Məhkəmə qərarları › İş №2(011)-1573/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1573/2021

24.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1573/2021 24.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçı1 və İddiaçı2 X1rşı “borc məbləğinin silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə qaz sərfinə görə (abonent kodu: **********18560 olan) hesablanmış 486 manat məbləğində borcun silinməsi və tutulmuş 30 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 10.01.2021-ci il tarixdə İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə qaz sərfinə görə (abonent kodu: **********18560 olan) hesablanmış 486 manat məbləğində borcun silinməsi və tutulmuş 58 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında “Azəriqaz” İB tərəfindən qaz sayğacına baxış keçirilən zaman, yeni qaz sayğacı quraşdırılmışdır. Daha sonra məlum olmuşdur ki, guya qaz sayğacının çıxış plasmas borusu deşildiyi üçün 486 manat məbləğində cərimə yazılmışdır. Eyni zamanda onlardan 58 manat məbləğində pul tutulmuşdur. Həmin evdə təbii qazdan istifadəyə görə yaranmış borclar hər ay gecikdirilmədən ödənilmiş və qaz sayğacına hər hansı bir müdaxilə edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 11.01.2021-ci il tarixdə İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.01.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, 29/1710- 00329/1-29 rəyinə əsasən 1002AQ**********0 saylı sayğacın çıxış plastmas borusunun deşilməsi barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan «Azəriqaz» İB-nin 31.01.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 4860 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 09.01.2019-cu il il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvandakı sayğac yeni sayğacla əvəzləşdirilmişdir. İş materiallarında olan ARDNŞ “Azəriqaz” İB tərəfindən tərtib edilmiş QSN-29/1710- 00329/1-29 saylı 29.01.2019-cu il tarixli Aktdan görünür ki, “Azəriqaz” İB-nin SOCAR **********00040020A00371 saylı, 21.05.2018-ci il tarixli məktubuna əsasən “Qaz sayğaclarına nəzarət” komissiyası tərəfindən Bakı RQÖQX Departamentinin 22.01.2019cu il tarixində təftiş işləri nəticəsində zavod nömrəsi 1002AQ101021 olan qaz sayğacı 25.01.2019-cu il tarixində yoxlama aktı nəticəsində qaz itgisi, müdaxilə hesab olunmuş və qüsura görə sayğacın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30.11.2020-ci il tarixli iddiaçının Gasrep sənədindən görünür ki, iddiaçının abonent hesabına (**********18560) 11/2020-ci il üçün 486,0 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir, çıxarılmış sayğacın çıxış plasmas borusunun deşilməsi səbəbindən cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 486 manat tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********18560) itirilmiş qazın bərpası məqsədilə yazılmış 486 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulması məsələsinə münasibətdə hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduğundan, cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunmadığından, dövlət rüsumu qismində 20 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı1 **********18560 saylı abonent koduna hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. «Azəriqaz» İstehsalat Birliyindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət veilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar