Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1636/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Quban qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ona məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********05985) hesablanmış 972 manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayır, sözü gedən ünvana 19.03.2019-cu il tarixdə yeni qaz sayğacı quraşdırılmışdır, o, 2020-ci ilin noyabr ayında smart karta etdiyi növbəti ödənişdən pulun bir qisminin tutulduğunu görmüş və bununla bağlı yerli qaz idarəsinə getdikdə məlum olmuşdur ki, 30.04.2019-cu il tarixdə tərtib olunmuş ******* saylı akta əsasən sayğac qoyulana qədər rezin boru ilə qeyri-qanuni təbii qazdan istifadə edildiyinə görə 972 manat cərimə borcu hesablanmışdır, həmçinin abonent saldosundan da görünür ki, qaz sayğacı 19.03.2019cu il tarixdə quraşdırılmış, cərimə aktı isə 30.04.2019-cu il tarixdə tərtib olunmuşdur, tərəfindən sayğaca heç vaxt hər hansı bir şəkildə müdaxilə edilməmişdir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, sayğac qoyulana qədər rezin boru ilə qeyri-qanuni təbii qazdan istifadə edilməsi və dəymiş ziyanın ödənilməsi tələbi barədə qeyd aparılmışdır. İş materiallarında olan «Azəriqaz» İB-nin 30.04.2019-cu il tarixli qərarın surətindən görünür ki, **********05985 saylı abonent kodu üzrə sayğac qoyulana qədər rezin boru ilə qeyri-qanuni təbii qazdan istifadə edilməsi nöqsanı ilə itirilmiş qazın bərpası üzrə 9720 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 03.04.2019-cu il tarixli iddiaçının abonent saldosundan görünür ki, onun **********05985 saylı abonent hesabına 972 manat qalıq borc hesablanmışdır. İş materiallarında olan 19.03.2019-cu il tarixli GASREP sənədindən görünür ki, **********05985 saylı abonent hesabına 2020-ci ilin noyabr ayı üçün 972 manat qalıq borc hesablanmışdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçıya yaşadığı evə baxış keçirilərkən sayğac qoyulana qədər rezin boru ilə qeyriqanuni təbii qazdan istifadə edilməsi barədə akt tərtib olunmuş, həmin akt əsasında iddiaçının abonent hesabına itirilmiş qazın bərpası üzrə 972 manat borc hesablanmışdır, həmin məbləğ iddiaçının abonent hesabına borc kimi daxil edilməklə ondan tələb edilir. Bununla belə, iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi, həmçinin sayğaca müdaxilə etməsi halları məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən paylayıcı xətdən sayğacdan kənar qoşulma və iddiaçının qazdan qeyri-qanuni istifadə etmə halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, «Azəriqaz» İB tərəfindən İddiaçı **********05985 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 972 manat məbləğində borc silinməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı Quban qızına məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evində **********05985 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat məbləğində borc silinsin. «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1636/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1636/2021
19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver