Məhkəmə qərarları › İş №2(011)-1437/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1437/2022

06.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1437/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində, yeni məhəllə ərazisindəki qeyd edilən ünvan ona məxsusdur. Bu müddət ərzində ev tam tikilib başa çatmadığına görə evdə yaşayış olmamışdır. Bu yaxınlarda evini təmir edib istilik sistemini quraşdırdıqdan sonra xəbəri olub ki, ona 345.60 manat cərimə yazılmışdır. Sonradan öyrəndiyi məlumata görə xx.xx.2018-ci ildə qaz idarəsi işçilərinin növbəti baxışı zamanı, ona məxsus fərdi evdə quraşdırılmış qaz sayğacının plombu zədələndiyinə görə ona cərimə yazılıb. İddiaçı bildirir ki, qaz sayğacı küçədə yerləşir və bu vaxt ərzində sözü gedən evdə heç vaxt yaşayış olmamışdır. 30 mart 2018-ci ildə keçirilmiş baxış zamanı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 001551 saylı akt tərtib etmişlər. Həmin aktda, G-4 markalı 1002AQ**********1 nömrəli qaz sayğacının flyans birləşmələrinə vurulmuş xüsusi nömrəli plombun qırıq olduğu aşkarlanaraq qeyd edilmiş və 345.60 manat məbləğində hesabat aparıldığı və istehlakçı hesabına daxil edildiyi məlum olmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, yeni məhəllədə yerləşən evə əsassız olaraq borc kimi yazılmış 345.60 manat borcun Cavabdeh İstehsala Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, 345.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı 2020-ci il üçün borcu 345.60 manat təşkil edir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, 001551 nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsidə, yeni məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə aid sayğac laboratoriyaya göndərilmiş, qaz sayğacının yoxlanılması barədə rəyə əsasən “sayğacın sayğacın qayka-flyans plombunun qırıq olduğu aşkar olundu” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 mart 2018-ci il tarixli, 001551 nömrəli aktın surətində “sayğacın yivli birləşməsinə vurulmuş plomb qırılıb” kimi qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 345.60 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB-si tərəfindən iddiaçıya məxsus mənzilə hesablanmış 345.60 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsidə, yeni məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə hesablanmış 345.60 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar