Məhkəmə qərarları › İş №2(011)-1571/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1571/2025

20.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1571/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, X4 iddiaçının doğma anasıdır. İddiaçının anası xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və mərhum anasının qanuni vərəsəsi kimi məhkəməyə yaşadığı problem ilə bağlı müraciət etmişdir. Abşeron rayonu, Saray qəsəbəsi, Babək küçəsində yerləşən 2 A saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında yaranmış problemə görə iddiaçının mərhum anasının adına sızma nəticəsində 990,44 manat məbləğində qaz borcu yaranmışdır. Bu vəziyyətdən xəbər tutan kimi iddiaçı Cavabdeh İB-nin Xırdalan şəhəri ərazisində olan əməkdaşları ilə əlaqə saxlamış və xahiş etmişdir ki, gəlib sayğaca yerində baxış keçirilsin. Əməkdaşlar evə gəlmiş və bildirmişlər ki, sayğacda güclü sızma var. Həmin sızma nəticəsində axan təbii qaz iddiaçıya sərfiyyat kimi yazılmışdır. Bu sızma 2023-cü il tarixdə baş versə də, adına yazılan bu borc məbləğindən iddiaçının yeni xəbəri olmuşdur. Evə gələn bildirişdən sonra iddiaçı Cavabdeh İB-nin əməkdaşlarına məlumat verəndə şifahi olaraq bildirilmişdir ki, məsələ öz həllini tapandan sonra həmin pul silinəcəkdir. İddiaçı da onların dediklərində inanıb oturmuş, lakin görmüşdür ki, həmin borc hər dəfə evinə gələn bildirişdə yazılır. Ona görə hazırda məcbur olub iddia tələbini məhkəməyə ünvanlayır. Bu borc barədə iddiaçı abonent saldosu almış və iddia ərizəsinə əlavə etmişdir. Evə quraşdırılan sayğac yol kənarında yerləşir. Həmin yolu müxtəlif vətəndaşlar və maşınlar istifadə edir. İddiaçıda olan şifahi məlumata görə həmin yoldan keçən böyük ölçülü avtomaşın sayğaca ziyan yetirmişdir. İddiaçı və həyat yoldaşı işdə olduğu üşün hadisəni tam təfərrüatı ilə bilmir. Lakin iddiaçı hesab edir ki, qısa müddət ərzində 990,44 manat məbləğində qaz sərfiyyatı ola bilməz. Abonent saldosundan da göründüyü kimi 2023-cü ilin yanvar ayında iddiaçının sərfiyyatının 200 kub göstərilir, sonra fevral ayında isə həmin kub 3671-ə qədər yüksəlir. İddiaçının evi iki otaqlıdır, evdə 4 nəfər yaşayır, səhər çıxıb, axşam evə gəlirlər. 1 say ərzində 3671 kub sərfiyyat göstərməsi absurddur. Bugünə qədər təkrar sızmalar baş verdiyi üçün iddiaçıya yazılan borc məbləği 990,44 manat təşkil edir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Saray qəsəbəsi, Babək küçəsində yerləşən 2A saylı fərdi yaşayış evinə (abonent kodu: **********11530) mərhum anası X2 adına yazılmış 990,44 manat məbləğində yazılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayonu 1 saylı dövlət notariat kontorunun dövlət notariusu X7 tərəfindən təsdiq edilmiş 10 avqust 2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 28 yanvar 2009-cu ildə vəfat etmiş X2 vərəsəsi İddiaçıdur, miras əmlak Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.125752 ha torpaq sahəsindən mərhum X2 payına düşən 0,0251504 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, Dilurba Hüseynquliyevanın 2022-ci ildən 2024-cü ilin noyabr ayına qədər 990,44 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə qaz sayğacı İddiaçı anası X2 adına rəsmiləşdirilmişdir. İddiaçının anası 28 yanvar 2009-cu ildə vəfat etmiş etmişdir. 10 avqust 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, 28 yanvar 2009-cu ildə vəfat etmiş X2 vərəsəsi İddiaçıdur və miras əmlak Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.125752 ha torpaq sahəsindən mərhum X2 payına düşən 0,0251504 ha torpaq sahəsindən ibarətdir. X1 məxsus abonent saldosundan görünür ki, həmin ünvan üzrə hesablanmış və iddiaçının silinməsini tələb etdiyi 990,44 manat borc 2022-ci ildən 2024-cü ilin noyabr ayına qədər sayğac göstəriciləri əsasında istehlak edilmiş qaza görə yaranmış debitor borcudur və həmin ünvan üzrə ümumiyyətlə hər hansı akt tərtib olunmamışdır. İddiaçı tərəfindən borcun əsassız hesablanmasına dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar