Məhkəmə qərarları › İş №2(011)-1664/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1664/2024

01.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1664/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və borc görə tutulmuş pulun geri qaytarılması” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya məxsus **********11250 saylı abonent koduna hesablanmış 464.40 manat borcdan 266.10 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi və borca görə tutulmuş 198.30 manat məbləğində pulun iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Qeyd edilən yaşayış evi iddiaçıya məxsusdur və həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və iddiaçı ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasıda qazın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən iddiaçının ünvanında Smart-kart tipli sayğac quraşdırılmışdır. İddiaçı hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh əməkdaşları həmin sayğac çıxararaq yoxlamaya aparmışdır. Bundan sonra iddiaçı sayğacın hara aparılmasını bilməmiş, bu barədə hər hansı bir məlumat verilməmişdir. Lakin iddiaçıya məxsus köhnə sayğac aparılandan sonra Cavabdeh əməkdaşları həmin sayğaca müdaxilənin aşkar edilməsini bildirmiş və cavabdeh tərəfindən iddiaçıya 464.40 manat zərər hesablanmışdır. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla hesablanmasını soruşanda, cavabdeh iddiaçıya aktı təqdim edərək, kənar təsir nəticəsində Smart kart tipli sayğacın xarab olmasını bildirmiş və bu əsasla qeyd edilən borcun hesablanmasını demişlər. İddiaçıya məxsus Smart karı tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuşdur. Halbuki, həmin plomblar cavabdehin əməkdaşları tərəfimdən vurulmuş və sayğac açılan zaman da sayğacda olan plombla cavabdehin əməkdaşları tərəfindən açılmışdır. Yəni cavabdeh iddiaçını sayğacın kənarı təsir nəticəsində xarab olmasında təqsirləndirərək, iddiaçıya əsassız borc hesablasa da, onu nəzərə almamışdır ki, sayğacın içində hər hansı bir kənar təsirin edilinəsi üçün açmaq gərəkdir. Sayğaca vurulmuş plombları qırmadan bunu etmək mümkün deyil. Beləliklə də sayğaca vurulmuş plombların qırılmamasını nəzərə alsaq, bir daha görmək olar ki, iddiaçı tərəfindən plomb qırılmadan sayğaca müdaxilə edilməmişdir. Göründüyü kimi qeyd edilən qaydaya əsasən cavabdeh iddiaçıya məxsus qaz sayğacını dəyişdirmək istəyirsə bunu öz vəsaiti hesabına etməli idi. Lakin həmin dəyişdirməni iddiaçının vəsaiti hesabına etmək üçün qaz sayğacında iddiaçının təqsiri üzündən baş vermiş zədə aşkar elməli idi. Cavabdeh da iddiaçıya məxsus sayğacı çıxarıb apararaq, iddiaçıya məlum olmayan vəziyyətdə üzərində zədə aşkar etmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: 29 noyabr 2019-cu il tarixdə cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, hesablama mexanizminin minimal sərfiyyada keçən qazın həcmini qeyd etmədiyi qeyd edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2019-cu ilin noyabr ayı üzrə 464.40 manat məbləğində borcunun olması əks olunmuşdur. İddiaçının təqdim etdiyi Gasrep sənədindən görünür ki, 2019-cu ilin noyabr ayından başlayaraq müxtəlif vaxtlarda iddiaçının kartından borca görə müxtəlif məbləğlərdə (8 manat, 12 manat, 12 manat, 8 manat, 2 manat, 1 manat, 5 manat, 4 manat, 4 manat, 9.40 manat, 16 manat, 8 manat, 8 manat, 8 manat, 4 manat, 1 manat, 2 manat, 0.80 manat, 2 manat, 1.80 manat, 24.40 manat, 10 manat, 20 manat, 2 manat, 2 manat, 2 manat, 2 manat, 4 manat, 4 manat, 10 manat) tutulmalar olmuş, həmin məbləğ ümumilikdə 197.40 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İlk növbədə, işin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış borc iddiaçıdan tələb edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Məhkəmə belə qənaətə gəlir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən tutulmaların aparılması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində onun abonent koduna əsassız olaraq hesablanmış 266.10 manat borcun silinməsini və borca görə tutulmuş 198.30 manat pulun geri qaytarılmasını xahiş etsə də, iş materialları ilə iddiaçının 464.40 manat borcunun olması və borcun yazıldığı tarixdən sonra həmin borca görə kartdan 197.40 manat borcun tutulduğu öz təsdiqini tapır. Məhkəmə də verilmiş tələbə münasibətdə işə baxmalı olduğundan hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının abonent koduna əsassız olaraq hesablanmış 266.10 manat məbləğində cərimə borcu silinməli, cavabdeh tərəfindən iddiaçının abonent hesabından borca görə tutulmuş 197.40 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********11250 saylı abunə koduna hesablanmış 266.10 (iki yüz altmış altı manat on qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 197.40 (bir yüz doxsan yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar