Məhkəmə qərarları › İş №2(011)-1470/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1470/2023

14.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1470/2023 14.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı qzının Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2689 (iki min altı yüz səksən altı) manat 20 (iyirmi) qəpik məbləğində əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ünvan 2 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi də iddiaçıya məxsusdur, bu ünvanda quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir, həmin ünvanda təmir işləri getdiyi üçün 2020-ci ilin may ayına qədər yaşayış olmamışdır, buna baxmayaraq, Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan xx.xx.2018-ci il tarixində sözügedən ünvana gəlmiş, bu ünvanda quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmişdirlər, daha sonra sayğacda guya müəyyən nasazlıqlar olmasını əsas gətirərək qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 972 manat məbləğində əsassız borc yazmışlar, məhkəmənin nəzərinə çatdırıram ki, qaz sayğacı iddiaçıya məxsus ərazidə deyil, ona məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hasarından qıraqda, yol kənarında, açıq ərazidə yerləşdiyi üçün sayğacda baş verə biləcək nasazlıqlardan ötrü heç bir halda iddiaçı cavabdehlik daşımır, bundan başqa Birliyin əməkdaşları təmsil etdiyim şəxsin məlumatı olmadan 2019-cu ilin aprel və may aylarında, 2020-ci ilin aprel ayında guya baxış keçirmiş, qazdan qeyri-qanuni istifadə edildiyini aşkar edərək ayrı-ayrı vaxtlarda akt tərtib edərək ümumilikdə 2689,20 manat məbləğində əsassız borc yazmışlar, lakin həmin vaxtlarda sözügedən ünvanda təmir işləri getdiyi üçün hər hansı istilik cihazlarından istifadə etmək zərurəti yaranmamışdır, Cavabdeh İB tərəfindən tərtib olunmuş “dəymiş ziyanın bərpasına dair” xx.xx.2018-ci il tarixli tələbnamədə guya iddiaçıya məxsus ünvanda PQ-4 tipli qaz peçinin və Kombi isitmə sisteminin olmasını, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli tələbnamələrdə isə həmin ünvanda PQ-4 tipli qaz plitəsinin, QSSQ adlı qaz cihazının və dəmir sobanın olduğu qeyd edilmişdir, lakin həmin ünvanda təmir işləri getdiyindən orda istilik cihazı quraşdırılmamışdır, təbii qaz ilə işləyən cihazlardan yalnız 1 ədəd PQ-4 tipli qaz plitəsi vardır. Sonda iddiaçının nümayəndəsi və vəkili K.R. Yaqubova iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 19 aprel 2022-ci il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 10/2018-ci il tarixdə 972,00 manat borc, 04/2019-cu il tarixdə 799,20 manat borc, 05/2019cu il tarixdə 32,40 manat borc, 04/2020-ci il tarixdə 885,60 manat borc yazılmışdır. 01/2019-cu il tarixdə 972 manat, 04/2021-ci il tarixdə 14,70 manat, 05/2021-ci il tarixdə 23 manat, 09/2021-ci il tarixdə 49 manat, 12/2021-ci il tarixdə 20 manat, 02/2022-ci il tarixdə 20 manat ödəniş edilmişdir, ünvan üzrə sayğac Zenner G4T mexaniki tiplidir, quraşdırılma tarixi xx.xx.2021-ci ildir. İş materialarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “1202AQ**********2 №-li sayğaca plastmas boru quraşdırılmışdır” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 31 oktyabr 2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 9720 m3 dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar olundu” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 30 aprel 2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 7992 m3 dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “mənzildə sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlandı” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın heablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 30 aprel 2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 8856 m3 dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 01 oktyabr 2018-ci il tarixli aktın surətindən görünür ki, istismarda olan smartkart tpli G4 markalı 1202AQ**********2 №-li qaz sayğacın 28 sentyabr 2018-ci il tarixində aparılmış təftiş nəticəsində “sayğacın çıxış plastmas borusu deşilmişdir” səbəbi ilə yararsız hesab edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2023-cü il tarixli 3/598 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Həmin Rəyə əlavə edilmiş Bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün xx.xx.2021-ci il tarixdə qaz sayğacı quraşdırılmışdır, abonentin ünvanı üzrə “qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunması” əsası ilə xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixli aktlar tərtib olunmuş, nəticədə abonentin **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 10/2018-ci il tarixdə 972,00 manat borc, 04/2019-cu il tarixdə 799,20 manat borc, 05/2019-cu il tarixdə 32,40 manat borc, 04/2020-ci il tarixdə 885,60 manat, ümumilikdə isə (972+799,2+32,4+885,6) 2689,2 manat borc yazılmışdır. Ekspertizanın gəldiyi nəticəyə görə qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyriqanuni istifadə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 2689 (iki min altı yüz səksən doqquz) manat 20 (iyirmi) qəpik məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 46 (qırx altı) manat 90 (doxsan) qəpik məbləğində dövlət rüsumu dövlət büdcəsinə, işə baxılması ilə əlaqədar məsrəf kimi ekspertiza dəyərini təşkil edən 64 (altmış dörd) manat məhkəmə ekspertizasının hesabına ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2689 (iki min altı yüz səksən doqquz) manat 20 (iyirmi) qəpik borc silinsin. Cavabdehndən 46 (qırx altı) manat 90 (doxsan) qəpik dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində pul Cavabdehndən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar