Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1685/2022 13.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə qismində tanınma” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan miras qalan bütün əmakdan məcburi pay almaq hüququndan məhrum edilməsi və 100 manat dövlət rüsumunun cavavbdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, AR DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyatlı dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Əhmədli qəsəbəsində yerləşən fərdi yaşayəş evi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, həmin evdə mərhum oğlu X6 oğlu C.Əliyevin ailəsi ilə yaşayır, ahıl yaşında iddiaçını dolandıran və qulluq edən şəxs nəvəsidir, ona görə həmin evi nəvəsinə bağışlamaq istəyir, cavabdeh iddiaçının öz doğma qızıdır, lakin heç zaman iddiaçıya qayğı göstərməmiş, maddi və mənəvi kömək etməmişdir, bir övlad kimi öz valideyninə baxmır, cavabdeh iddiaçının mülkiyyətində olan evdə doğulub boya-başa çatmışdır, lakin 1980-ci illərdə ailə həyatı quraraq yoldaşının evinə gəlin köçmüşdür, hazırda ailəsi ilə birlikdə Nizami rayonu, İsmayılov küçəsi ev 3, mənzil 24-də yaşayır, cavabdehin öz ailəsi, evi olmağına baxmayaraq, iddiaçı iə mülk davası aparmış, ona psixoloji təsirlər edib, mülkiyyətində olan evi adına keçirməsini tələb etmiş, iddiaçının evindən didərgin salmağa cəhdlər etmişdir, bundan başqa iddiaçının savadsızlığından istifadə edərək, evi təkbaşına ələ keçirmək məqsədilə öz adına vəsiyyətnamə yazdırmış, 28 mart 2020-ci il tarixdə onu 18 saylı Notariat Kontorundan təsdiq edilmişdir, cavabdeh tərəfindən aldadıldığının öyrəndikdən sonra iddiaçı 23 fevral 2021-ci il tarixdə həmin vəsiyyətnaməni ləğv etdirmişdir, hazırda cavabdehin son zamanlardakı qanunsuz əməllərinə görə iddiaçı onu ləyaqətsiz vərəsə kimi vərəsəlik hüququndan məhrum etmək istəyir. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh onu aldatmışdır, əvvəl oğlu sağ idi, qızının arası onunla yaxşı idi, lakin oğlu öləndən sonra qızı onu ələ alıb notariusa aparmış, o da inanıb qol çəkmişdir, vəsiyyətnamə mətni ona izah olunmamışdır, evi öz adına keçirdiyini sonradan bilmiş və vəsiyyətnaməni ləğv etdirmişdir, cavabdeh evi əlindən almaq üçün vəsiyyətnamə almışdır, böyük oğluna 3 otaqlı ev, qızına isə cehiz vermişdir, qızı ona baxmır, yanına gəlib-getmir, pensiyasını cavabdeh yox, cavabdehin oğlu 5 dəfə pensiyasını oğurlayıb, amma bu barədə polisə müraciət etməmişdir, əvvəl evini qızına verməyi düşünmüşdür, lakin xəstə olduğu vaxt qızı ona heç baxmamışdır, belə ki, beş dəfə xəstəxanada yatmış, lakin yanına da gəlməmişdir, gözü əməliyyat olanda pul verməmiş, dərman almamışdır, qızı 18 yaşında ərə getmişdir, qızına 1900 manat pul vermişdir ki, qızı ilə qızının əri evində qeydiyyata düşsün, qızı qeydiyyata düşsə də, orada yaşamayıb, məqsədi evi əlindən almaq olmuşdur, qızı ona psixi təsir və təhqir edir, məhkəmə zamanı da onu təhqir etmişdir, qızı o yatan zaman sənədlərini də oğurlamışdır, lakin sonradan həmin sənədlər evdən tapılmışdır, qızı ilə bağlı 34-cü Polis Bölməsinə də müraciət etmişdir, qızı evə gəlmiş, həmin gün saat 6dək onunla mübahisə etmiş, kirayəçilərin çıxarılmasını tələb etmişdir, hətta onu döymək istəmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyək izahatında bildirmişdir ki, anası ilə mehriban olmuşdur, lakin anası artıq onu 3-cü dəfədir ki məhkəməyə verir, anası özü bunları istəmir onu öyrədirlər, 1985-ci ildə ailə həyatı qurmuşdur, heç bu zaman ev məsələsi olmamışdır, getdiyi ev qaynanasının olmuşdur, 1 ildən az müddətdir ki, vərəsəliklə yoldaşına keçmişdir, ailəli olsa da həmişə anasına qulluq etmişdir, işləyir, işdən gələndə anasına baxırdı, ona demişdir ki, “gəlinlə mehriban ol ki, mən işdə olanda sənə baxsın”, öz uşaqları zəng edəndə anası əsəbləşir, deyirdi “get onların yanına”, hətta qaynanası belə daha çox anası ilə olduğuna görə onu evində istəməmişdir, yoldaşı da ondan imtina edir, 2014-cü ildən anasının yaşadığı evdə qeydiyyatdadır, buna səbəb anasının yanına çox gəldiyi üçün yoldaşının onu istəməməsidir, buna görə yoldaşının evinə yox, anasının evinə qeydiyyata düşmüşdür, anasının buna razılığı olmuşdur, yoldaşı xəstədir və 1-ci qrup əlildir, bununla elə yenə də yoldaşını atıb anasına baxmışdır, anası 5 nömrəli xəstəxanada, Neyrocərrahiyə xəstəxanasında və Sabunçu xəstəxanasında yatmışdır, ona qulluq etmişdir, gecələr xəstəxanada onun yanında stulda yatmışdır, market xərclərinə qədər ödəmişdir, iddiaçıdan hər hansı oğurluq etməmişdir, pensiyasını da oğurlamamışdır, vərəsə kimi yalnız özü qalıb, onu da bu hüquqdan məhrum edir, yanına gələndə ona evdən etməsini deyir, bütün evi başqasına bağışlamasına razı deyil, ona pay verməlidir, anasını aldatmamışdır, anası özü könüllü notariusa getmiş, nə üçün getdiyini bilmişdir, evi onun adına keçirmişdir, qonşusu Ənvər notariusda onlara şahidlik etmişdir, lakin daha sonra evdə kirayə qalan Sadıq və Sahilə adlı şəxslər iddiaçının ahıl və xəstə olmasından istifadə edərək yaşadıqları evi öz adlarına keçirək istəmiş, onun anası ilə olan münasibətlərinin pisləşməsinə səbəb olmuşdurlar, bu səbəbdən də anası həmin vəsiyyətnaməni 23 fevral 2021-ci ildə ləğv etdirmişdir, həmin vəsiyyətnaməni ləğv etdirmək üçün məhz kirayəçilər iddiaçını notariusa aparışlar. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili T.Ə.Adullayeva cavabdehin izahatına uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdehin anasını – iddiaçını aldadaraq notariusa aparması və evi öz adına keçirtməsi doğru deyildir, iddiaçı özü könüllü surətdə notariusa getmişdir, özünün könüllü vəsiyyətnamə verməsi məhkəmə prosesində şahid Bayramov Ənvərin ifadəsi ilə də təsdiq edilir, hətta iddiaçı cavabdehə və digər şəxslərə həmin evdə istifadə hüquqlarının xitam verilməsi barədə tələb ilə məhkəməyə müraciət etmiş, iddia tələbi birinci instansiyada qismən təmin edilmiş, Cavabdeh evdən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılması qət edilmiş, lakin Apellyasiya məhkəməsində qətnamə Cavabdeh dair hissədə ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmişdir, iddiaçı cavabdehin ləyaqətsiz vərəsə olduğunu iddia etsə də, cavabdehin ona qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Sonda T.Ə.Adullayeva iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edənlərin izahatını və şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1938-ci il təvəllüdlü X1 şahid qismində ifadə verərək bildirmişdir ki, tərəfləri tanıyır, onların qonşusudur, cavabdeh uzun müddətdir ki ailə qurub və o vaxtdan həmin evdə yaşamır, başqa yerdə yaşayır, iddiaçıdan başqa həmin evdə kirayəçi də yaşayır, ana-bala münasibətlərini bilmir, lakin son zamanlar, Təranə evə gəlmiş və evə görə dava salmışdır, ev mənimdir demişdir, anasını döyməsi barədə isə məlumatı yoxdur, cavabdeh deyir ki, evdə payı var, anasına nalayıq ifadələr işlətdiyini eşitmişdir, bu mübahisə bu yaxınlarda olub, Gülnaza heç kim baxmır, Təranə ona qayğı göstərməyib, aralarında olan sənəd məsələsindən məlumatı yoxdur, notariusa onlarla birgə getmişdir, onu ikisi bir yerdə ora aparıblar, sənədə imza atmışdır amma onun mətnini bilməmişdir, sonra demişdirlər ki, evi qızın adına keçirirlər, imza atanda Gülnaz yanında olmamışdır, iddiaçıya sonra nə ilə bağlı imza atıldığını soruşmuş və o isə demişdir ki, “qızım mənə baxacaq və buna görə də evi onun adına keçirdirəm”. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1981-ci il təvəllüdlü X7 şahid qismində ifadə verərək bildirmişdir ki, tərəflərin qonşumsudur, cavabdehi 1-2 dəfə görmüşdür, evdə iddiaçı yaşayır, Nizami, onun yoldaşı və nəvəsi Cabbar ailəsi ilə həmin evdə qalır, cavabdehin həmin evdə yaşamasını görməmişdir, iddiaçı polis olduğu üçün ondan 3-4 dəfə qızı ilə bağlı məsləhət almışdır, ona demişdir ki, “məni aldadıblar, imza atdırıblar”, sonradan bu məsələnin nəticəsi ilə maraqlanmamışdır, Təranənin onun qızı olduğunu bilməmişdir, iddiaçı bir dəfə ondan həbsdə olan nəvəsi haqqında da məlumat almışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1959-cu il təvəllüdlü X8 şahid qismində ifadə verərək bildirmişdir ki, hər iki tərəfi tanıyır, cavabdehlə 2015-2020-ci il tarixədək bir yerdə işləmişdirlər, yolları bir olmuşdur, Təranə işə iddiaçının evindən gedibgəlmişdir, 2 uşağı var, işdən qayıtdıqda oğlu orada qaldığı üçün Xalqlarda düşür, çox vaxt Kənd Əhmədliyə gedirdi, həmişə özü deyirdi ki, anasının yanına gedir, anası xəstəxanaya düşmüş, cavabdeh onlara anasının yanında qalacağını demişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1959-cu il təvəllüdlü X13 şahid qismində ifadə verərək bildirmişdir ki, Təranənivə onun ailəsini ailə dostu kimi 1986-cı ildən tanıyır, Kənd Əhmədlidə yaşayır, özü də əvvəl həmin ərazidə Sərhədçi İdman kompleksi tərəfdə yaşamışdır, Təranə daima orada yaşamışdır, o evə gedib gəlmiş, bazarlıq etmişdir, Təranənin yoldaşı Sahiblə yaxın dostdur, onun yanına ayda 5-6 dəfə gedib gəlir, son dəfə Sahiblə görüşəndə ona demişdir ki, anası Gülnaz Təranə ilə yola getmir, Gülnazgilə 1 il əvvəl getmişdir, Təranəni orada görmüşdür, həmçinin pandemiya dövründə də Təranəni Gülnazın məhəlləsində görmüşdür, Təranə ona bazarlıq etməsi üçün pul vermişdir, aralarında problem olduğu üçün Təranə və Sahib hazırda birlikdə yaşamırlar, lakin bunun səbəbini bilmir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş elektron çıxarışın surətindən görünür ki, ünvan 2, (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Rəşad Niftalılı küçəsi 31) xx.xx.2021-ci il tarixdə tam paylı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3137/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Cavabdehlər X3, X9, X10, X4, X5, X2 və X11 mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8576/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(011)-3137/2021 saylı qətnaməsi qismən, yəni Cavabdeh qarşı hissədə ləğv edilmiş, iddia tələbi Cavabdeh qarşı hissədə əsassız olduğuna görə rədd edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Xətai rayon Polis İdarəsinə verilmiş ərizənin surətindən görünür ki, İddiaçı ona məxsus olan ünvan 2 ünvanına qızı Cavabdeh qeydiyyata götürülməsini xahiş etmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Yaşayış Yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışın surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında 30 dekabr 2014cü ildən qeydiyyatdadır. İş materiallarında olan Xətai rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ərizə ilə Şöbəyə müraciət edərək xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində qızı Cavabdeh ona məxsus şəxsiyyət vəsiqəsini, evin sənədlərini, Xətai rayon məhkəməsiin qərarlarını, təqaüd kartını xəbəri olmadan götürmüşdür, bu barədə tədbir görülməsini xahiş etmişdir. Həmin məktuba əlavə edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli Qərarın müəyyən edilmiş hallarından görünür ki, İddiaçı təkrar Xətai rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinə müracət edərək həmin sənədləri səhvən evdə başqa bir yerdə qoyduğunu xatırladığını və həmin sənədləri yaşadığı evdən tapdığını, sənədlərin hazırda özündə olduğunu və buna görə də heç bir şikayətinin olmadığını bildirmişdir. Həmin Qərarla Cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı qızıdır, cavabdeh iddiaçıya məxsus mənzildə pasport qeydiyyatındadır, hazırki iddia tələbi Cavabdeh mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi barədədir. Bununla belə, cavabdehin vərəsəlik hüququndan məhrum olmasına əsas olan hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi əsasən bu hal iddiaçının sübutetmə yükü ilə bağlıdır və o, bu hallara dair sübutetmə yükü daşıyır, lakin iş materiallarına buna dair sübutlar əlavə olunmamış, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, iddiaçının dəlillərinə münasibətdə edir edir ki, ailə dəyərləri baxımından qarşılıqlı hörmət və qayğı valideyn-uşaq münasibətlərində konstitusion təminat kimi müəyyən olunmaqla yanaşı, şəxsin sosial-təminat rolunu oynayan mirasdan məcburi pay hüququndan məhrum edilmə də formal əsaslarla deyil, qanunda göstərilmiş konkret əsaslardan asılı edilmişdir. Hazırkı iş üzrə iddia tələbi sübutetmə yükündən asılı olduğundan, iddiaçının “cavabdehin ona baxmaması və ona qayğı göstərməməsi” və “cavabdehin evi təkbaşına ələ keçirmək məqsədilə onu aldadaraq evi vəsiyyətnamə ilə öz adına keçirməsi və bunu bildikdən sonra vəsiyyətnaməni ləğv etdirməsi” barədə dəlilləri formal mülahizələr kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiçının dəlilləri əsassızdır və ona görə də iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası , Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilmiş halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Həmçinin həmin qərarda deyilir ki, Mülki məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ondan miras qalan bütün əmakdan məcburi pay almaq hüququndan məhrum edilməsi və 100 manat dövlət rüsumunun cavavbdehdən tutulması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh ondan miras qalan bütün əmakdan məcburi pay almaq hüququndan məhrum edilməsi və 100 manat dövlət rüsumunun cavavbdehdən tutulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1685/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1685/2022
13.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver