Məhkəmə qərarları › İş №2(011)-1600/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1600/2023

18.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1600/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh tərəfindən tərtib edilmiş 05 yanvar 2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi, qeyri-qanuni hesablanmış 4961 manat borcun silinməsi, əsassız yazılmış borca görə 4961 manat vəsaitin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, neçə ay əvvəl borc yazıblar. Borc guya əlavə xətt olduğuna görə hesablanmışdır. Onlarda əlavə xətt olmayıb. Ona görə borca etiraz edir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(011)- 2067/2022 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: **********00008) üzrə İddiaçı hesablanmış 599,04 (beş yüz doxsan doqquz manat dörd qəpik) manat məbləğində borc silinməsi qət edilmişdir. Qətnamədə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, iddiaçının istifadəsində olmuş qaz sayğacının çıxış plastmas borusunun deşildiyinə görə ona 486,0 manat məbləğində borc hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-1964/2022 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə xx.xx.2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 486,0 manat məbləğində borc silinmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* aktda “abonent qaz sayğacından kənar təbii qazdan istifadə edir” qeyd edilmişdir. Həmin aktlar əsasında tərtib edilmiş “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”lərin və abonent saldosunun surətindən görünür ki, aktlar əsasında qazın dəyərinə görə 599,04 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-879/2022 nömrəli 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2(011)-2067/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra 2022-ci ilin dekabr ayı üzrə İddiaçı **********00008 kodlu abonent hesabına 4406,4 manat məbləğində borc hesablanmışdır (**********00008 kodlu abonent saldosu). İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə və ya təbii qazdan qeyri-qanuni isitfadə edildiyi aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, abonentin təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmiş, bununla yanaşı ziyanın hesablanması “Təbii qazdan istitifadə qaydaları” ilə müəyyən edilmiş normalarına uyğun aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən İddiaçı 4406 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. İddiaçı 4961 manat borcun silinməsini tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçıya 05 yanvar 2022-ci il tarixli ******* nömrəli akt üzrə 4961 manat məbləğində deyil, 4406 manat məbləğində borcun hesablandığı müəyyən edilmişdir. Odur ki, iddia qismən təmin edilməli və Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış 4406 manat məbləğində borc silinməlidir. Məhkəmə iddiaya Cavabdeh tərəfindən tərtib edilmiş 05 yanvar 2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və əsassız yazılmış borca görə 4961 manat vəsaitin qaytarılması tələbi hissədə qiymət verərək, belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı barəsində 05 yanvar 2022-ci il tarixli ******* nömrəli aktın tərtib edildiyi və əsassız hesablanmış borca görə ondan 4961 manat məbləğində pulun tutulduğu müəyyən edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Məhkəmə mərhəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 64.06 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: **********00008) üzrə İddiaçı hesablanmış 4406 (dörd min dörd yüz altı manat) manat məbləğində borc silinsin. 64,06 (altmış dörd manat, altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İBdən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar