Məhkəmə qərarları › İş №2(011)-1514/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1514/2024

23.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1514/2024 23.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin onda tələb etdiyi 509,22 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsaəsn X10 mülkiyyətində olan ünvan 2-də yerləşən yaşayış evini İddiaçı satmışdır. Həmin ünvanda işıqdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və iddiaçı tərəfindən işıq sayğacına heç zaman müdaxilə olunmamışdır. xx.xx.2008-xx.xx.2012-ci il tarixli **********70501 saylı "xxxx" ASC-nin abonent saldosuna əsaəsn işıqdan istifadəyə görə borc 509,22 manat tələb etməsi tamamilə qanunsuzdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, mənzili aldığı vaxt borc olmuş, həmin vaxtı məlumatı olmamışdır. Borc əvvəlki mülkiyyətçiyə aid borcdur. İddiaçı öz istehlak etdiyi elektrik enerjisinin dəyərini ödəmişdir. Ondan tələb olunan borc əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Nümayəndə həmçinin izahatında bildirmişdir ki, təcrübədə belə dondurulmuş borclar çox olmuşdur. Belə borclar Bakı Elektrik Şəbəkəsinin dövrünə aiddir. "xxxx" ASC yarandıqdan, yəni 2017-ci ildən sonrakı maliyyə arayışlarını təqdim edə bilirlər. Həmin borclar 2017-ci ildən əvvələ aid olduğundan, sistemdə dondurulmuş borc kimi qalır və iddia müddəti də keçdiyindən borcun silinməsini tələb etmirlər. Hazırkı mülki iş üzrə silinməsi tələb olunan borc iddiaçıya aid deyil, əvvəlki istehlakçıdan qalan dondurulmuş borcdur. İddiaçının aktiv borcu deyildir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunan abunə haqqında çıxarışdan görünür ki, ünvan 1 ünvanında abonent X3 (abunə kodu:**********70501) 2012ci il üçün borcu 509,22 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq olunmuş 22 fevral 2023-cü il tarixli AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X5 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 22.49 kv/m olan mənzili alıcı İddiaçı 35000 manata satmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 75 saylı MKİS-i tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Qaçaq Nəbi küçəsi, 12 saylı evin 87 saylı mənzilində qeydiyyasız mənzilin sahibidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydalarının” 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi, onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. “X1 Qaydalarının” 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələbinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və mülki iş materialları ilə təsdiq olunur ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 2, ev 15, 501 saylı mənzili iddiaçı 22 fevral 2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. İddiaçıdan tələb olunan 509,22 manat borc mənzilin əvvəlki mülkiyyətçisinə 2017-ci il tarixdən əvvəlki dövrə aid olmuş, bu hal iş materialları və cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq edilmişdir. Beləliklə, hesablanmış borcun iddiaçının X1si nəticəsində yaranmadığı sübuta yetirilmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya məxsus mənzillə bağlı hesablanmış 509,22 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanına hesablanmış 509,22 manat məbləğini silmək vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar