Məhkəmə qərarları › İş №2(011)-1626/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1626/2025

19.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1626/2025 19.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanına 1309,5 manat məbləğində borc yazılmışdır. Akt tərtib edilərkən xəttdə yaxud sayğacda heç bir müdaxilə aşkar edilməmişdir. Lakin qanunsuz olaraq akt tərtib edilmişdir.Hazırda iddiaçıya məlumat verilmişdir ki, iddiaçının ünvanına 1309,5 manat məbləğində pul yazılmışdır. İddiaçı ailəsi ilə birlikdə yaşadığı ünvan 2 ünvanında istifadə etdikləri elektrik sərfiyyatını mütəmadi olaraq ödəmişlər, heç bir borcları olmamışdır və işıq sayğacına və plompuna heç bir müdaxilə olunmamışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, yaşadığı ünvan 3 ünvanına "xxxx" ASC tərəfindən qanunsuz olaraq yazılmış 1309,6 manat məbləğində qanunsuz yazılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, "xxxx" ASC tərəfindən qanunsuz olaraq yazılmış 1309,6 manat məbləğində borcun silinməsini xahiş etmiş, mənzilin satmaq məcburiyyətində qaldığı üçün həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Bu səbəbdən iddiaçı ona əsassız olaraq yazılmış və tərəfindən ödənilmiş 1309,6 manat məbləğin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 281857 nömrəli, 18 noyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus (abonent kodu: **********000013) sayğaca baxış keçirilmiş, mənzildə kənar xəttdən istifadə edildiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, İddiaçı (abunə kodu:**********00013) borcu 1309,50 manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunan abunə haqqında çıxarışdan görünür ki, ünvan 3 ünvanında İddiaçı (abunə kodu: **********00013) borcu 1310 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunan abunə haqqında çıxarışdan görünür ki, istehlakçı ünvan 3 ünvanı üzrə 15 may 2025-ci il tarixdə 1345,04 manat ödəniş edilmişdir, istehlakçı X2 (abunə kodu: **********00013) borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/277 nömrəli, 14 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən sayğacın üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. İşıq sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydalarının” 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi, onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. “X1 Qaydalarının” 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələbinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş 281857 nömrəli, 18 noyabr 2022-ci il tarixli aktın surətində “mənzildə kənar xəttdən istifadə edildiyi” kimi qeydlər aparılsa da, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış iddiaçının silinməsini tələb etdiyi 1309,50 manat manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı mənzilini satmaq niyyətində olduğundan, qeyd edilən borcu ödəmişdir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/277 nömrəli, 14 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən sayğacın üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. İşıq sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir . Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsi, ev 1500, 13 saylı mənzilə (abunə kodu: **********00013) dair hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 1309,50 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçının xeyrinə tutulmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 33.09 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus ünvan 4 ünvanına (abunə kodu: **********00013) hesablanmış və iddiaçı tərəfindən ödənilmiş 1309,50 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Cavabdeh "xxxx" ASC-dən 33.09 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar