Məhkəmə qərarları › İş №2(011)-1617/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1617/2022

06.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1617/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 21, 66 saylı mənzilə almadığı istiliyin borc kimi yazılmış 277,83 manatın cavabdeh tərəfindən silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən 21 saylı evin 66 saylı mənzili iddiaçıya məxsusdur. Həmin mənzildə neçə ildir ki, istilik yoxdur. Hər dəfə Cavabdeh ASC-yə yazılı və şifahi müraciət edəndə, onlar özləri də təsdiq etmişdirlər ki, mənzilə istilik daxil olmur. Lakin cavabdeh təşkilatdan səbəbini soruşduqda, iddiaçıya bildirmişdirlər ki, cəmiyyətin borcu istilik verməkdir, istilik mənzilə daxil olmursa bu cəmiyyətin problemi deyil. Cavabdehin əməkdaşları tərəfindən mənzilə baxış keçirilən zaman, müəyyən edilmişdir ki, qüsur mənzildə deyil. Buna baxmayaraq iddiaçıya istilikdən istifadəyə görə borc hesablanmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə mülki iş üzrə tərəflərin izahatlarını və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmidir ki, iddiaçının yaşadığı evə istilik təmin etməsi üçün xətlər iddiaçı tərəfindən tam təmir olunmuşdur, lakin yaşadığı ev xətlərə qoşulduğuna baxmayaraq istiliklə təchiz olunmur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı məktublardan görünür ki, iddiaçı dəfələrlə Cavabdeh ASC-yə müraciət edərək, mənzilinin istiliklə təmin olunmasını xahiş etmiş, lakin iddiaçıya məxsus mənzilə istilik təmin olunmamışdır. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş bildiriş xəbərdarlığın surətindən görünür ki, həmin ünvana yazılmış istilik borcu 277,83 manatdır. Azərbaycan Respublikası Prezidentinin 14.09.2005-ci il tarixli, 1001 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı”nın 1.3-cü bəndinə əsasən Bakı şəhərində istilik təchizatı problemlərinin aradan qaldırılması üçün tədbirlərin görülməsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Belə ki, iş materialları ilə sübuta yetirilir ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvan istiliklə təchiz edilməmişdir. Göstərilməyən xidmətə görə iddiaçıdan hər hansı ödəniş tələb edilməsi qanunsuzdur. Odur ki, iddia təmin edilərək, 277,83 manat məbləğində hesablanmış borc silinməlidir. Məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək belə qənaətə gəlir ki, iddianın qiyməti 1000 manatadək olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 21 saylı evin, 66 saylı mənzili (Abonent kodu: **********66) üzrə Cavabdeh ASC tərəfindən hesablanmış 277,83 (iki yüz yetmiş yeddi manat səksən üç qəpik) manat məbləğində borc silinsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar