Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1578/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyinin 16 mart 2020-ci il tarixli, ******* saylı akt əsasında qəbul olunmuş 16 mart 2020-ci il tarixli qərarın ləğv olunması və itirilmiş qazın bərpası məqsədilə hesablanmış 216 manat ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 28.08.2019-cu il tarixdə onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Aeroport yolunun sol tərəfi, Yeni Ramana qəsəbəsi, Mərkəzi küçəsi, 8-ci keçiddə olan bütün fərdi yaşayış evlərində mövcud olan sayğaclar yeniləri ilə əvəz olunmuş, bu zaman hər hansı irad bildirilməməsinə baxmayaraq 2020-ci ilin dekabr ayında sayğac əvəz edilərkən onun rəqəmlərinin qarışması haqda məlumat verilmiş və bununla bağlı akt tərtib olunmuşdur, protokola əsasən onun imza etməkdən imtina etməsi qeyd olunsa da, bu haqda heç bir məlumatı olmamışdır, hesabında yaranmış borc qanunsuz və ədalətsiz olduğundan 07.12.2020-ci il tarixdə cavabdeh birliyə müraciət edərək borcun araşdırılmasını və aktın ləğv olunmasını xahiş etmişdir, mübahisəli sayğac vaxtı ilə «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən qoyulmuşdur, həmçinin cavabdeh hesablanmış borca görə sayğacın hesabını blokladığına görə o, 2020-ci ilə görə qoyulmuş qaz limitini yükləyə bilmir, buna görə də ev qaz ilə təmin oluna bilmir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus evdə “Azəriqaz” İB-nin əməkdaşları sayğacdan istifadə zamanı qaydalara riayət olunması ilə əlaqədar yoxlama aparmış və yoxlama zamanı sayğacın LCD ekranında rəqəmlərin qarışdığı və klapanın bağlı olduğu müəyyən olunmuşdur, bu barədə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üzrə hesabat aparılmış və müvafiq olaraq dəymiş ziyanın ödənilməsi qərara alınmışdır. Sonda cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan, «Azəriqaz» İB-nin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 28.08.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus **********00000 saylı abonent kodu fərdi evdə olan İtron “G-4” markalı 1202AQ**********5 nömrəli sayğac yeni İtron “G-4” markalı STS**********4 nömrəli sayğacla əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16.03.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, 20.02.2020-ci il tarixli labaratoriyanın MSK 29/1710-02600 saylı rəyinə əsasən 1202AQ**********5 nömrəli sayğacın LCD ekranında rəqəmlər qarışmışdır, klapanı bağlıdır, dəymiş ziyanın hesablanması və ödənilməsi tələbi barədə qeyd aparılmışdır. İş materiallarında olan iddiaçının abonent saldosundan görünür ki, 11/2020-ci il üçün onun **********00000 saylı abonent hesabına 216 manat borc hesablanmışdır. İş materiallarıda olan 16.03.2020-ci il tarixli ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üzrə aparılmış hesabat üzrə 2160 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzləşdirilmiş, həmin ünvanda 2160 m3 təbii qazın itirilməsi barədə akt tərtib edilmiş və onun dəyəri kimi 216 manat borc iddiaçının abonent hesabına yazılmış və ondan tələb edilir. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına itirilmiş qazın bərpası məqsədilə hesablanmış 216 manat məbləğində borc silinməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduğundan, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00000 saylı abonent koduna «Azəriqaz» İB tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 216 (iki yüz on altı) manat borc silinsin. «Azəriqaz» İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1578/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1578/2021
03.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver