Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1567/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ona qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə 926,63 manatın, 235,88 manat sayğac dəyərinə görə tələb olunan borc məbləğinin silinməsi və borca görə əsassız olaraq tutulmuş 1386,37 manatın geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 03.03.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ona məxsus **********00040 saylı abonent koduna əsassız hesablanmış 1944 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, hazırda Bakı şəhər Xəzər rayonu, Binə qəsəbəsi, 1 nömrəli sahə ünvanında yerləşən 1 saylı evin 4 saylı mənzilində yaşayır, cavabdehlə bağlanan alqı-satqı müqaviləsi nəticəsində ona məxsus fərdi yaşayış evində Smart tipli, G4 markalı qaz sayğacı quraşdırılmışdır, sayğaca pul məbləği yükləmək istəyərkən kartın blokda olduğunu görmüş, regional qaz satış departamentinə müraciət edikdə isə ona itirilmiş qaz sərfiyyatına görə 1944 manat ödənilməsi bildirilmişdir, tərəfindən təbii qazdan istifadəyə görə yaranmış borclar aybaay gecikdirilmədən ödənilmiş və sayğaca hər-hansı kənar müdaxilə edilməmişdir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, sayğaca baxış keçirilərkən qüsur aşkarlanmış və akt tərtib olunmuş, tərtib olunmuş aktda sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd olunmuşdur, bununla bağlı itirilmiş qaz sərfiyyatı ilə bağlı 1944 manat cərimə borcu İddiaçı abonent koduna hesablanmış və həmin məbləğ də ondan tələb edilir. Sonda N.V.Vəliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan, «Azəriqaz» İB-nin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 24.05.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus **********00040 saylı abonent kodu üzrə İtron “G-4” markalı 1002AQ**********6 nömrəli sayğac yeni İtron “G-4” markalı 1809AZ**********07 nömrəli sayğacla əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27.07.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Azəriqaz İB-in MSK 29/1710-00645 saylı rəyinə əsasən sayğacın çıxış plastmas borusu deşilməsi nöqsanı və dəymiş ziyanın hesablanması və ödənilməsi tələbi barədə qeyd aparılmışdır. İş materiallarında olan «Azəriqaz» İB-nin 27.07.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, qanunsuz istifadə olunmuş qazın dəyərinin hesablanması qaydalarının tələblərinə uyğun aparılmış hesabata əsasən **********00040 saylı abonent kodu üzrə sayğacdan itirilmiş qaz sərfiyyatının bərpası üzrə 9720 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 07.12.2018-ci il tarixli gasrep sənədindən görünür ki, iddiaçının **********00040 saylı abonent hesabına 10/2018-ci üçün 1944 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzləşdirilmiş, köhnə sayğacın çıxış plastmas borusunun deşilməsi əsası ilə akt tərtib edilmiş və itirilmiş qazın bərpası məqsədilə 1944 manat borc iddiaçının abonent hesabına yazılmış və həmin məbləğ də ondan tələb edilir. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına itirilmiş qazın bərpası məqsədilə hesablanmış 1944 manat məbləğində borc silinməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00040 saylı abonent koduna cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1944 (min doqquz yüz qırx dörd) manat məbləğində borc silinsin. «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1567/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1567/2021
03.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver