Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-157/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, o, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, Döngə 1, ev 5 ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Bir neçə ay bundan öncə ona məlum olmuşdur ki, yaşadığı evə 1855.60 manat məbləğində cərimə hesablanmışdır. Evində olan sayğac və qaz hesabı rəhmətlik babası Ağayev X1 adınadır. Babası xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. Həmçinin onu da qeyd etmişdir ki, atası da X2 xx.xx.2001-ci ıl tarixdə vəfat etmişdir. Cərimə ilə bağlı yerli qaz idarəsinə müraciət etdikdə ona bildirmişlər ki, guya 1980-ci ildə vəfat etmiş babası təbii qazdan sayğacdan kənar istifadə etdiyi üçün onun barəsində 2016-cı ilin dekabr ayında 358 manat, 2018-ci ilin yanvar ayında 863.40, fevral ayında 237.60, mart ayında 200.80, aprel ayında 131 və may ayında 64.80 manat, ümumilikdə isə 1855.60 manat məbləğində cərmə hesablanmışdır. Bu qanunsuz aktlarla razılaşmadığını bildirsə də, dediklərinə məhəl qoyan olmamışdır. Qanunsuz cərimənin hesablanması azmış kimi cavabdeh təşkilat yenə də qanunsuz olaraq onun razılığı və məlumatı olmadan həmin borcun ödənişinə smart kartından tutulmalar aparmışdır.Cavabdeh təşkilat 40 il bundan öncə vəfat etmiş şəxsin adına davamlı olaraq aktlar tərtib edir və bu azmış kimi bütün aktların “istehlakçının nümayəndəsi" bölümünün qarşısına babasının adını yazaraq guya aktı imzalamaqdan imtina etdi qeydləri aparılmışdır. Bu axı heç bir hüquqa sığmır və cavabdehin qanunsuz əməllərinin sübutudur. Cavabdeh vəfat etmiş şəxsin adına saxta aktlar tərtib edir və həmin aktlarda rəhmətliyin aktı imzalamaqdan imtina etdiyini qeyd edir. O, və ailə üzvləri heç vaxt təbii qazdan qanunsuz istifadə etməmişlər. Belə ki, abonent saldosuna da baxdıqda açıqaydın görmək olur ki, onlar təbii qazdan istifadəyə görə daim artıqlaması ilə ödənişlər aparmışlar. Bundan başqa hansı qanuna əsaslanaraq aktın tərtib edilməsi və cərimənin hesablanması həyata keçirilmiş, ona məlum deyil. Tərtib edilmiş saxta aktdan nə onun, nə də ki, digər ailə üzvlərinin məlumatı olmamışdır. Bütün bunların qanunsuz və əsassız olmasını bildirməsinə baxmayaraq İstehsalat Birliyinin əməkdaşları onun bu iradlarına, tələblərinə məhəl qoymamışlar. İddiaçı göstərilənləri nəzərə alaraq, ona məxsus Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, Döngə 1, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə (kod: **********00010) əsassız olaraq hesablanmış 1855.60 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-nə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı yaşadığı evə dair ümumilikdə 1855.60 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların surətlərindən məlum olur ki, Ağayev Ağataib oğlunun mülkiyyətində olmuş və hazırda İddiaçı istifadəsində olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, Döngə 1, ev 5 ünvanda qaz sayğacına baxış keçirilmiş və “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/7201 saylı, 26 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, Döngə 1, ev 5 ünvanına təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ağayev X3 17 fevral 1980-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müxtəlif tarixli aktların surətində “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 1855.60 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7201 saylı, 26 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, Döngə 1, ev 5 ünvanına təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na əsasən qaz istehlakçıları ilə bağlanmalı olan müqavilənin forması və məzmunu dəyişdirilsə də, cavabdeh təşkilat həmin qaydaların tələbinə riayət etməmiş, Ağayev X3 17 fevral 1980-ci il tarixdə vəfat etdiyi, evdə faktiki qaz istehlakçısı İddiaçı olduğu halda müqavilənin dəyişdirilməsini təmin etməmiş, bır sıra aktlarda istehlakçı kimi Ağayev Ağataib oğlunu göstərmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evə dair hesablanmış 1855.60 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı faktiki istifadəsində olan ünvan 2 ünvanı ilə bağlı hesablanmış 1855.60 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilсин. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-157/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-157/2022
04.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver