Məhkəmə qərarları › İş №2(011)-1564/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1564/2023

26.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1564/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 323,80 manat borcun tutularaq (abonent kodu: **********960) və ödənilmiş 30 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.H.Hümmətov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu: **********960) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidməti göstərilir, cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2022-ci il tarixinə abonentin 323,80 manat borcu yaranmışdır, iddiaçı tərəfindən borcun ödənilməsi məqsədilə ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir, abonentin istifadə etdiyi xidmətlərin dəyəri su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır, həmin ünvana xx.xx.2016-cı il tarixdə CSS- 20 markalı sayğac quraşdırılmışdır. Sonda N.H.Hümmətov iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Ətraflı abonent kartı”nın əsli ilə düz surətindən görünür ki, abonent kodu: **********960 üzrə Cavabdeh su və çirkab su axıdılması xidmətindən xx.xx.2013-cü il tarixli 16119184 saylı müqavilə üzrə istifadə edir, ünvan üzrə su və çirkab borcu cəmi 368,80 manat, ödəniş 45 manat, qalıq 323,80 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Xəbərdarlıq” məktubundan görünür ki, İddiaçı ASC-nin Xətai rayon Sukanal İdarəsi rəisi tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixinə istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə İddiaçı ASC-yə 323,80 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yarandığı bildirilmiş, yaranmış borcla əlaqədar xəbərdarlıq edilərək borcun 7 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ev 4, mənzil 96 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia tələbi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Ətraflı abonent kartı”nın əsli ilə düz surətindən görünür ki, abonent kodu: **********960 üzrə Cavabdeh su və çirkab su axıdılması xidmətindən xx.xx.2013-cü il tarixli 16119184 saylı müqavilə üzrə istifadə edir, ünvan üzrə su və çirkab borcu cəmi 379,80 manat, ödəniş 245 manat, qalıq 134,80 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ev 4, mənzil 96 ünvanında **********960 saylı abonent kodu ilə xx.xx.2013-cü il tarixli 16119184 saylı müqaviləsi əsasında su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadə edir, o, xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir, cavabdeh tərəfindən məhkəmə prosesi dövründə ödəniş olunmuşdur, onun xx.xx.2023-cü il tarixə iddiaçıya olan borcu 134,80 manatdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddiaçının nümayəndəsinin cavabdehin borc məbləği barədə izahatını, o cümlədən, məhkəmə iclasında məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli ətraflı abonent kartını nəzərə alaraq, borc məbləğini iddia tələbində göstərilən məbləğə uyğun olaraq deyil, abonent kartında göstərilən məbləğ həddində (134,80) müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasinin Qanununun 59-cu maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Həmin Qanunun 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifələrindən biridir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 134,80 manat pul məbləği tutularaq abonent koduna ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, iddianın təmin edilmiş hissəsi (1000 manatdan az) nəzərə alımaqla iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 134 (yüz otuz dörd) manat 80 (səksən) qəpik borc və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar