Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1514/2023 24.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı “əsassız borcun silinməsi, elektrik enerjisinin verilməsinin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 0015, 0102 saylı mənzilə hesablanmış əsassız borcun silinməsi, elektrik enerjisinin verilməsinin bərpa edilməsi və elektrik enerjisinin qanunsuz kəsilməsi nəticəsində dəymiş 1000 manat maddi və 3000 manat mənəvi ziyanın İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 22 noyabr 2018-ci ildə xüsusi mülkiyyət hüququ ilə ünvan 1 ünvanında yerləşən, sahəsi 34.36 kv.m olan, ********** qeydiyyat nömrəli mənzili əldə etmişdir. İddiaçı mənzil alınarkən müvafiq sayğaca yüklənən pulun qəbzini, evin sənədlərini və çıxarışı təqdim edərək elektrik enerjisinin verilməsi ilə bağlı sayğacın iddiaçının adına keçirilməsi ilə bağlı Asan Kommunal Xidmətinə müraciət etmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya verilən 12 yanvar 2019-cu il tarixli bildirişdə də ödəniləcək borcun olmadığı öz əksini tapmışdır. Yeni sakin mülkiyyətçi kimi iddiaçı ilə müqavilə bağlanaraq müvafiq sayğac iddiaçının adına keçirilmişdir və burada borcunun olmadığı qeyd edilmişdir. İddiaçı 4 il müddətində bu sayğacdan istifadə etmişdir. 20 noyabr 2022-ci il tarixdə iddiaçı mənzildə ikən işıq idarəsindən gələn əməkdaş mənzilin nömrəsini və hansı sayğacın mənzilə aid olduğunu soruşmuş, iddiaçı da göstərmişdir. O da işığı söndürüb yandırmaqla bunun yoxlanılmasını xahiş etmiş və iddiaçının razılığı ilə yoxlamışdır. 22 noyabr 2022-ci il tarixdə iddiaçı işdə ikən mənzildə işləyən usta ona zəng edərək gəlib işığı kəsdiklərini bildirmişdir. İddiaçı işığı kəsən elektriklə telefonla danışmış və borcunun olmadığını, sayğacın üstündə pulun olmasını bildirmişdir. Elektrik ona sənədlərə baxdıqlarını, bu mənzilə aid olan sayğacın Qabil Rzayevin adına olmasını, 2008-2012-ci illərə aid 963,52 manat məbləğində borcun olmasının qeyd olunduğunu və iddiaçının bu borcu ödəməli olduğunu bildirmişdir. İddiaçı müvafiq sənədlərlə "xxxx" ASC Xətai bölməsinin müştərilərlə iş şöbəsinə getmişdir. X2 adına 2012-ci ildə 963 manat borca görə fəaliyyəti dayandırılmış sayğacın 3 səhifədə çap edilmiş vərəqi verilmiş və borcu ödəmək təklif edilmişdir. İddiaçı borcun və bu sayğacın ona aid olmadığını bildirdikdə ona borcun ödənilməsinin yeganə çıxış yolu olması deyilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, ev 15, 102 saylı mənzil iddiaçı tərəfindən 22 noyabr 2018-ci il tarixdə əldə edilmişdir və hazırda onun mülkiyyətindədir. Ona məxsus evə gələn işıq xətti qanunsuz olaraq ümumi şəbəkədən ayrılaraq ona borcunun olduğu bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən, istehkaçılara elektrik və istilik enerjisinin paylanması üçün müvafiq icra hakimiyyəti orqanı ilə gələcək təchizatçı (paylayıcı) arasında müqavilə bağlanılır. Xüsusi icazə fəaliyyəti sahəsinin (ərazisinin) hüdudlarında enerji paylayıcısının vəzifələri: dövlət tənzimləməsinə uyğun olaraq özü verdiyi enerjinin qiymət və tariflərini müəyyən etmək, həmçinin enerjinin paylanması üçün istehlakçının energetik qurğulara qoşulmasının ümumi şərtlərini müəyyən etmək; müqavilə bağlanmış sahə (ərazi) hüdudunda istehlakçıların tələbi ilə onları energetik qurğulara qoşmaq və razılaşdırılmış qiymətlər, tariflər və şərtlər əsasında enerji ilə təchiz etmək; paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların enerjiyə tələbatını kəmiyyət və keyfiyyətcə müntəzəm ödəmək məqsədilə elektrik və istilik enerjisinin istehsalı, alınması və ötürülməsi üçün bütün tədbirləri görmək; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında sənaye sahələrinin və istehlakçıların öz ehtiyaclarından artıq istehsal etdikləri elektrik və istilik enerjisinin satın alınması. İstehlakçı özü elektrik enerjisi istehsalçısıdırsa və ya paylayıcı aşkar iqtisadi səbəblərdən (nisbətən uzun və baha başa gələn məsafəyə az miqdarda enerji ötürmək sifarişi alırsa və həmin sahənin istehlakçılarını tez şəbəkəyə qoşa bilmirsə) istehlakçını şəbəkəyə qoşmaqdan imtina edirsə, həmin istehlakçılar enerji istehsal edən, nəql edən və paylayan digər müəssisələr tərəfindən təchiz edilə bilərlər. 11-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı: “Mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin əsassız borcun silinməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, məhkəmə yerli müayinə zamanı iddiaçıya məxsus mənzildən kənarda olan sayğacların yerləşdiyi qutuya baxış keçirərək iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, ev 15, 102 saylı mənzilə bağlı olan elektrik sayğacının **********50000 saylı sayğac olmasını müəyyən etmişdir. Sayğacların yerləşdiyi qutuda üzərində 102 yazılan və **********50102 saylı sayğac da aşkar edilmişdir. Lakin o sayğacdan gedən xətlərin Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, ev 15, 102 saylı mənzilə aid olması müəyyən edilməmişdir. Belə ki, **********50000 saylı sayğacın üzərində işığın sönməsi üçün düyməyə basılarkən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, ev 15, 102 saylı mənzilə işıq verilməsi dayandırılmışdır. Beləliklə, məhkəmə **********50102 saylı sayğacın iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, ev 15, 102 saylı mənzilə aid olmadığını aşkar etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mübahisələndirdiyi 963,52 manat məbləğində borc Qabil Rzayevin adına olmuş **********50102 saylı sayğacın üzərində olmuşdur. İddiaçı mülkiyyətinə Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 1, ev 15, 102 saylı mənzili 2018-ci ildə qəbul etmişdir. **********50102 saylı sayğac üzrə mövcud olan borc 2012-ci ilədək olan dövr üzrə yaranmış borcdur. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı borcun iddiaçının ünvanına bağlı olan sayğaca aid olması və ya mənzilin iddiaçının mülkiyyətinə keçdikdən sonra yaranması halları aşkar edilmədiyindən və o borcun iddiaçının mülkiyyətində olan mənzilə aidiyyətini aşkar etmək mümkün olmadığından iddiaçının bu tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı bildirmişdir ki, özünə məxsus mənzildə o, təmir-bərpa işləri aparmışdır. Məhkəmə yerli baxış keçirən zaman bu halın şahidi olmuşdur. Belə ki, istinad olunan mənzildə ustalar təmir-bərpa işləri ilə məşğul olmuşlar. İddiaçı məhz təmir-bərpa işlərinin cavabdehin hərəkətləri nəticəsində uzanması halını göstərərək ona maddi ziyan dəydiyini bildirmişdir. Lakin maddi ziyanın konkret olaraq nədən ibarət olduğunu, hansı həcmdə xərclər çəkdiyini sübuta yetirəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə də rədd edilməlidir. Məhkəmə iddia tələbinin 3000 manat mənəvi ziyanın tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, yuxarıda istinad olunan kimi iddiaçının mənzilində təmir-bərpa işləri aparılmışdır. İddiaçı cavabdehin hərəkətləri nəticəsində dəfələrlə işıq idarəsinə getmək məcburiyyətində qalmış, orada yaranmış mövcud vəziyyətlə bağlı sarsıntılar keçirmişdir. Hazırkı iş məhkəmənin icraatında olan zaman elektrik enerjisinin verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin üzərinə qoyulması barədə müvəqqəti təminat tədbirinin görülməsi ilə bağlı qərar çıxarılmasına baxmayaraq cavabdeh təşkilat iki dəfə iddiaçının ünvanına gələn işığı kəsmişdir. Bu halların araşdırılması və aradan qaldırılması ilə bağlı da iddiaçı psixoloji sarsıntılar keçirmişdir. Baş vermiş hadisə iddiaçının şüuruna təsir göstərməklə onda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə yuxarıda sadalananlara qiymət verərək, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 300 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsindən mənəvi ziyana görə 300 manat pul vəsaiti alınıb İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsindən mənəvi ziyana görə 300 (üç yüz) manat pul vəsaiti alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1514/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1514/2023
24.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver