Məhkəmə qərarları › İş №2(011)-1637/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1637/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1637/2023 20.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə X8 arasında bağlanmış 17 sentyabr 2021-ci il tarixli MAS-4401 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323678 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi” nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X8 illik 24.5% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447.15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24864 manatın 17000 manatı əsas məbləğ təşkil edir. 14 mart 2022-ci il tarixdə X8, X4 və İddiaçı MMC arasında MAS-4401 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 17 sentyabr 2021-ci il tarixli MAS-4401 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri İ.Ağaşirinov öz üzərinə götürmüşdür. 15 mart 2022-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-4401 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 17 sentyabr 2021-ci il tarixli MAS-4401 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri C.Abdullayev öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 08 iyul 2022-ci il tarixdə 97 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 oktyabr 2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilə 1687.70 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh 17 sentyabr 2021-ci il tarixli MAS-4401 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 oktyabr 2022-ci il tarixə ümumilikdə 1740.70 manat məbləğində gecikmə borcu yaranmışdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1, 552.2, 747.1, 748-1.8, 748-1.12, 748-7.11 və 748-7.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh 17 sedntyabr 2021-ci il tarixli MAS-4401 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 oktyabr 2022-ci il tarixə 622.40 manat gecikdirilmiş əsas, 718.21 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 400.08 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 1687.70 manat,ümumilikdə 3428.40 manat borc və ödənilmiş 54.29 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, iddia ərizəsinin təsviri və xahiş etdim hissəsində “Khazar SD” minik markalı avtomobilin dövlət qeydiyyat nişanı texniki səhv nəticəsində ** PD *** əvəzinə ** PG *** kimi qeyd olunmuşdur. İddiaçının nümayəndəsi qətnamə qəbul edilərkən yanlışlığın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X10 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdeh “Azəriqaz” İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə X8 arasında bağlanmış 17 sentyabr 2021-ci il tarixli MAS-4401 saylı “Daxili lizinq” müqaviləsinə əsasən məlum olur ki, 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323678 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və Lizinq alan X7 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə İddiaçı MMC ilə X8 arasında “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır. İş materiallarında olan X8, X4 və İddiaçı MMC arasında bağlanmış 14 mart 2022-ci il tarixli MAS-4401 nömrəli “Öhdəliklərin ötürülməsi” barədə müqavilədən görünür ki, 17 sentyabr 2021-ci il tarixli MAS-4401 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri İ.Ağaşirinov öz üzərinə götürmüşdür. İş materiallarında olan 14 mart 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə X8 və X4, X7 istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İş materiallarında olan X4, Cavabdeh və İddiaçı MMC arasında 15 mart 2022-ci il tarixli MAS-4401 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, 17 sentyabr 2021-ci il tarixli MAS-4401 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarında olan 15 mart 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə X4 və Cavabdeh, X1 istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 05 yanvar tarixli arayışdan görünür ki, Cavabdeh 17 sentyabr 2021-ci il tarixli MAS-4401 saylı “Daxili lizinq” müqaviləsi üzrə 10 oktyabr 2022-ci il tarixə 622,41 manat əsas, 718,21 manat mükafat borcu, 400,08 manat cərimə borcu olmaqla, cəmi 1740,70 manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC (Servis) tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli Qüsur Aktından görünür ki, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1687,70 manat maddi zərər hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4544 saylı, 29 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan İddiaçı MMC servisin tərtib etdiyi qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1687,70 manat müəyyən edilmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişdən görünür ki, 99/4544 saylı, 29 avqust 2023-cü il tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-nin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. MM-nin 748-1.12-ci maddəsinə görə Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.3. Lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq və mükafat məbləğlərinin ödənilməsi hissəsində əsaslıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məhkəmə mülki işdə olan sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən və bu işdə olan sübutlarla təsdiq edildiyindən Cavabdeh 10 oktyabr 2022-ci il tarixə 622,41 manat əsas, 718,21 manat mükafat borcu alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda İddiaçı MMC “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil (lizinq obyekti) Cavabdeh müvəqqəti sahiblik və istifadəsində olduğu müddətdə həmin avtomobilə 1687.70 manat zərər dəydiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4544 saylı, 29 avqust 2023-cü il tarixli ekspert rəyi ilə də öz təsdiqini tapdığından, cavabdehdən həmin pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan hesablanmış cərimənin məbləği 10%-dək azaldılaraq cavabdehdən 40 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 622,41 manat əsas, 718,21 manat mükafat, 40 manat dəbbə pulu və 1687,70 manat dəymiş zərər olmaqla, cəmi 3068,32 manat borc tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 54,29 manat dövlət rüsumunun 89%, yəni 48 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 11 %, yəni 6.29 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia qismən təmin edilyindən 50 manat ekspertiza xərcinin 89%, yəni 44,50 manat cavabdehdən, qalan 11%, yəni 5,50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X2 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar