Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1540/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «Azəriqaz» İB-yə qarşı borcun silinməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi ev 88, 3 saylı mənzilə hesablanmış 666 manat əsassız borcun “Azəriqaz” İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi ev 88, 3 saylı mənzildə ailəsi ilə birgə yaşayır, yaşadığı evdə iki dəfə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qaz sayğacları yenisi ilə əvəz edilmişdir, belə ki, 24.03.2018-ci il tarixdə və 27.04.2020-ci il tarixdə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən onun istifadəsində olan qaz sayğacı yenisi ilə əvəz edilmişdir, hər iki sayğac smart tipli olmuşdur, yeni sayğacdan bir müddət istifadə etdikdən sonra ona bildirmişlər ki, guya tərəfindən əvvəlki iki ədəd qaz sayğacına müdaxilə olunduğu üçün ona ümumilikdə 666 manat məbləğində cərimə hesablanmışdır, ona bildirmişlər ki, sayğaclar dövlət yoxlamasından keçirilmiş, yoxlama nəticəsində 24.03.2018-ci il tarixdə çıxarılmış qaz sayğacının keçən qazın həcmini qeyd etmədiyinə görə akt tərtib edilərək 450 manat, 27.04.2020-ci il tarixdə çıxarılmış qaz sayğacının elektron göstəricisinin mexaniki göstəricidən artıq olduğuna görə akt tərtib edilərək 216 manat məbləğində cərimə hesablanmışdır. Göründüyü kimi, guya tərəfindən hər iki sayğaca müdaxilə olunduğu üçün ona ümumi məbləğdə 666 manat əsassız cərimə hesablanmışdır, tərəfindən qaz sayğacına müdaxilə edilməmiş, qaz sərfiyyatına görə ödənişləri vaxtlı-vaxtında aparmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, sayğaclara baxış keçirilərkən qüsur aşkarlanmış və akt tərtib olunmuş, bununla bağlı itirilmiş qaz sərfiyyatına görə cərimə hesablanmış, tərtib olunmuş hər iki akt üzrə itirilmiş qaz sərfiyyatına 310 manat və 216 manat borc hesablanmış və həmin borc məbləği də iddiaçıdan tələb edilir. Sonda N.V.Vəliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 24.03.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvanda “İtron G-4” markalı qaz sayğacı çıxarılaraq, yeni “İtron G-4” markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27.04.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvanda “İtron G-4” markalı qaz sayğacı çıxarılaraq, yeni “İtron G-4” markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan 16.12.2020-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı **********00030 saylı abonent hesabına 12/2018-ci il üçün 310 manat, 07/2020-ci il üçün isə 216 manat borc hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.07.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “Azəriqaz” İB-nin 29/1710- 01131-1 saylı aktına əsasən 1802AZ**********79 saylı sayğacın elektron göstəricisinin mexaniki göstəricidən artıq olması barədə qeyd aparılmış, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında ******* saylı Aktdan görünür ki, “Azəriqaz” İB-nin 29/1710-01747-4 saylı aktına əsasən 1202AQ**********9 saylı sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi barədə qeyd aparılmış, hesablanmış qaz sərfinin miqdarı 3100 m3 hesablanmışdır. İş materiallarında olan «Azəriqaz» İB-nin 30.07.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 2160m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir, çıxarılmış sayğaclar dövlət yoxlamasından keçmiş, sayğacların qüsurlu olmasına görə itirilmiş təbii qaz sərfiyyatına görə aktlara müvafiq olaraq 310 manat və 216 manat (216+310), cəmi 526 manat borc hesablanmış, həmin məbləğ iddiaçının abonent hesabına borc kimi daxil edilməklə ondan tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda, iddiaçı borc məbləğinin silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi qismən təmin edilməli, «Azəriqaz» İB tərəfindən İddiaçı itirilmiş qazın bərpası üzrə hesablanmış 526 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı **********00030 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 526 (beş yüz iyirmi altı) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1540/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1540/2021
03.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver