Məhkəmə qərarları › İş №2(011)-156/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-156/2025

24.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-156/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçının atası X9 02 sentyabr 2006-cı il tarixdə vəfat etmişdir. Onun ünvan 1 ünvanında ümumi sahəsi 17.7 kv.m olan fərdi yaşayış evi olmuşdur. Atası sağlığında həmin əmlaka dair mülkiyyət hüququnu dövlət qeydiyyatına alınması barədə Abşeron rayon X3 və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Abşeron Rayon İcra hakimiyyətinin 01 dekabr 1992-ci il tarixli 620 saylı sərəncamı əsasında, 21595 reyestri ilə, 606 nömrə ilə qeydə alınmış "qeydiyyat vərəqəsi" ni almışdır. Onun vərəsələri iddiaçı, anası, cavabdeh qardaşı Cavabdeh və X13 olmuşdur. Qardaşı Cavabdeh hələ atasının sağlığında onlardan uzaqlaşmış, faktiki olaraq harada yaşadığı onlara məlum olmamışdır. xx.xx.2023-cü il tarixdə anası X10 müvafiq sənədlərlə ünvan 3sinə müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün ünvan 1 Yeni qaydalarla: AZ1018 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum atası X8 məxsus olması haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Vərəsəlik işinin gedişatında anası X10 atasından miras qalmış qeyd etdiyi əmlakdan ona düşən miras payını ona bağışlama etmiş, onunla anası arasında xx.xx.2023-cü il tarixdə miras payın bağışlanması haqqında müqavilə bağlanmışdır. X2 qeyd etdiyi miras əmlakdan imtina etməsi barədə 07 oktyabr 2023-cü il tarixdə imtina ərizəsi vermişdir. Bütün vərəsəlik işinin gedişatında cavabdeh qardaşı qeydiyyat ünvanına göndərilmiş bildirişlərə baxmayaraq o vərsəlik işində iştirak etməmiş, miras payını qəbul etməsi barədə ərizə ilə heç bir formada notariat kontoruna müraciət etməmişdir. O ümumiyyətlə onlardan uzaqda yaşamış, aralarında gediş-gəliş olmamışdır. Onun faktiki ünvanı məlum olmamışdır. Valideynlərinə də iddiaçı baxmışdır. ünvan 3sinin xüsusi notariusu X11 tərəfindən mənə verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə xx.xx.2006-cı il tarixdə vəfat etmiş atası X6 miras əmlakından 5/6 hissədə pay almalı olduğu göstərilmişdir. Həmin şəhadətnamədə həmçinin miras əmlakdan 1/6 hissədə payın açıq saxlanıldığı qeyd olunmuşdur. Həmin qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında ünvan 1 Yeni qaydalarla: AZ1018 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışda onun 5/6 hissənin, atası adına 1/6 hissənin açıq qaldığı qeyd olunmuşdur. Anası xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavabdeh heç anasının dəfn mərasiminə belə gəlməmişdir. Göründüyü kimi cavabdeh qanun üzrə vərəsə kimi vaxtında miras payının qəbul etməsinə dair notariat ofisinə müraciət etməmişdir. Ümumiyyətlə ona edilən bütün xəbərdarlıq və bildirişlərə məhəl qoymamışdır. Bu isə ümumi sahəsi 17.7 kv.m olan kiçik bir evdən onun 5/6 hissədə payımla bağlı mülkiyyətçi kimi hüquqlarımı həyata keçirməyə maneə olur. Yaşayış sahəsi çox kiçik olduğu üçün fərdi yaşayış evinin narurada bölgüsü isə texniki cəhətdən qeyri-mümkündür. Açıq qalmış 1/6 hissə onun 5/6 hissədə olan mülkiyyət hüququnun tam həyata keçirməyinə maneə olur. Həmin əmlakla bağlı nə alqı-satqı, nə də ki bağışlama edə bilmir. Cavabdeh isə mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişdir. Notariusun müraciətlərinə məhəl qoymamışdır. Bu yaxınlarda ünvan 3sinə müraciət edərək Cavabdeh çatası açıq saxlanılan 1/6 payın ona verilməsini xahiş etmişdir. Lakin həmin notariat ofisi ona xx.xx.2024-cü il tarixli imtina məktubu vermişdir. Notariat ofisinin eyni tarixli məktubu ilə vəkil sorğusu əsasında vərəsəlik işinin surəti təqdim edilmişdir. Aşaşğıdakılara əsasən hesab edirəm ki, mərhum atası X6 miras əmlakından Cavabdeh çatası 1/6 payın ona verilməsi barədə qətnamə qəbul edilməlidir.

İddiaçının tələbi:

2. Mərhum atası X4 miras qalmış ünvan 1 Yeni qaydalarla: AZ1018 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakından Cavabdeh çatası 1/6 payın iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. xx.xx.2024-cü il tarixldə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək işə mahiyyəti üzrə baxaraq, iddiaçının və cavabdehin mərhum atası X4 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2-ci Zeytun Savxozu, ev 121; Yeni qaydalarla: AZ1018, Bakı şəhəri, Xətai rayonu, 25 ci Dənizkənarı küçəsi, 81A ünvanda yerləşən, sahəsi 17.7 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh çatası 1/6 hissədə payın cuzi hissə təşkil etdiyi nəzərə alınmaqla, iddiaçı tərəfindən həmin hissəyə görə cavabdehə kompensasiya ödənilməsi və həmin hissənin iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı: 4.Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı heç bir etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş №7168463 saylı arayışa əsasən ünvan 4 ünvanında yalnız İddiaçı qeydiyyatdadır.

8. AZ-İİ №392238 saylı “ölüm haqqında şəhadətnamə”yə əsasən X10 xx.xx.2023-cü il tarixli vəfat etmişdir.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2-ci Zeytun Savxozu, ev 121 (Yeni qaydalarla: AZ1018, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi İddiaçı məxsusdur və xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, fərdi yaşayış evinin 1/6 pay hissəsi X8 məxsusdur, lakin dövlət qeydiyyatına alınmamışdır.

10. ünvan 3sinin xx.xx.2024-cü il tarixli qərarına əsasən mərhum X6 vərəsəsi Cavabdeh çatası açıq saxlanılan 1/6 payın mərhum X6 vərəsəsi İddiaçı verilməsindən imtina edilmişdir.

11. ünvan 3sində 8İ-11928 №-si ilə qeydə alınmış ərizəyə əsasən X13 mirasın ona çatası hissəsindən imtina etmişdir.

12. xx.xx.2023-cü il tarixli “Miras payın bağışlanması müqaviləsi”nə əsasən X10 (əvəzinə X7) xx.xx.2006-cı il tarixdə vəfat etmiş əri X4 qalmış əmlakdan ona düşən miras payından İddiaçı bağışlamışdır.

13. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4781-9/4895 saylı məhkəmə tikinti-texniki, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 1-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, paylara düşən sahə (yaşayış və yardımcı sahə) az təşkil etdiyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin paylara uyğun naturada təcrid şəklində bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti Pexniki X1 tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.

15. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 0145 saylı rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2-ci Zeytun Sovxozu ev 121 (Yeni qaydalarla: AZ1018, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin bir kvadrat metrinin bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 700 (yeddi yüz) manat müəyyən olunur.

16. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

18. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il tarixli Qərarı.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarı.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 117.2. Bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

24. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı və cavabdehin ataları X9 02 sentyabr 2006-cı il tarixdə vəfat etmiş, (§8) ondan hər iki tərəfə ünvan 1 ünvanında ümumi sahəsi 17.7 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. ünvan 3sinin xüsusi notariusu X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə xx.xx.2006-cı il tarixdə vəfat etmiş X6 miras əmlakından 5/6 hissədə pay iddiaçıya məxsus olduğu, miras əmlakdan 1/6 hissədə payın açıq saxlanıldığı qeyd olunmuşdur. (§10) Həmin qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında ünvan 1 Yeni qaydalarla: AZ1018 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, çıxarışda iddiaçının 5/6 hissənin, atası adına 1/6 hissənin açıq qaldığı qeyd olunmuşdur. (§9) Cavabdeh qanun üzrə vərəsə kimi vaxtında miras payının qəbul etməsinə dair notariat ofisinə müraciət etməmişdir.

25. Məhkəmə mülki qanunvericilyin vərəsəliyin qəbulu ilə bağlı müddəalarına, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən (§21) hesab edir ki, cavabdehin ünvan 1 Yeni qaydalarla: AZ1018 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evin1/6 hissəsinə mülkiyyət hüququ mövcduddur və hazırki mülki iş üzrə o iddiaya cavab verməli olan şəxsdir.

26. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin miras əmlakı ilə bağlı hər hansı hərəkət etməməsi, mübahisəli əmlak üzrə paylı mülkiyyət hüququnun mövcud olması, mülkiyyətində olan əmlakla bağlı iddiaçı ilə aralarında mübahisənin olması, iddiaçının mülkiyyət hüququnu pozması halları şübhə doğurmur və ədalət mühakiməsini həyata keçirən məhkəmə hazırki mübahisəni həll etməlidir.

27. Belə ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. MM-in 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur

28. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

29. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.

30. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (MM-in 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.

31. MM-in 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

32. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (MM-in 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda.

33. Məhkəmə araşdırması zamanı cavabdehin həmin əmlakda payının cüzi olduğu (17,7 kv.m-in 1/6 payı (§9)), naturada ayrılması mümkün olmadığı (§14), ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadığı müəyyən edilmişdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. (§20)

35. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. (§20)

36. Mülki iş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 0145 saylı rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2-ci Zeytun Sovxozu ev 121 (Yeni qaydalarla: AZ1018, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin bir kvadrat metrinin bəzar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 700 (yeddi yüz) manat müəyyən olunur. (17,7:6=2,95; 2,95x700=2065)

37. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, cavabdehin mülkiyyət hüququna xitam verilməsi müqabilində onlara 2065 manat məbləğində kompensasiyanın ödənilməsi hazırkı mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Odur ki, iddia göstərilən hissədə təmin edilməlidir.

Məhkəmə xərcləri:

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

39. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən məhkəmə xərclərinə və ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 100 manat məbləğində olmaqla, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

40. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. İddiaçı tərəfindən 2065 (iki min altmış beş) manat məbləğində pul kompensasiyası verilməklə, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 2-ci Zeytun Sovxozu ev 121 (Yeni qaydalarla: AZ1018, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqları itirilmiş hesab edilsin.

3. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat Cavabdeh tərəfindən X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

4. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar