Məhkəmə qərarları › İş №2(011)-168/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-168/2022

18.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-168/2022 18.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı ilkin iddia üzrə cavabdehin iddiaçıya məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin divarında apardığı qanunsuz tikililərin (otaq və qarajın) cavabdehin hesabında sökülməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, həmçinin iddiaçıya vaxt itkisi və vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Həmin mənzil iddiaçının adına MH seriyalı 138886 saylı qeydiyyat vəsiqəsi ilə xx.xx.1998-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh ilə iddiaçı qonşudular. Cavabdeh iddiaçının razılığı olmadan və iddiaçıya xəbərdarlıq etmədən binanın konstruksiya layihəsinə dəyişiklik edərək mənzilinə qanunsuz artırma işləri aparmaqla iddiaçının divarının öz evinə və qarajına qatmışdır. İddiaçı bundan xəbər tutan kimi etiraz etmiş və cavabdehdən qanunsuz əməllərinə son qoymağı tələb etmişdir. Lakin cavabdeh bundan imtina edərək bunun iddiaçıya heç bir aidiyyətinin olmadığını bildirmişdir. Halbuki, binanın layihə sənədlərində həmin artırma nəzərdə tutulmamış, həmin tikinti işləri müvafiq icazələr alınmadan qanunsuz aparılmışdır. Cavabdehin qanunsuz əməli nəticəsində iddiaçının həmin hissədə pəncərə açmağı qeyri-mümkün olmuşdur ki, bu da iddiaçının mülkiyyətçi kimi hüquqlarının kobud şəkildə pozulmasıdır. Dəfələrlə müraciət etsə də cavabdeh iddiaçının qanuni tələblərinə məhəl qoymamışdır. Əlavə olunmuş Xətai rayonu, 1 saylı Xüsusi Təyinatlı MKTB 133 saylı MKİS-in xx.xx.2021ci il tarixli 09 saylı məktubunda göstərilmişdir ki, həqiqətən iddiaçı ilə qonşusu 1 nömrəli mənzildə yaşayan Cavabdeh Valeriyevnanın mənzilinə bitişik hissədə qanunsuz olaraq tikinti işləri aparılmışdır. Belə ki, vətəndaş Cavabdeh Valeriyevna tikinti işləri apararkən özünə aid olan tikilinin ön divarın perpendikulyar olaraq iddiaçının mənzilin mətbəx hissəsinin arxa divarına birləşdirmiş, iddiaçının mətbəxin arxa hissəsində paralel divar tikməmişdir. Müəyyən edilmişdir ki, iddiaçının mətbəxin arxa divarında vətəndaş Cavabdeh artırma etdiyi otağın yan divarı kimi istifadə edir. İddiaçının vətəndaş Cavabdeh aid olan tikilinin sökülməsi ilə bağlı müraciəti Mənzil Kommunal İstismar sahəsinin səlahiyyətlərində olmadığını nəzərə alıb, məhkəmə qaydasında həll etməyi tövsiyyə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş foto şəkillərdən də aydın görünür ki, Cavabdeh qeyd olunan tikilini tamamilə qanunsuz olaraq, aparmaqla iddiaçının mənzilinin yan divarını zəbt etmişdir. Yaşayış binasının təsdiq olunmuş layihə sxeminə əsasən cavabdeh tərəfindən inşa edilmiş otağın və qarajın sxemdə nəzərdə tutulmadığı aydın görünür. Həmçinin 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 133 saylı MKİS-in xx.xx.2021-ci il tarixli 443 saylı arayışına əsasən Cavabdeh istifadəsində olan ev dövlətə məxsusdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı dəfələrlə MKİS-ə bələdiyyəyə getməli olmuş, bununla bağlı saatlarla vaxt itirmiş, həmçinin əsəb keçirtmişdir, ki, hesab edir ki, vurulmuş mənəvi zərər də cavabdehdən tutulmalıdır. Mənəvi zərəri və itirdiyi vaxtı iddiaçı azı 500 manat məbləğinfə qiymətləndirir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdeh X2 tərəfindən ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli evin üstündə bir neçə otaqdan ibarət ikinci mərtəbəsindəki yarım tikilinin tikintisinin qanunsuz hesab edilməsi və həmin tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, təqribən, iki ay bundan əvvəl iddiaçı ona məxsus sahədə təmir-tikinti işlərinə başlamışdır. Bu ərəfədə İddiaçı Cavabdehya yaxınlaşaraq, öz bacasını ona aid olan sahədən çəkilməsini xahiş etdi. Məsələnin aydınlaşdırılması məqsədi ilə İddiaçı öz həyətinə dəvət etdi. İddiaçı ölçü işlərini apardıqdan sonra müəyyən olundu ki, onun tikintisini planlaşdırdığı soba ilkin Cavabdeh yataq otağımın içərisindən keçməlidir. İki gün ölçü işləri apardıqdan sonra, Cavabdeh işdə olduğu vaxt İddiaçı ona zəng edib, 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 133 saylı MKİS-nin müdiri X3 və mühəndis Babaşov Bülbül Qaybah oğlunun orada olduqlarını bildirərək, evə gəlməyini xahiş etdi. Onlar birlikdə bütün mümkün variantları müzakirə edərək, belə qərara gəldilər ki, bacanı bayır tərəfdən və yaxud Vahidova Rəsmiyəyə məxsus birmərtəbəli evin damının üstündən çəkmək lazımdır. Lakin, İddiaçı bununla razılaşmadan, məhkəməyə müraciət edəcəyini bildirdi. Etiraza əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi, hazırda o, özünə məxsus bir mərtəbəli evin üstündə bir neçə otaqdan ibarət ikinci mərtəbəni qaldırır. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçıya aydın oldu ki, nəyə görə İddiaçı MİSnin rəhbər işçilərinin ona təklif etdiyi kimi, bacanın öz evinin damında quraşdırılmasmdan imtina etdi. Belə ki, İddiaçı bacanı özünə məxsus - birmərtəbəli evin damından çəkdiyi halda həmin damın üstündən ikinci mərtəbəsini qaldıra bilməzdi. Qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi, hazırda cavabdeh özünə məxsus birmərtəbəli evin damının üstündən bir neçə oraqdan ibarət ikinci mərtəbəni artıq qaldırmışdır. Hesab edir ki, İddiaçı ikinci mərtəbəni qaldırmasaydı, o, bacasını öz evinin damının üstündən asanlıqla apara bilərdi və ona qarşı əsassız iddianın da qaldırılmasına ehtiyac olmazdı. Həmçinin, hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin bir neçə otaqdan ibarət ikinci mərtəbəni qaldırması müvafiq standartda və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğun olmamaqla qanunsuz tikilidir və sökülməlidir. Fotoşəkillərdən göründüyü kimi, ikinci mərtəbə heç bir bərkidici bağlantılar olmadan və damın üstünə qoyulmuş tək kərpicdən ibarət tikilidir. Həmçinin, hesab edir ki, bu tikili peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər tərəfindən inşa edilmişdir. Bu şəkildə olan özbaşına tikili gələcəkdə təmir olunub, müvafiq ev əşyaları və mebellə təchiz olunarsa, bu tikilinin bizim həyətin içinə uçma təhlükəsi olmaqla, onun övlad və nəvələrimin həyat və sağlamlığımız üçün təhlükəlidir. Bu tikili qaldırılandan sonra həyətimiz gün işığından da bir qədər təcrid olunmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək məhkəmədən qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə ilkin iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməli, qarşılıqlı iddia isə aşağıda göstərilənlərə görə rədd edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 506 saylı və xx.xx.2021-ci il tarixli 443 saylı arayışlardan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsində yerləşən 13 saylı 1 saylı mənzilində qeydiyyatdadır və həmin mənzildə yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 505 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsində yerləşən 13 saylı 2 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin MH seriyalı 138886 saylı Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Azadlıq küçəsindəki 13 saylı yaşayış evinin 2 nömrəli mənzili X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli, 09 nömrəli məktubundan görünür ki, iddiaçı ilə qonşusu 1 nömrəli mənzildə yaşayan Cavabdeh Valeriyevnanın mənzilinə bitişik hissədə qanunsuz olaraq tikinti işləri aparılmışdır. Belə ki, vətəndaş Cavabdeh Valeriyevna tikinti işləri apararkən özünə aid olan tikilinin ön divarın perpendikulyar olaraq iddiaçının mənzilin mətbəx hissəsinin arxa divarına birləşdirmiş, iddiaçının mətbəxin arxa hissəsində paralel divar tikməmişdir. Müəyyən edilmişdir ki, iddiaçının mətbəxin arxa divarında vətəndaş Cavabdeh artırma etdiyi otağın yan divarı kimi istifadə edir. İddiaçının vətəndaş Cavabdeh aid olan tikilinin sökülməsi ilə bağlı müraciəti Mənzil Kommunal İstismar sahəsinin səlahiyyətlərində olmadığını nəzərə alıb, məhkəmə qaydasında həll etməyi tövsiyyə edilmişdir. İş materiallarında olan MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi, ev 13, mənzil 1 Cavabdeh xüsusi mülkiyyətindədir. Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6435 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 138886 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi 13 nömrəli yaşayış evinin 2 saylı mənzili X1 mülkiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********86-05101- 093003 reyestr nömrəli xx.xx.2011-ci il tarixli Çıxarış sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi, 13 nömrəli yaşayış evinin 1 saylı mənzili Cavabdeh mülkiyyətinə verilmişdir. Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi, 13 nömrəli yaşayış evinin 1 və 2 saylı mənzillərin yerləşdiyi və tərəflərin istifadəsində olan torpaq sahəsinə dair bazarda hər hansı hüquq müəyyənedici sənədlərin mövcud olub-olmaması, mülkiyyət növü, yüklülüyü və sairə məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilməklə müəyyən oluna bilər. Baxış zamanı tərəflərin mülkiyyətində olan mənzillərin önündə yerləşən və faktiki olaraq onların istifadəsində olan torpaq sahələrinə dair hər hansı sənəd təqdim edilmədi. Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi 13 nömrəli binanın 2 saylı mənzilin üst hissəsində (ikinci mərtəbəsində) İddiaçı tərəfindən inşa edilmiş əlavə tikililər və 1 saylı mənzilə Cavabdeh tərəfindən artırma edilən əlavə tikililər həmin binanın planında və mənzillərin texniki pasportunda nəzərdə tutulmadığından və həmin tikililərə dair hər hansı layihə və icazə sənədləri təqdim olunmadığından həmin işlərin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərində Cavabdeh istifadəsində olan mənzilin 2 saylı tikilisinə edilmiş əlavə artırmanın (faktiki yataq otağı kimi istifadə edilir) ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzilin 7 saylı mətbəx tikilisinin kənar divarına bitişik inşa edildiyi müəyyən edilir. Məhkəmə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı ilkin iddia üzrə cavabdehin iddiaçıya məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin divarında apardığı qanunsuz tikililərin (otaq və qarajın) cavabdehin hesabında sökülməsi hissəsində ilkin iddia ərizəsinə qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia ərizəsi bu hissədə qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 7.0.1-ci və 7.0.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi, eyni zamanda təhlükəsizliyin təmin edilməsi prinsipləri əsasında həyata keçirilir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: - tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); - tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: - divar hündürlüyünün 0,6 hissəsi; -xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; -bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; -yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 2 saylı tikiliyə edilmiş əlavə artırmanı (qaraj və yataq otağı) ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzilin 7 saylı mətbəx tikilisinin kənar divarına bitişik tikildiyi zaman İddiaçı razılığını almalıdı idi. Lakin, ilkin iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı bur cür razılığı verdiyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İlkin iddia üzrə cavabdehin bu hərəkəti ilkin iddia üzrə iddiaçının mülkiyyət hüququnun pozuntusu ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 2 saylı tikiliyə edilmiş əlavə artırma (qaraj və yataq otağı) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş ara məsafələri gözlənilməklə, yəni ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzilin 7 saylı mətbəx tikilisinin kənar divarından həmin divarın 0,6 hissəsinə bərabər məsafədə sökülməlidir. Məhkəmə ilkin iddiaya iddiaçıya vaxt itkisi və vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən ilkin iddia üzrə İddiaçı məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsıntı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili və sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, ilkin iddia mənəvi zərərin ödənilməsi hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin ilkin iddianın 30 manat dövlət rüsumunun ilkin iddia üzrə cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu ilkin iddia üzrə cavabdehə aid edilməli və buna görə də ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdeh X2 tərəfindən ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli evin üstündə bir neçə otaqdan ibarət ikinci mərtəbəsindəki yarım tikintisinin qanunsuz hesab edilməsi və həmin tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddiaya qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli evin üstündə bir neçə otaqdan ibarət ikinci mərtəbəsindəki yarım tikintisinin inşası qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqlarının pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızı tərəfindən ona məxsus olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli evin üstündə əlavə tikililərin inşa edilməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətinə qəsd və ya mülkiyyətindən istifadə üçün maneələr yaratmır. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçının qeyd edilmiş tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ müəyyən edilmir. Odur ki, qarşılıqlı iddia ərizəsi iddiaçının subyektiv hüququnun olmadığına görə rədd edilməlidir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir, qarşılıqlı iddia isə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçıya məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin divarında apardığı qanunsuz tikililərin (otaq və qarajın) cavabdehin hesabına ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzilin 7 saylı mətbəx tikilisinin kənar divarından həmin divarın 0,6 hissəsinə bərabər məsafədə sökülsün. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdeh X2 tərəfindən ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli evin üstündə bir neçə otaqdan ibarət ikinci mərtəbəsindəki yarım tikilinin tikintisinin qanunsuz hesab edilməsi və həmin tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar