Məhkəmə qərarları › İş №2(011)-149/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-149/2021

04.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-149/2021 04.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş tikililərin sökülərək mühafizə rejiminin təmin edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş tikililərin sökülərək mühafizə rejiminin təmin edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsindən keçən İddiaçı ASC-yə məxsus diametri 1200 mm olan 8-ci kilometr kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi və kollektorun mühafizə zonalarının boşaldılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Bakı şəhərı, Xətai rayonu, Ş.Səmədov keçəsindən keçən "İddiaçı” ASC-yə məxsus diametri 1200 mm olan 8-ci kilometr kanalizasiya kollektorunun mühafizə zonasında özbaşına tikili inşa etdirmişdir. Belə ki, özbaşına tikilinin inşası nəticəsində cavabdeh tərəfindən qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun və "Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı"nın, "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası- Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. Nəticədə yuxarıda adı çəkilən özbaşına tikili nəticəsində 8-ci kilometr kanalizasiya kollektorunun böyük hissəsinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrin başverməsı, çirkab suyun əraziyə axmasıyla gigiyenik təhlükənin yaranma ehtimalını artırır, başvermiş qəzaların vaxtında və operativ şəkildə qarşısının alınmasında cıddı maneələr yaradır. Məhkəmə iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 18.07.2019-cu il tarixli “mühafizə zonasının pozulması barədə” aktın surətindən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsindən keçən diametri 1200 mm olan 8-ci kilometr kanalizasiya kollektorunun üzərində və mühafizə zonasında tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı ASC-yə məxsus diametri 1200 mm olan 8-ci kilometr kanalizasiya kollektorunun mühafizə zonasında yerləşib-yerləşməməsinin müəyyən olunması məqsədi ilə üş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 05.04.2021-ci il tarixli, 96 saylı ekspert rəyinə əsasən, tədqiq olunan ərazidən diametri 1200 mm olan 8-ci kilometr kanalizasiya kollektorunun keçməsini, xəttdən 5,0 matr məsafədə müəyyən edilmiş mühafizə zolağını, cavabdehin inşa etdiyi tikililərin planlı yerləşməsini nəzərə alaraq, tədqiq olunan Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsin 10 ünvanda Cavabdeh məxsus fərdi yaşayış evi İddiaçı ASC-nin balansında olan diametri 1200 mm olan 8-ci kilometr kanalizasiya kollektorundan 7,5 metr məsafədə yerləşməklə mühafizə zonasına düşmədiyi müəyyən edildi. Lakin fərdi yaşayış evinin həyətindən İddiaçı ASC-yə məxsus 1200 mm-lik diametrli kanalizasiya kollektorunun keşdiyi və həmin evin qarşısında yerləşən daş hasar tikilisinin 24,8 metr hissəsinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. “Su təchizatı və tullantı suları haqqında’’ Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.08.2003-cü il tarixli, 109 nömrəli qərarı ilə təsdiq edilmiş "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi qaydaları"nın tələblərinə əsasən hidrotexniki qurğuların təhlükəsizliyi üzrə təsnifatından asılı olaraq onların ətrafında mühafizə zonalarının ölçüləri aşağıdakı kimi qəbul edilir: Kanallar, kollektorlar, magistral sunəqledici kəmərlər və tunellər boyu onların uburaxma qabiliyyətindən asılı olaraq: 10 kub. m/san qədər olduqda — 10 m; 10-30 kub. m/san olduqda — 25 m, 30-50 kub. m/san olduqda — 60 m, 50 kub. m/san-dən artıq olduqda — 100 m. məsafədə. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələblərinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə görə yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsində isə təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermə, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə dəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə iddiaçının qanunsuz tikilinin sökülməsi ilə bağlı iddia tədəbinə münasibətdə qeyd edir ki, qanunvericilikdə qanunsuz tikili məhfumu mövcud olmadığından müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların – yəni özbaşına tikintinin məhkəmənin qərarı əsasında sökülməsi nəzərdə tutulmuşdur. İddia tələbində mübahisə edilən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsində inşa edilmiş tikilinin, yəni evin qarşısında yerləşən daş hasar tikilisinin 24,8 metr hissəsinin Cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun, "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərinə uyğun inşa edilmədiyi, bununla da, iddiaçının hüquqlarının pozulması məhkəmə baxışı zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsindən keçən İddiaçı ASC-yə məxsus diametri 1200 mm olan 8-ci kilometr kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş evin qarşısında yerləşən daş hasar tikilisinin 24,8 metr hissəsi sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 05.04.2021-ci il tarixli, 96 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 300 manat təşkil etməklə “X2” MMCnin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə cavabdehdən ödənilməli olan 30 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə və ekspertiza tədqiqatının dəyəri 300 manat “X2” MMC-nin hesabına keçirilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC-yə məxsus diametri 1200 mm olan 8-ci kilometr kanalizasiya kollektorunun mühafizə zonasında Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsində inşa edilmiş evin qarşısında yerləşən daş hasar tikilisinin 24,8 metr hissəsi sökülsün və mühafizə zonasının boşaldılması təmin edilsin. Məhkəməyə iddia verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat tutularaq “X2” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar