Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1483/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2017-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən 2592 kubmetr qaz sərfiyyatı üzrə hesablanmış 518,40 manat debitor borcun onun abonent hesabından silinməsi, barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən 9504 kubmetr qaz sərfiyyatı üzrə hesablanmış 216 manat debitor borcun onun abonent hesabından silinməsi, barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən 2160 kubmetr qaz sərfiyyatı üzrə hesablanmış 950,40 manat debitor borcun onun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun **********00071 saylı abonent koduna hesablanmış 1684,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır, yaşadığı fərdi evdə xeyli vaxtdır ki, təbii qazdan istifadə edir, xx.xx.2017-ci ildə Saatlı qaz sahəsinin işçiləri tərəfindən barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan üzrə 2592 kubmetr qaz sərfiyyatı hesablanmış, həmin qazın dəyəri olan 518,40 manat borc abonent saldosuna daxil edilmişdir, xx.xx.2020-ci ildə Saatlı qaz sahəsinin işçiləri tərəfindən barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan üzrə 9504 kubmetr qaz sərfiyyatı hesablanmış, həmin qazın dəyəri olan 216 manat borc abonent saldosuna daxil edilmişdir, xx.xx.2021-ci ildə Saatlı qaz sahəsinin işçiləri tərəfindən barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan üzrə 2160 kubmetr qaz sərfiyyatı hesablanmış, həmin qazın dəyəri olan 950,40 manat borc abonent saldosuna daxil edilmişdir, bildirir ki, o və ailə üzvləri tərəfindən qaz sayğacına müdaxilə edilməmişdir, tərtib edilmiş aktda qaz sayğacına istehlakçı tərəfindən müdaxilə edilmə halı göstərilməmişdir, bundan əlavə, sayğac açılıb laboratoriyaya göndərilərkən onun iştirakı təmin edilməmişdir, Saatlı şəhər qaz idarəsinə gedərək qaz idarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barəsində etirazını bildirmişdir, qaz sayğacına istehlakçı tərəfindən müdaxilə halı sübut olunmadan ədalətsiz olaraq borc şəklində öhdəlik onun üzərinə qoyulmuşdur, onun istifadəsində olan qaz sayğacı onun yaşadığı evdən kənarda yerləşdiyi üçün həmin sayğacda yarana bilən nasazlıqlardan ötrü o heç bir halda cavabdehlik daşımır, bu hal küçədən keçən istənilən şəxs tərəfindən törədilmiş ola bilər, həmçinin qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Sonda iddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə qaz sayğacı xx.xx.2020-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonentin saldosundan görünür ki, iddiaçının **********00071 saylı abonent hesabına “Qalıq və aktlar” bölməsi üzrə 11/2017-ci il tarixə 518,40 manat, 06/2020-ci il tarixinə 950,40 manat, 03/2021-ci il tarixə 216,0 manat borc hesablanmışdır. İş materiallarında olan 30.03. 2021-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, “sayğacın klapanı işlək deyil, sayğacın yivil birləşmələri deformasiyaya və korroziyaya uğrayıb, sayğacın hesablama mexanizmlərinin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plombu yuvasının ətrafı zədələnib, sayğacda ALARM-1 rejimi aşkar olunub” barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 08.06. 2020-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, “abonent sayğacdan kənar xəttdən qeyri-qanuni istifadə edir” barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, “Azəriqaz İB-nin 29/1710- 1226-1 nömrəli bildirişinə əsasən sayğacın zavod qurğuşun plombu kəsici alətlə kəsilib” barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********00071) xx.xx.2021-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 2160 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********00071) sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, itirilmiş qazın bərpası üzrə 9504 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2017-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********00071) MSK 29/1710-001226-1 saylı akta əsasən cəmi 2592 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 2020-ci ildə dəyişdirilərək yenisi ilə əvəz edilmişdir, sayğaca baxış keçirilmişdir, xx.xx.2017-ci ildə “sayğacın zavod qurğuşun plombu kəsici alətlə kəsilib” əsası ilə, 08.06. 2020-ci ildə “abonent sayğacdan kənar xəttdən qeyri-qanuni istifadə edir” əsası ilə və 30.03. 2021-ci ildə “sayğacın klapanı işlək deyil, sayğacın yivil birləşmələri deformasiyaya və korroziyaya uğrayıb, sayğacın hesablama mexanizmlərinin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plombu yuvasının ətrafı zədələnib, sayğacda ALARM-1 rejimi aşkar olunub” əsası ilə aktlar tərtib olunmuşdur, həmin aktlar əsasında iddiaçının **********00071 saylı abonent hesabına “Qalıq və aktlar” bölməsi üzrə 11/2017-ci il tarixə 518,40 manat, 06/2020-ci il tarixinə 950,40 manat, 03/2021-ci il tarixə 216,0 manat borc hesablanmışdır və hazırda həmin məbləğlər ondan tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00071) itirilmiş qazın bərpası məqsədilə yazılmış 1684,80 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manata qədər olduğundan, cavabdehdən dövlət mədaxilinə 36,84 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanı üzrə (abonent hesab nömrəsi: **********00071) Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1684 (min altı yüz səksən dörd) manat, 80 (səksən) qəpik borc silinsin. Cavabdehndən 36 (otuz altı) manat 84 (səksən dörd) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1483/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1483/2024
06.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver