Məhkəmə qərarları › İş №2(011)-1637/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1637/2024

08.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1637/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş “Dəymiş ziyanın hesablanması və ödənilməsi” tələbinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktı ləğv edərək, iddiaçıya məxsus evə (abonent kodu: **********02000) əsassız yazılmış 1.575,70 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. İddiaçının mülkiyyətində olan fərdi yaşayı evini təbii qazla təchiz edən qaz xəttinin üzərində **********1 zavod nömrəli, ZENNER-G4 markalı qaz sayğacı quraşdırılmaqla, **********02000 saylı abonent kodu əsasında istehlakçı kimi Cavabdeh İB-nin abonent bazasında qeydiyyata alınmışdır. Həmin evdə daim yaşayış olmuşdur və iddiaçı tərəfnmdən mütəmadi olaraq istehlak etdiyi təbii qazın dəyəri ödəmişdir. 16 fevral 2023-cü il tarixdə həmin qaz sayğacı ******* nömrəli akt əsasında qaz xəttinin üzərindən çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmiş, əvəzində yenə həmin akt əsasında ZENNER-G4 markalı, MEXANİKİ tipli, **********4 zavod nömrəli yeni qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilərkən, qaz xəttinin üzərindən çıxarılan qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombların yerində olub-olmadığını vizual müşahidə ilə asan şəkilə müəyyən etmək mümkün olduğu halda, həmin plombun yerində olmaması barədə ******* nömrəli aktda hər hansı qeydiyyat aparılmayıb və sayğacın çıxarılma səbəbi kimi “Qazı fasilələrlə buraxması” göstərilib. Cavabdeh İB-nin Metrologiya departamentinin “Qaz sayğacının yoxlanması barədə” MSK-14-2-2/3-5-2170-1 nömrəli, 25 aprel 2023-cü il tarixli aktı əsasında guya iddiaçının ünvanından çıxarılmış **********1 zavod nömrəli, ZENNER- G4 markalı qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan birinin sayğacın üzərində aşkar olunmadığı və sayğacın istismara yararsız olduğu qeyd olunaraq “qaz itkisi və müdaxilə” barədə rəy verilmişdir. Həmin rəy əsas alınaraq Cavabdeh İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktı üzrə dəymiş ziyan hesablanmış və 07 noyabr 2023-cü il tarixli bildiriş-xəbərdarlıqla ödənilməsi tələb edilir. Bir müddət öncə həmin fərdi-yaşayış evi iddiaçı tərəfindən başqa bir şəxsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada satılıb. Alıcı şəxs iddiaçıya bildirib ki, evdə qaz yoxdur və Cavabdeh İB evin qaz təchizatını dayandıraraq sayğaca müdaxilə ilə bağlı 1.575,70 manat cərimə yazıb və ödənilməsini tələb edir. İddiaçı öyrənmişdir ki, onun cəriməsi var imiş. Cavabdeh İB çöldə (küçədə) yerləşən sayğacı çıxarıb yerinə yenisini qoyub və sonra 1.575,70 manat dəyərində cərimə hesablayıb. Guya iddiaçı sayğaca müdaxilə etmişdir. Sayğac çöldə, yəni küçədə yerləşir, ona iddiaçı cavabdehlik daşımır, bu pulu ödəməyə imkan da yoxdur, cərimə də tam əsassızdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun abonent koduna əsassız olaraq hesablanmış 1.575,70 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 aprel 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan birinin sayğacın üzərində aşkar edilmədiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1.555,20 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin aprel ayına abonentin 1.555,20 manat borcu mövcuddur. İddiaçı hazırda onun abonent hesabına əsassız olaraq yazılmış 1.575,70 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbində 1.575,70 manat borcun silinməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, iddiaçının 2023-cü ilin aprel ayına 1.555,20 manat borcu mövcuddur. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1.555,20 manat borc silinməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı 10**********020 saylı abunə koduna hesablanmış 1.555,20 manat məbləğində cərimə borcu silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 35.56 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı 10**********020 saylı abunə koduna hesablanmış 1.555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 35.56 (otuz beş manat əlli altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar