Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1552/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ona ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair hesablanmış 966 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, ünvan 2 ünvanında yaşayır, cavabdehlə olan müqaviləyə əsasən, həmin ev smart tipli sayğac quraşdırılaraq qazla təchiz edilmişdir, bir müddət sonra “Azəriqaz” İB tərəfindən ona əsassız olaraq 966 manat borc hesablanmışdır, borcun yaranma səbəbini öyrənmək məqsədilə birliyə müraciət etdikdə isə həmin yaşayış evinə gedən kənar xəttin aşkar edilməsinə görə yaranmış qaz itkisi barədə akt tərtib olunduğu ona məlum olmuşdur, lakin bu barədə cavabdeh tərəfindən ona heç bir sənəd təqdim edilməmişdir, iddiaçı əsassız hesablanmış borcun silinməsi tələbi ilə “Azəriqaz” İB-nə müraciət etdikdə onlar müvafiq sənədləri təqdim edərək, borcun silinməsindən imtina etmişlər, hətta 28.02.2019-cu il tarixində həmin evə baxış keçirilən zaman onun iştirakı təmin edilməmiş, evdə hər hansı kənar xətt olmadığı halda, belə bir xəttin olması göstərilmişdir, halbuki, “Azəriqaz” İB-nin əməkdaşları heç vaxt həmin evin həyətində olmamış, heç bir qanunsuz kənar xətt aşkar etməmişlər, bu səbəbdən ona əsassız olaraq hesablanmış 966 manatın tələb edilməsi qanunsuzdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda yerləşən sayğaca “Azəriqaz” İB-in əməkdaşları tərəfindən baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etdiyi aşkar olunmuş, bu barədə akt tərtib olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır, iddiaçının abonent hesabına 966 manat borc hesablanmış və həmin məbləğ iddiaçıdan tələb olunur. Sonda R.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.11.2020-ci il tarixli Gasrep sənədindən görünür ki, iddiaçının **********00123 nömrəli abonent hesabına 2020-ci ilin noyabr ayı üzrə 972 manat borc hesablanmış, borca görə tutulma 6 manatdır, cari borc 966 manat təşkil edir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2019-cu il tarixli ******* saylı akta əsasən, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etməsi barədə nöqsan aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi barədə qeyd əks olunmuşdur. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” 28.02.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, **********00123 saylı abonent kodu üzrə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və itirilmiş qazın bərpası üzrə 9720 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 10/1120 nömrəli 08.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq, ünvan 2 ünvanına təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı kənar qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğacdan kənar, təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən akt tərtib edilmiş, həmin ünvanda təbii qazın itirilməsi barədə və onun dəyəri kimi 2020-ci ilin noyabr ayı üzrə 972 manat borc hesablanmış, həmin məbləğdən 6 manat borca görə tutulmuşdur, hazırda iddiaçının qalıq borcu 966 manatdır və bu məbləğ ondan tələb edilir. Bununla belə, iddiaçının sayğaca müdaxilə etməsi halları məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 966 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, cavabdehin “borcun yaranmasının əsası kimi qaz sərfiyyatına görə İddiaçı abonent hesabına 966 manat borc hesablanması barədə tərtib edilmiş ******* saylı akta və həmin akt əsasında 28.02.2019-cu il tarixdə tərtib edilmiş tələbnamənin qanuni olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, həmin akt və tələbnamə abonentin hesabına təbii qazın bərpası məqsədilə əlavə olunmuş borcun yaranması üçün əsas kimi məhkəmə tərəfindən qəbul oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə, iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi halları müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, İddiaçı **********00123 saylı abonent koduna «Azəriqaz» İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 966 manat silinməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia təmin olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin məhkəməyə verilməsi məqsədilə nəzərdə tutulan 30 manat dövlət rüsumu və işə baxılması ilə əlaqədar məsrəf kimi ekspertiza dəyərini təşkil edən 100 manat müvafiq olaraq dövlət büdcəsinə və məhkəmə ekspertizasının hesabına cavabdehdən alınaraq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24.11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00123 saylı abonent koduna «Azəriqaz» İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 966 (doqquz yüz altmış altı) manat məbləğində borc silinsin. «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul «Azəriqaz» İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1552/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1552/2021
30.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver