Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1417/2024 22.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacında baş vermiş nasazlıqlara görə İddiaçı **********00160 saylı abonent hesab nömrəsinə hesablanmış 486 manat və 2.125,44 manat olmaqla, ümumilikdə 2.611,44 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ünvan 1 ünvanın abonent hesabına 11/2019-cu il tarixinə 486 manat, 03/2023-cü il tarixində isə 2.125,24 manat məbləğində borc yazılmışdır. “Azəriqaz" İB borc yazılan zaman heç bir normativ hüquqi akta əsaslanmamışdır. Yuxarıda qeyd olunan məbləğlərdə borcun yaranma əsası ilə bağlı iddiaçı maraqlandıqda bildirilmişdir ki, Cavabdeh İB-nin işçiləri iddiaçıya məxsus ünvanda qaz sayğacını çıxardıb dövlət yoxlamasına göndərmişlər və dövlət yoxlamasına göndərilmiş qaz sayğacında guya müəyyən olunmuş texniki qüsurlara görə iddiaçının abonent hesabına 486 manat və 2.125,44 manat olmaqla, ümumilikdə 2.611,44 manat məbləğində borc yazılmışdır. 04 noyabr 2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən edilir ki, iddiaçıya məxsus yuxarıda qeyd olunan ünvandan çıxarılmış qaz sayğacına guya müdaxilə edilmiş və bu səbəbə görə də çıxarılmışdır. 13 noyabr 2019-cu il tarixli dövlət yoxlamasının rəyinə əsasən müəyyən edilmişdir ki, 1201AQ**********6 nömrəli sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın klapanı işlək deyil, yivli birləşmələr korroziyaya uğrayıb, sayğacın mexaniki hissədən keçən qazın sərfiyyatını qeyd edir, lakin elektron hissədən keçən qazın həcmini qeyd etmir. Göstəricilər arasında fərq var və s. 29 noyabr 2019-cu il tarixli ******* nömrəli akta əsasən müəyyən edilmişdir ki, 1201AQ**********6 nömrəli sayğacın klapanı işlək deyil, ALARM 1 rejimi aşkar olundu. 29 noyabr 2019-cu il tarixli tələbnaməyə əsasən müəyyən edilmişdir ki, G-4 markalı 1201AQ**********6 nömrəli sayğacın klapanı işlək deyil, ALARM-1 rejimi aşkar olundu. 31 mart 2023-cü il tarixli dövlət yoxlamasının rəyinə əsasən müəyyən edilmişdir ki, 14-2-2/3- 5-3293-1 nömrəli aktına əsasən G-4 markalı, **********8 nömrəli sayğacın giriş plastmas borusu sınıqdır. 31 mart 2023-cü il tarixli ******* nömrəli akta əsasən müəyyən edilmişdir ki, Suraxanı rayonu Xidmət sahəsi tərəfindən vizual müdaxilə video çəkilişlər təsdiq olunur. 31 mart 2023-cü il tarixli tələbnaməyə əsasən müəyyən edilmişdir ki, G-4 markalı, **********8 nömrəli sayğacın giriş plastmas borusu sınıqdır. Yuxarıda qeyd olunan ünvanda quraşdırılmış qaz sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı qaz sayğacına müdaxilə etməmişdir. Təbii qazdan hər zaman istifadəsində olan qaz sayğacı üzrə istifadə etmiş, ödənişləri də vaxtı-vaxtında etmişdir. Qaz sayğacının texniki vəziyyətində nasazlıq və s. qüsurlar aşkar edilmişdirsə, eləcə də qaz sayğacı istismara yararsız hala düşmüşdürsə bu hal iddiaçının təqsiri ucbatından baş verməmişdir. Qaz sayğacına müdaxilə edilmişdirsə, texniki vəziyyəti nasaz vəziyyətə gətirilmişdirsə və ya sayğac istismara yararsız hala düşmüşdürsə bu hal küçədən keçən istənilən şəxs tərəfindən, iddiaçı ilə qərəzliyi və düşmənçiliyi olan şəxslər tərəfindən, o cümlədən də, qaz sayğacına özünə məxsus laboratoriyada birtərəfli qaydada baxış keçirən zaman Cavabdeh İB-nin öz işçiləri tərəfindən də qəsdli şəkildə törədilmiş ola bilər. Qaz sayğacında yaranmış texniki nasazlığa və digər qüsurlara görə istehlakçı qismində iddiaçıya 486C m3 və 17712 m3 əlavə sərfıyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşdüyündən, belə olan halda abonent hesabına yazılmış 486 manat və 2.125,44 manat məbləğində borcun qanuni əsasını göstərmək öhdəliyi də Cavabdeh İB-nin üzərinə düşür. İddiaçı, ona məxsus ünvanın abonent hesabına yazılmış 486 manat və 2.125,44 manat məbləğində borcun qanunsuz və əsassız şəkildə hesablanıb yazıldığını hesab edir. Bu səbəbdən də həmin borc məbləği abonent hesabından silinməlidir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: 31 mart 2023-cü il və 29 noyabr 2023-cü il tarixlərdə cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə ******* və ******* saylı aktlar tərtib edilmiş, aktlarda sayğaca video çəkilişlə vizual müdaxilənin olduğunun təsdiq edildiyi, sayğacın klapanının işlək vəziyyətdə olmadığı, ALARM-1 rejiminin aşkar olunduğu müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2019-cu ilin noyabr ayı üzrə 486 manat, 2023-cü ilin mart ayı üzrə 2.125,44 manat olmaqla, ümumilikdə 2.611,44 manat məbləğində borcunun olması əks olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə müxtəlif vaxtlarda aktlar tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış borc iddiaçıdan tələb edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Məhkəmə belə qənaətə gəlir ki, aktlarda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 46.12 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00160 saylı abunə koduna 2019-cu ilin noyabr ayında hesablanmış 486 manat, 2023-cü ilin mart ayında hesablanmış 2.125,44 manat olmaqla, ümumilikdə 2.611,44 (iki min altı yüz on bir manat qırx dörd qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 46.12 (qırx altı manat on iki qəpik) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1417/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1417/2024
22.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver