Məhkəmə qərarları › İş №2(011)-150/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-150/2025

05.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-150/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1i ünvanında ailəsilə birlikdə yaşayır. İstifadə edilmiş təbii qazın dəyəri daim vaxtında ödəmişdir. Bir neçə ay bundan öncə iddiaçıya təqdim edilmiş hesabda böyük məbləğdə borcun hesablandığını görmüşdür. Bununla bağlı yerli qaz idarəsinə getdikdə orada iddiaçıya bildirmişlər ki, guya iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə edildiyi üçün iddiaçı barəsində akt tərtib edilmiş və ona 3965,76 manat məbləğində cərimə hesablanmışdır. Borcun hesablanmasına əsas olmuş sənədləri iddiaçıya təqdim etdikdə cavabdeh tərəfindən hədsiz saxtakarlığın şahidi olmuşdur. Belə ki, borcun hesablanmasına səbəb xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt olmuşdur. Abonent saldosuna baxdıqda isə aydın görmək olur ki mübahisələndirilən borc məbləği qaz hesabına 2023-cü ilin noyabr ayında işlənmişdir. Cavabdehin hərəkətlərindən belə çıxır ki, ilk olaraq iddiaçıya borc hesablanmış, daha sonra isə hesablanmış borcun cərimə kimi qələmə vermək məqsədi ilə xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Bu cür saxtakarlığa yol vermiş cavabdehdən istənilən qanunsuz hərəkətləri gözləmək olar. Cavabdehin saxtakarlığının digər sübutu ondan ibarətdir ki, cavabdeh saxta borcun hesablanması zamanı 360 gün müddət götürmüş və evimdə ümumiyyətlə mövcud olmayan və heç vaxt olmamış cihazları hesabatına daxil edərək cərimə məbləğini şişirtmişdir. Hesabatda cavabdeh iran sobası olan istilik sistemini guya 180 gün müddətində orta günlük iş rejimi 12 saat istifadə edildiyini, qeyri-standart su qızdırıcısı 360 gün müddətində orta günlük iş rejimi 12 saat götürülmüş, digər cihazlar eyniliklə absurdt müddətdə və saatda işlənilməsi kimi götürülmüşdür, sual olunur bir evdə neçə ədəd su qızdırıcı və ya istilik sistemi olmalıdır. Cavabdeh təşkilat elmə məlum olan bütün mövcud qaz işlədicilərinin hamısını iddiaçının evində işlətdiyimi bildirmişdir. Bu absurddur. 360 gün ərzində yaz və yay fəsli vardır. Cavabdehin iddiasına görə iddiaçı yaz və yay aylarında evində hər gün 12 saat iran sobasını işlədir. Cavabdehin bu gülünc, heç bir məntiqə sığmayan mövqeyini nəinki iddiaçı heç kim anlaya bilməz. Cavabdehin qanunsuz hərəkətlərindən aydın görünür ki, saxtakarlığa yol verilmiş və iddiaçıya məlum olmayan səbəblərdən cavabdeh ona 3965,76 manat borc hesablamışdır. Tərtib edilmiş saxta akt nə zaman və kim tərəfindən tərtib edildiyindən məlumatım olmamışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ona məxsus ünvan 1ində yerləşən yaşayış evinə əsassız olaraq hesablanmış 3965,76 manat borcun **********04250 saylı qaz hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə iddiaçı X1 və Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında xəstə olduğu üçün iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu: **********04250) 2023-cü il üzrə 3965,76 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 08 dekabr 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 1ində yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonentin sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etdiyi aşkar edilmişdir” kimi qeyd edilmişdir. İş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 08 dekabr 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Aşağı Cürəli kəndində yerləşən qaz işlədicilərindən, PQ-3 maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün, qızdırıcı soba (iran) maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 180 gün, Qeyri-standart su qızdırıcı maksimal saatlıq qaz sərfi 2 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün, Qənaətli su qızdırıcısı maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün, Dəmir soba maksimal saatlıq qz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 180 gün, itirilmiş qazın bərpası üçün hesabat müddəti 180 gün, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan 33048 m3-dir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 08 dekabr 2023-cü il tarixli, ******* saylı aktın surətində “abonentin sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etdiyi aşkar edilmişdir” kimi qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən qanunsuz qaz istehlak edilməsi, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 3965,76 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1ində yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********04250) ünvanına hesablanmış 3965,76 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 59.66 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********04250) hesablanmış 3965,76 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 59.66 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar