Məhkəmə qərarları › İş №2(011)-1623/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1623/2025

04.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1623/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı – mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 13, 1-ci korpus, 406 saylı mənzilində quraşdırılmış abonent kodu **********50406 olan sayğacına hesablanmış 925 manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri , Xətai rayonu, Vunq Tau küçəsi, ev 13, 1-ci korpus, 406 saylı mənzilin mülkiyyətçidir. Həmin mənzili Zakir Cəbrayılovdan satın almışdır. Müəyyən çətinliyiolduğuna görə elektrik və su sayğaclarını öz adına keçirə bilməmişdir. Qeyd edir ki, binalarında qaz xətti və istilik sistemi yoxdur. O, həyat yoldaşı və 7 aylıq körpələri ilə birgə ayda bir neçə günlüyə gəlib həmin mənzildə yaşayırlar. Belə ki, valideynləri rayonda yaşayır, hazırda analıq məzuniyyətində olan həyat yoldaşı da orada müəllimə işləyir. İddiaçı isə “SOCAR”da növbəli iş rejimində çalışır və istirahət günlərində bir qayda olaraq birbaşa rayona gedir. Bu ilin dekabrın 4-ü axşam saatlarında ailə üzvləri ilə birgə həmin mənzilə gələndən bir müddət sonra elektrik sistemlərində problem yarandı və bütün işıqları söndü. O, ailəsini evdə qoyub işə getməli idi, qeyd etdiyi kimi binalarında qaz xətti, istilik sistemi yoxdur, bir tərəfdən də rayondan gələrkən körpələri bərk soyuqlamışdı. Ona görə də o, məcbur olub evin qarşısındakı elektrik xəttindən əlavə xətt götürüb müvəqqəti olaraq istifadə etmək qərarına gəlmişdir. Növbədən qayıdandan sonra bu problemi həll etmək niyyətində idi. O, növbədə olarkən xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları əraziyə baxış keçirərkən həmin sayğacdan kənar xətti aşkar edərək **********50406 saylı abonent koduna 925 manat cərimə yazıblar. Məhkəməyə təqdim etdiyi balansdan da göründüyü kimi onların aylıq elektrik enerjisi sərfıyyatı 5-6 manat təşkil edir. Su sərfıyyatı ilə bağlı müvafiq sənədi də məhkəməyə təqdim edəcəkdir. Belə az sərfıyyatın səbəbi yuxarıda qeyd etdiyi kimi onların əsasən rayonda yaşamaqlarıdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaçının iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Mülki işin baxılmamış saxlanılması üçün hər hansı səbəb olmadığından məhkəmə mülki işə mahiyyəti üzrə baxmışdır. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş NİM 006679 saylı, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, fərdi yaşayış evinə sayğac sistemindən kənar xətt daxil olur, həmin kənar xətt pilləkən qəfəsində quraşdırılmış sayğacları qidalandıran giriş faza xəttindən mənzilə çəkilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş bildirişdən görünür ki, **********50406 saylı abunə kodu üzrə sərf olunan elektrik enerjisinə görə abonentdən xx.xx.2024-cü il tarixə 925 manat borc tələb edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər”dən görünür ki, mənzilə baxış keçirilən zaman fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olması qüsur aşkarlanmışdır. Satış sahəsi üzrə tələblərdən görünür ki, NİM 006679 saylı, xx.xx.2024-cü il tarixli akt əsasında mübahisəli ünvana 0.08 manatlıq tarif əsasında 43.92 manat, 0.09 manatlıq tarif əsasında 54 manat, 0.13 manatlıq tarif əsasında 872.69 manat olmaqla, ümumilikdə 970.61 manat məbləğində borc yazılmışdır. İş materiallarında olan abunə haqqında cədvəldən görünür ki, xx.xx.2024-cü il tarixində NİM 006679 saylı akt əsasında **********50406 saylı abunə kodu (ünvan: ünvan 1 manat, 0.09 manatlıq tarif əsasında 54 manat, 0.13 manatlıq tarif əsasında 872.69 manat borcu yaranmışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 406 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası “Elektroenergetika haqqında” qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. "xxxx" ASC tərəfindən tərtib olunmuş NİM 006679 saylı, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, mənzilə sayğac sistemindən kənar xətt daxil olur, həmin kənar xətt pilləkən qəfəsində quraşdırılmış sayğacları qidalandıran giriş faza xəttindən mənzilə çəkilmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə hazırlıq iclaslarında iştirak etmiş İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etdiyini bildirmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə baxış keçirilərkən elektrik enerjisinə sayğac sistemindən kənar xətt daxil olunması səbəbi ilə akt tərtib olunmuş və 180 gün müddətinə kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə ilə bağlı hesabat aparılaraq, iddiaçıdan 970.61 manat məbləğində borc tələb edilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Odur ki, həmin müddəa hazırkı mülki işin münasibətlərinə də tətbiq edilməli və iddiaçıdan 1 ay (30 gün) müddətə 0.09 manatlıq tarif əsasında elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə üçün hesabat aparılmalıdır. xx.xx.2024-cü il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər”dən görünür ki, NİM 006679 saylı, xx.xx.2024-cü il tarixli akt əsasında mübahisəli ünvana 0.08 manatlıq tarif əsasında 43.92 manat, 0.09 manatlıq tarif əsasında 54 manat, 0.13 manatlıq tarif əsasında 872.69 manat olmaqla, ümumilikdə 970.61 manat məbləğində borc yazılmışdır. Satış sahələri üzrə tələblərə diqqət yetirdikdə qeyd edilən ünvan üzrə 1 aylıq (30 günlük) elektrik enerjisinin dəyərinin 1.310 kvts (2.6 kvt x 24 saat x (0.7) x 30 gün= 1310 kvts) olduğunu müəyyən olunur. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı ünvan üzrə bir aylıq elektrik enerjisindən istifadə üçün tarif 0.09 manatdan hesablanmaqla, 118 (1.310 x 0.09= 117.90≈118) manat məbləğində borc vəsaiti iddiaçıya aid edilməli və yerdə qalan 852.61 (970.61-118=852.61) manat məbləğində borc məhkəmə tərəfindən silinməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında yaranmış borc olmamışdır. Bu səbəbdən iddia tələbi qismən təmin edilərək, iddiaçının abonent hesabına yazılmış 852.61 manat borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 852.61 manat olduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən ünvan 3 ünvanına hesablanmış 852.61 (səkkiz yüz əlli iki manat, altmış bir qəpik) manat borc abonentin hesabından (abonent kodu **********50406) silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz manat qırx bir qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar