Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1560/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun və sayğac dəyərinin silinməsi, pulun geri qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 738,9 manat məbləğində borcun, sayğacın dəyəri olaraq tələb olunan 235.88 manat pulun silinməsi və ödədiyi 150.37 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 1 saylı yaşayış sahəsi ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin fərdi yaşayış evinə dair “Cavabdeh” İB ilə iddiaçının arasında qazın alğı-satqısına dair müqavilə bağlanmışdır və fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. İddiaçı qaz sayğacının kartı vasitəsilə pul yükləyərkən kartın blokda olduğunu görmüş, cavabdehə müraciət etdikdə sayğaca müdaxilə olunduğu ona bildirilmişdir. Nəticədə itirilmiş qaz sərfiyyatına görə iddiaçının abonent koduna 738,9 manat borc yazılmışdır. İddiaçı evdə quraşdırılan sayğaca heç bir müdaxilə etməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, fərdi yaşayış evinə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. İddiaçıya yazılan cərimə məbləğindən sonra onun balansına yüklədiyi məbləğlərin 50 % miqdarı təyin edilmiş borc hesabına balansından silinmişdir. Belə ki, 2020-ci ilin aprel ayına abonentin 728.9 manat borcu mövcud olmuşdur. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2017-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək abonentin hesabından 150.37 manat məbləğində tutmalar aparılmışdır. İş materiallarına əlavə edilmiş sayğacların qiymət cədvəlindən görünür ki, abonentin sayğacının qiyməti 235.88 manat təşkil etmişdir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 728.9 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. xx xxxx 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 1 saylı yaşayış sahəsi ünvanında yerləşən fərdi yaşayış evinə yerli baxış keçirilərkən başlanğıc nöqtəsini sayğacdan götürən qaz xəttinə əlavə kənar xəttin qoşulmadığı müəyyən edildi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 728.9 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə sayğac dəyəri olan 235.88 manat pulun silinməsi hissəsinə qiymət verərək hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən sayğac dəyərinə görə tələb olunan 235.88 manat pulun silinməsi barədə iddia tələbi də təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən 50% tutulması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Odur ki, iddia bu hissədə də təmin edilməli, cavadehin iddiaçının abonent hesabından sildiyi 150.37 manat mələğində pul iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan, və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********03930 saylı abunə koduna hesablanmış 738.9 (yeddi yüz otuz səkkiz manat doxsan qəpik) manat məbləğində borc və sayğac dəyərinə görə tələb olunan 235.88 (iki yüz otuz beş manat səksən səkkiz qəpik) manat silinsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 150.37 (yüz əlli manat otuz yeddi qəpik) manat məbləğində pul iddiaçıya geri qaytarılsın. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1560/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1560/2021
02.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver