Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1451/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında bir mərtəbəli evin 2-ci mərtəbəsində qanunsuz tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında iddiaçının xüsusi mülkiyyətində olan sahəsi 87.5 kv.m olan evdə yaşayır və ev ona məxsusdur. ünvan 3 ünvanında yaşayan (qonşusu) Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan, iddiaçıya məxsus evə bitişik evdə qanunsuz (özbaşına) olaraq yaşadığı 1 mərtəbə evin 2-ci mərtəbəsini tikir. Bu isə iddiaçının mülkiyyətində olan 1 mərtəbə evin uçulma həddinə (təhlükəsinə) gətirib çıxara bilir. Belə ki, qeyd etdiyi ünvanda yaşayan qonşusunun tikdiyi 2-ci mərtəbədən sonra evdə çökmə əmələ gəlmişdir. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən əlaqədar dövlət təşkilatlarına müraciət etmişdir. Məlum olub ki, cavabdeh tərəfindən qanunsuz olaraq tikinti işləri aparılıb. Aparılan tikinti işləri tikinti tələblərinə uyğun aparılmamış, elə bu səbəbdən də iddiaçıya zərər dəymişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyəti aparatına və Xətai rayon İcra Hakimiyyətinə etdiyi müraciətlər əsasında Xətai rayon İcra hakimiyyəti tərəfindən cavabdeh tərəfindən tikilən tikintinin qanunsuzluğu müəyyənləşdirilmiş və tikintinin aparılması dayandırılmışdır. Cavabdeh tərəfindən aparılan qanunsuz tikili dayandırılsa da sökülməmişdir. Dəfələrlə cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin sökülməsini desə də heç bir nəticə olmamış, elə bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı cavabdeh və onun vəkili Vəkil iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişlər. İşin faktiki halları: İş materiallarından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatından iddiaçıya ünvanlanan məktubdan görünür ki, müraciət nəticəsində iddiaçının qonşusu tərəfindən müvafiq icazə sənədi olmadan fərdi yaşayı evində aparılan ikinci mərtəbənin tikintisi işləri dayandırılmışdır. İddiaçının müraciətinə cavab olaraq Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən bildirilmişdir ki, ünvan 4 ünvanında tikinti işlərinin aparılması faktı öz təsdiqini tapmışdır. Cavabdehin qonşuları tərəfindən notarial qaydada ərizə təqdim edilmiş və bildirilmişdir ki, Cavabdeh 22 iyul 1991-ci il tarixdən ünvan 1 ünvanında yaşayır. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin tikinti norma və qaydalarına uyğun olubolmaması, tikinti işləri nəticəsində iddiaçıya məxsus evə ziyan dəyib-dəyməməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1, 4.2. və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4-cü və 69.5.2- 1-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmiş, ünvan 4 saylı evin yaşayış otağının tikilisinin konstruktiv elementləri üzərində yaranmış qüsurları nəzərə alaraq, həmin evə ziyan dəydiyi müəyyən edilmiş, eyni zamanda tikinti işlərinin aparılmasının iddiaçıya məxsus evdən istifadəyə maneələr yaradıb-yaratmamasının müəyyən edilməsi “tikinti-texniki obyektlərinin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid olmadığından, qərardadda qoyulmuş sualın ikinci hissəsi üzrə tədqiqat aparılmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ididaçı və cavabdeh qonşudurlar. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. İddiaçı cavabdeh tərəfindən aparılan tikinti işlərinin onun xüsusi mülkiyyətində olan yaşayış sahəsinə ziyan vurmasını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin ünvan 1 ünvanında inşa etdiyi tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1, 4.2. və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4-cü və 69.5.2-1-ci bəndlərinin tələblərinə uyğun olmamaqla yanaşı, həm də cavabdehin apardığı tikinti işləri nəticəsində iddiaçıya məxsus evə ziyan dəymişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla həmin tikilini inşa etmişdir. Aparılmış tikinti işləri nəticəsində iddiaçıya ziyan dəyməsi də nəzərə alındıqda, məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən ünvan 1 ünvanında bir mərtəbəli evin 2-ci mərtəbəsində inşa edilmiş qanunsuz tikili sökülməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 50 manat cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında bir mərtəbəli evin 2-ci mərtəbəsində inşa edilmiş qanunsuz tikili sökülsün. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 50 (əlli) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1451/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1451/2024
26.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver