Məhkəmə qərarları › İş №2(011)-146/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-146/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-146/2023 16.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. xx.xx.2021-ci il tarixdə tərəflər arasında MAS-4166 saylı, daxili lizinqi müqaviləsi (bundan sonra – Lizinq müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə və müqavilənin 1 saylı Əlavəsinə əsasən iddiaçı mülkiyyətində olan “Khazar LX” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra - Avtomobil) illik 24.5 % olmaqla, aylıq 389,61 manat ödəmək şərti ilə, 48 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Müqavilənin qiyməti 14 950 manat müəyyən edilmişdir. Avtomobil xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

2. Avtomobil cavabdehin istifadəsində olarkən Avtomobilin arxa buferinə və arxa salaskasına xəsarət yetirilmiş və nəticədə avtomobilə 312 manat dəyərində zərər dəymişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehdən 09 avqust 2021-ci il tarixli MAS-4166 saylı, “Daxilı lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 may 2022-ci il tarixə 343.69 manat gecikdirilmiş əsas, 434.39 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 274.59 manat dəbbə pulu, 312 manat dəymiş zərər, ümumilikdə 1364.67 manat borc və ödənilmiş 34.05 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 09 avqust 2021-ci il tarixli MAS-4166 saylı “Daxilı lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 may 2022-ci il tarixə 343.69 manat gecikdirilmiş əsas, 434.39 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 274.59 manat dəbbə pulu, 312 manat dəymiş zərər, inzibati xəta haqqında protokollara görə ödənilmiş 423 manat, ümumilikdə 1787,67 manat borc və ödənilmiş 34.05 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, tərəflər arasında bağlanmış "Daxili lizinq müqaviləsinə əsasən cavabdehin sifarişi ilə Avtomobil 14950 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən cavabdeh illik 24.5% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu cavabdehin hesabına ödəməyi öhdəsinə götürmüşdür, ödənilməli olan ümumilikdə 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan Avtomobil 17 may 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 312 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 09 aprel 2021-ci il tarixdə 405 manat məbləğində olmuşdur. Eyni zamanda cavabdehin 09 avqust 2021-ci il tarixli MAS-4166 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 may 2022-ci il tarixə 343.69 manat gecikdirilmiş əsas, 434.39 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 274.59 manat dəbbə pulu, ümumilikdə 1052.67 manat gecikmə borcu yaranmışdır.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat vermədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

8. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

9. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

10. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

11. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

14. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

18. Yuxarıda qeyd olunan maddi hüquq normalarında lizinq müqaviləsinin tərəflərinin öhdəlikləri konkret olaraq göstərilmişdir. İşin halları ilə müəyyən edilir ki, iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh lizinq obyekti olan Avtomobili istifadə etməklə bağlı hüququndan istifadə etmiş, lakin müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini vaxtında qaytarmaq vəzifəsini pozaraq öhdəliyini tam yerinə yetirməmişdir.

19. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsinin 4.4.3cü bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan lizin obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək vəzifəsini daşıyır.

20. İddiaçının verdiyi xx.xx.2022-ci il tarixli Maliyyə arayışında xx.xx.2022-ci il tarixə cavabdehin 343,69 manat əsas, 434,39 mükafat, 274,59 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1052,67 manat məbləğində borcunun olması göstərilmişdir.

21. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair üzərinə öhdəlik götürsə də, müqavilə ilə müəyyən edilmiş lizinq məbləğin tam qaytarmayaraq öhdəliyini pozmuşdur.

22. Lakin məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulu hissəsində qismən təmin edilməlidir.

23. Məhkəmə qeyd edir ki, qeyd edilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

24. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 274,59 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Eləcə də, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesabılanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 25 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.

25. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi həm avtomobilə dəymiş zərərin əvəzinin, həm də inzibati cərimələrə görə ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması hissəsində təmin edilməlidir.

26. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində Avtomobilə zərər vurulmuş və bunun nəticəsində avtomobilin müəyyən ehtiyyat hissələri dəyişdirilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktına əsasən ehtiyyat hissələrinə və görülmüş işlərə görə ümumilikdə 312 manat məvbləğində ödəniş iddiaçı tərəfindən edilmişdir.

27. Digər bir tərəfən iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar cavabdeh AR DYP tərəfindən inzibati qaydada cərimələnmiş və həmin cərimələrə görə ümumilikdə 423 manat məbləğində pul vəsaiti ödənilərək iddiaçıya zərər dəymişdir. Odur ki, lizinq ödənişi cavabdehdən alınmaqla yanaşı ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının çəkdiyi əlavə zərər də onlardan alınaraq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə hesab edir ki, 38,28 manat məbləğində dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 50 manat məbləğində pul iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 52%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, MAS-4166 saylı "Daxili lizinq” müqaviləsinə görə 343,69 manat əsas, 434,39 manat mükafat, 25 manat dəbbə pulu, 312 maant dəymiş maddi zərər və inzibati xəta haqqında protokollara görə ödənilmiş 423 manat pul olmaqla, cəmi 1538,08 manat məbləğində pul və 32,92 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 5,36 manat hissəsi iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 50 manat məbləğində pul vəsaitinin 43 manat hissəsi Cavabdeh, 7 manat hissəsi İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar