Məhkəmə qərarları › İş №2(011)-1420/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1420/2021

26.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1420/2021 26.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC şirkətinin qanunsuz hərəkəti nəticəsində işləmədiyi 5 ay ərzində hər ay üçün aldığı 250 manat, yəni 1250 manat məbləğində pulun, pandemiya dövrü üçün ölkə vətəndaşlarına verilən 190 manat yardımın Cavabdeh MMC şirkəti tərəfindən adını işdə saxladıqlarına görə 4 ay müddətində ala bilmədiyi 760 manat məbləğində pulun və ona vurulan maddi ziyana görə 2000 manat, cəmi 4010 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 12 aprel 2019-cu il tarixdən AER MMC şirkətində yuyucu işləməyə başlamışdır, onun əmək haqqı ayda 250 manatdır, 2020-ci ilin mart ayının 20-sinədək onlara 4 gün bayram günü olduğu üçün işə gəlməməkləri bildirilmişdir, martın 24-ü işə gəldikdə gözətçi ona hələ heç kəsin işə gəlmədiyini bildirmişdir, buna görə də evə qayıtmışdır, evə qayıtdıqdan 1 saat sonra ona məlum olmuşdur ki, hamı öz işində işləyir, lakin ölkədə pandemiya elan olunduğuna və onun da 61 yaşı olduğundan onu işə buraxmamışlar, o, evdə iki ayağını itirmiş yaşlı həyat yoldaşına bu dövr ərzində qulluq etmiş, mayın 25-i MMC-yə zəng etmiş, imkanı olmaması səbəbindən almalı olduğu aylıq əmək haqqının ona verilməsini xahiş etmişdir, qapıçının yanında olan və müdirin adamı hesab etdiyi şəxs ondan işə nə vaxt çıxacağını soruşmuş, o, isə işə çıxacağını bildirmiş, 3 iyun səhər tezdən işə getmişdir, idarədə sexə rəhbərlik edən Adil müəllimə yaxınlaşıb ona pul verilib-verilməyəcəyini soruşmuşdur, həmin şəxs isə ona işdən çıxarıldığını bildirmişdir, o, pandemiya dövründə işləyən şəxsləri öz ərizələri olmadan işdən çıxarılmasının düzgün olmadığını bildirirərək çıxıb evinə getmişdir, o, evə gələn kimi, yəni 03 iyunda evdən 142 qaynar xəttinə zəng vurmuş, vəziyyəti bildirdikdən sonra bir həftə ərzində, yəni 09 iyun tarixində ona zəng gəlmiş və həmin gün əmək müfəttişliyinə gəlməli olması bildirilmişdir, o da həmin müfəttişliyə getmiş, Rəşad adlı şəxs onu qəbul etmişdir, ərizəsini almış və ona ərizəsinin nəticələri barədə zənglə məlumat veriləcəyi bildirilmişdir, əmək müfəttişliyindən MMC-yə həm telefonla, həm də məktub göndərməklə məlumat verildiyi, ancaq həmin orqana cavab göndərilmədiyi bildirilmişdir, onu qanunsuz olaraq işdən çıxarmaları ilə əlaqədar olaraq verilən sosial təminatı da kəsilmişdir, bundan əlavə rəsmi olaraq portalda əmək müqaviləsinə xitam verilmədiyi üçün dövlət tərəfindən hər ay verilən 190 manatlıq yardımı və müəssisə rəhbərinin qanunsuz hərəkətləri nəticəsində mart ayının 25-dən etibarən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi avqust ayına qədərki 5 aylıq əmək haqqını da ala biməmişdir, həmçinin ona məxsus paltarlar və bəzi əşyalar da müəssisədə yandırılmışdır, bunun nəticəsində də ona cavabdeh tərəfindən maddi ziyan vurulmuşdur. Sonda, İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC 22.02.2021-ci il tarixində iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı özü iddia ərizəsində qeyd etdiyi kimi, 2020-ci ilin mart ayının 24-dən etibarən işə çıxmamış və 3 iyun 2020-ci il tarixində işə gedərək rəhbərlikdən işə çıxmadığı dövr üçün əmək haqqının verilməsini tələb etmişdir, bu zaman ona üzürsüz səbəbdən işə gəlmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir, iddiaçı pandemiya dövründə işçini işdən azad etmək qanun pozuntusu olduğunu düşünür və hesab edir ki, işə çıxmadığı dövr üçün ona əmək haqqı ödənilməlidir, iddiaçı onunla bağlanmış əmək müqaviləsi əsasında 16.10.2019-cu il tarixindən "xxxx" MMC-də işləmiş, 23 mart 2020-ci il tarixindən iddiaçı üzürlü səbəb olmadan işə gəlməmiş, bir neçə dəfə onunla telefon vasitəsi ilə əlaqə saxlanılmış və işə gəlməsi barədə xəbərdar edilmişdir (***- ***-**-** mobil və ***-***-**-** stasionar telefon nömrələri ilə), lakin iddiaçı müxtəlif bəhanələrlə işə gəlməkdən yayınmış, iddiaçı üzürlü səbəb olmadan 1 ay müddətində işə gəlmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmiş və bu barədə elektron bildiriş həmin tarixdə mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmişdir, iddiaçı 3 iyun 2020-ci il tarixində müəssisəyə gələrək ona işləmədiyi dövr üçün əmək haqqının verilməsini tələb etmiş, ona qanunvericiliyin tələbləri izah edilərək işləmədiyi dövr üçün əmək haqqının verilməsinin qanunvericilikdə nəzərdə tutulmadığı bildirilmişdir, iddiaçı üçün gələcəkdə işləməsi ilə bağlı problem yaranmaması üçün onunla bağlanmış əmək müqaviləsinə bunun üçün bütün əsaslar olmasına baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edən ümumi norma kimi əmək münasibətlərinə xitam verilməsinin əsaslarından biri kimi nəzərdə tutulmuşdur, iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi iddiaçının xeyrinə və onun qanuni maraqlarına uyğundur, bunlar eyni tərəflər arasında olan əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı çıxarılmış məhkəmə qərarında da öz əksini tapmışdır, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək münasibətlərinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və işə bərpa olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin işdə də iddiaçı hazırkı iddia ərizəsində göstərilənləri təkrar göstərərək onunla bağlanmış əmək müqaviləsinə xitam veriməsi haqqında əmrin qanunsuz olduğuna görə ləğv edilməsini, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsini və işə bərpa olunmasını xahiş etmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.12.2020-ci il tarixli, 2(011)-6629/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, həmin iş üzrə məhkəmə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin qanuni əsaslarla xitam verildiyini müəyyən etmişdir, iddiaçıya münasibətdə heç bir qanun pozuntusuna yol verilməmiş, iddiaçı işlədiyi dövrdə əmək haqqını vaxtında və tam şəkildə almışdır, iddiaçının üzürlü səbəb olmadan işə çıxmadığı dövr üçün və üzürlü səbəb olmadan işə gəlmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyindən əmək haqqının verilməsini tələb etməsi tamamilə əsassız və qanunsuzdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəmə iclasında iştirak etməmişdir, lakin 22.02.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6629/2020 saylı, 07.12.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, 25.03.2020-ci il tarixindən məcburi iş buraxma müddətinə görə əmək haqqının cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya ödənilməsi və işə bərpa olunmasının "xxxx" MMC-yə həvalə edilməsi” barədə iddia tələbi rədd edilmişdir. Həmin Qətnamədən görünür ki, İddiaçı 16 oktyabr 2019-cu il tarixdə əmək müqaviləsi bağlanılaraq "xxxx" MMC-yə məxsus dondurma sexində fəhlə vəzifəsinə qəbul edilmiş, 21 aprel 2020-ci il tarixli əmrlə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bilidirişinin surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında 16.10.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə işəgötürənin XT8 saylı, 21.04.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsi 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 21.04.2020-ci il tarixində elektron sistemə daxil edilmişdir. İş materiallarında olan Cavabdeh Firmasının məsrəf mərkəzi üzrə analitik uçot kitabının təsdiq edilmiş surətindən görünür ki, 08.01.2020-ci il tarixindən 30.04.2020-ci il tarixinədək ilin əvvəlindən yekun qalıq məbləğ 0.75 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçı 16.10.2019-cu il tarixdə əmək müqaviləsi əsasında cavabdeh müəssisədə fəhlə vəzifəsinə işə qəbul edilmiş, 21.04.2020-ci il tarixli əmrlə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam edilmişdir, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 21.04.2020-ci il tarixində elektron sistemə daxil edilmişdir, 30.04.2020ci il tarixində aprel ayı üçün iddiaçıya 250 manat əmək haqqı hesablanmışdır, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6629/2020 saylı, 07.12.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, 25.03.2020-ci il tarixindən məcburi iş buraxma müddətinə görə əmək haqqının cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya ödənilməsi və işə bərpa olunmasının "xxxx" MMC-yə həvalə edilməsi” barədə iddia tələbi rədd edilmiş və həmin qətnamə qanuni qüvvə almışdır. Bununla belə, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması halları məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin Cavabdeh MMC-nin qanunsuz hərəkəti nəticəsində işləmədiyi 5 ay ərzində hər ay üçün aldığı 250 manat, yəni 1250 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əvvəla, iddiaçının bu tələbi əmək haqqının ödənilməsi barədədir və əvvəllər də bu tələbə eynilik təşkil edən “...25.03.2020-ci il tarixindən məcburi iş buraxma müddətinə görə əmək haqqının cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya ödənilməsi...” tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. İkincisi, həmin tələb cavabdehin qanunsuz hərəkətlərindən irəli gəlməklə vurulmuş maddi ziyan kimi nəzərdə tutulduğu halda isə, bu sübutetmə vəziyyətindən asılı olacaqdır, iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıydığı halda, iş materiallarına buna dair sübutlar əlavə olunmamış, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin “pandemiya dövrü üçün ölkə vətəndaşlarına verilən 190 manat yardımın Cavabdeh MMC şirkəti tərəfindən adını işdə saxladıqlarına görə 4 ay müddətində ala bilmədiyi 760 manat məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, belə əsaslardan irəli gələn maddi təminatlara dair cavabdeh təşkilat hər hansı bir hüquq və vəzifələr daşımadığından və həmin məbləğ üzrə təminat öhdəliyi müvafiq icra hakimiyyətlərinin üzərində olduğundan, iddiaçının cavabdeh təşkilata qarşı həmin tələb üzrə subyektiv hüququ yoxdur. Digər tərəfdən, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 21.04.2020-ci il tarixində elektron sistemə daxil edilmişdir ki, bu hal da iddiaçını həmin tarixdən sonra cavabdeh təşkilatın ucbatından hər hansı mövcud sosial təminat imkanlarından məhrum olunması üçün əsas kimi nəzərə alına bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı və qanuni qeyildir. Məhkəmə, iddia tələbinin “ona vurulan maddi ziyana görə 2000 manat pulun cavabdehdən alınaraq ona verilməsi” hissəsinə və iddiaçının “ona məxsus əşyalar və paltarların cavabdeh tərəfindən yandırılması ilə ona maddi ziyan vurulmasına” dair dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar sübutetmə yükü ilə əlaqədardır, lakin iddiaçı bu hallara dair hər hansı bir sübutu məhkəməyə təqdim etməməiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, mübahisəli hüquq mübahisəsini, hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normalarına müvafiq olaraq həll edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda (eyni zamanda hər üçü olduqda) tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 195-ci maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə, işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə, əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə, əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda, əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə, işçi seksual qısnamaya məruz qaldıqda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 196-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15.07.2011-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. Bilavasitə əlaqə olmadığı hallarda tərəflərin məsuliyyəti istisna edilmir. Məhkəmə yanakı sübutların məcmusundan istifadə etməklə məsuliyyəti müəyyən edə bilər. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191.2-ci maddəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh MMC şirkətinin qanunsuz hərəkəti nəticəsində işləmədiyi 5 ay ərzində hər ay üçün aldığı 250 manat, yəni 1250 manat məbləğində pulun, pandemiya dövrü üçün ölkə vətəndaşlarına verilən 190 manat yardımın Cavabdeh MMC şirkəti tərəfindən adının işdə saxladıqlarına görə 4 ay müddətinə ala bilmədiyi 760 manat məbləğində pulun və ona vurulan maddi ziyana görə 2000 manat, cəmi 4010 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC şirkətinin qanunsuz hərəkəti nəticəsində işləmədiyi 5 ay ərzində hər ay üçün aldığı 250 manat, yəni 1250 manat məbləğində pulun, pandemiya dövrü üçün ölkə vətəndaşlarına verilən 190 manat yardımın Cavabdeh MMC şirkəti tərəfindən adının işdə saxladıqlarına görə 4 ay müddətinə ala bilmədiyi 760 manat məbləğində pulun və ona vurulan maddi ziyana görə 2000 manat, cəmi 4010 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə” iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar