Məhkəmə qərarları › İş №2(011)-1510/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1510/2025

16.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1510/2025 16.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi və əsassız hesablanmış məbləğin iddiaçıya qaytarılması tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi və əsassız hesablanmış məbləğin iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 3622,57 manat məbləğin iddiaçının hesab kodundan silinməsi və əsassız borca görə tutulmuş 135,18 manat məbləğin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, abonentin iştirakı olmadan Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” dəymiş zərərin hesablanması və ödənilməsi barədə xx.xx.2023-cü ildə ******* nömrəli Akt tərtib edilmiş, lakin Aktın ikinci nüsxəsi abonentə verilməmişdir. xx.xx.2023-cü ildə “X1”na dair tələbnaməyə əsasən 17280 m3 dəymiş ziyanın həcmi hesablanmış va abonentin hesab koduna 2073,60 manat borc yazılmışdır. xx.xx.2023-cü ildə, gecə saatlarında, abonentin va ailə üzvlərinin evdə olmasına baxmayaraq cavabdeh “Azariqaz” İB tərəfindan ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına və küçədəki qaz xəttinə abonentin və ya ailə üzvlərinin va ya qonşuların iştirakı olmadan baxış keçirilmiş və guya sayğacdan kənar təbii qaz xətti aşkar edilmişdir. Elə həmin gün qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmişdir. Həmin akta əsasən dəymiş ziyan 12900 m3 hesablanmışdır. xx.xx.2023-cü il tarixli "X1”na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş, dəymiş ziyanın həcmi 12900 m3 hesablanmış və abonentin hesab koduna 1548 manat boc yazılmışdır. Beləliklə, cavabdeh “Azariqaz” İB abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı və imzası olmadan sayğacın çıxış borusunun deşilməsina və təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair “Dəymiş ziyan həcminin hesablanması” barədə Aktlar tərtib etmiş, həmin Akİara abonentin imza etmasindən imtina olunması qeyd olunmuş, sayğacın əsas çap vərəqi ilə impuls ötürücüsünün abonent tərəfindən ayrılmasını va qaz xəttinə sayğacdan kanar qoşulma faktını sübut etmədən abonentin hesab koduna 3622,57 manat borc yazmışdır. xx.xx.2024-cü il tarixli GASREPdən məlum olur ki, abonent xx.xx.2012-ci ildən xx.xx.2020-ci ilə qədər 12481 m3 qaz sərfiyyatına görə 1568,20 manat ödəniş etmiş və əsassız borca görə 135,18 manat tutulma olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh İB tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğacın hesablama mexanizmdən keçən qazın həcmini qeyd etmədiyi yazılmışdır. X1na dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 17280 m3 olması müəyyən edilmişdir. Abonent saldosunun “qalıq və aktlar” bölməsindən görünür ki, 2023-cü ilin iyun ayı üzrə 2073,60 manat məbləğində borc hesablanmışdır. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, 8-1 hissə. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Yuxarıda sadalanan qanunvericilik aktlarının tələbinə əsasən mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Qeyd edilənlər əsasında məhkəmə belə qənaətə gəlir edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, eləcə də, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin itirilmiş qazın dəyərinə görə hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməlidir. Yalnız istehlakçının təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcu tələb etməsi qanunsuz və əsassızdır. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı 3622,57 manat məbləğində borcun silinməsini tələb etsə də, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində akta əsasən borc kimi 2023-cü ilin iyun ayı üzrə 2073,60 manat borcun hesablandığı göstərilmiş, iddiaçı da həmin məbləğdə borcun hesablanmasına əsas olmuş sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli Akta və xx.xx.2023-cü il tarixli Tələbnaməyə əsasən yenidən 1548 manat borcun hesablandığını qeyd etsə də, həmin sənədləri məhkəməyə təqdim etməmiş və abonentin saldosunda da 2023-cü ilin avqust ayı üçün 1548 manat akt borcunun hesablandığı qeyd edilməmişdir. İddia tələbinin əsassız borca görə tutulmuş 135,18 manat məbləğin iddiaçıya qaytarılması hissəsində məhkəmə qeyd edir ki, iddiaçının adına olan “Gasrep” saldosunun “borca görə tutulma” bölməsində borca görə cəmi 135,18 manat tutulduğu qeyd edilmiş və həmin tutulmalar 2012-ci ilin sentyabr ayından başlayaraq 2014-cü ilin mart ayına qədər aparılmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı 3622,57 manat məbləğində borcun silinməsini və əsassız borca görə silinmiş 135,18 manatın qaytarılmasını tələb etsə də, yalnız 2073,60 manat borcun silinməsinə əsas olan sənədləri məhkəməyə təqdim etmiş, qalan borcun silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi yalnız 2073,60 manat borcun silinməsi hissəsində təmin edilməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi yalnız 2073,60 manat borcun silinməsi hissəsində təmin olunduğundan cavabdehdən 40,74 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: **********00000) üzrə İddiaçı hesablanmış 2073,60 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 40,74 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar