2019-cu il tarixli dəymiş ziyanın hesablanmasına dair tələbnamənin surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 8532 metr3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etdiyi istifadə etməsi aşkarlanmış və dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan “Cavabdeh” İB-nin xx.xx.2020-ci il tarixli dəymiş ziyanın hesablanmasına dair tələbnamənin surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 2952 metr3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı Cəmaləddin oğlunun **********90290 saylı abonent hesabına aktlar üzrə 2491 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, itirilmiş təbii qaz sərfiyyatına gərə aktlara müvafiq olaraq 2491 manat borc hesablanmış, həmin məbləğ iddiaçının abonent hesabına borc kimi daxil edilməklə ondan tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********90290 ) itirilmiş qazın bərpası məqsədilə yazılmış 2391 manat məbləğində borc silinməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. «Cavabdeh» İstehsalat Birliyi tərəfindən İddiaçı Camaləddin oğlunun **********90290 saylı abonent koduna itirilmiş qaz sərfiyyatına görə hesablanmış 2391 (iki min üç yüz doxsan bir) manat məbləğində borc silinsin. «Cavabdeh» İstehsalat Birliyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar