Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-169/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz pəncərənin bağlanması” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı onun istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, 5-ci qəsəbə küçəsində yerləşən 24 saylı evin (bundan sonra - Fərdi yaşayış evi) cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş sahəsinin boşaldılması, Fərdi yaşayış evinin yanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin arxa hissəsində hörülmüş (onun həyətinə baxan baxan) pəncərənin, eyni zamanda ümumi hasarın üzərində qaldırılmış cavabdehə məxsus evin ikinci mərtəbəsinin onun hesabına sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsində yerləşən 3 saylı evin onun Fərdi yaşayış evinin həyətinə açılan qanunsuz pəncərəsinin bağlanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarına görə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasporta əsasən Fərdi yaşayış evi iddiaçının istifadə və sahibliyindədir. Həmçinin, ünvan 1 ev cavabdehin istifadəsindədir. İddiaçı ilə cavabdeh qonşu evlərdə yaşayırlar və cavabdeh istifadəsində olan evin iddiaçının sahibliyində və istifadəsində olan Fərdi yaşayış evinin həyətinə tərəf pəncərə açmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid” Pasporta əsasən Fərdi yaşayış evi uzun müddətdir ki, istifadəsindədir. Cavabdehlə onun qonşuluq münasibəti vardır. İstifadəsində olan evinin yaxınlığında özünə məxsus evdə cavabdehə tərəfindən tikinti qaydalarına düzgün əməl edilməyərək tikinti işləri aparıldığına görə onun Fərdi yaşayış evindən istifadə hüquqları məhdudlaşdırılmışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh onun istifadəsində olan Fərdi yaşayış evinin torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt edərək hasara almışdır. Belə ki, cavabdeh tərəfindən ona məxsus olan Fərdi yaşayış evinin bir hissəsinə çəkilmiş hasar ümumi sahənin tərkibində yerləşir. Ümumi hasar olduğundan həmin hasarın üstündə ikinci mərtəbə də qaldırmış, qanunsuz olaraq öz evini genişləndirmişdir. Bundan başqa, cavabdeh tərəfindən edilən qanunsuzluqlar azmış kimi o, həm də onun həyətini rahatlıqla müşahidə edə biləcəyi bir pəncərə də açdırmışdır. Bu pəncərə cavabahə məxsus evin arxa hissəsində onun həyəti ilə üzbəüzdür. Cavabdeh onun hüquqlarımı pozan bu addımın atılmasından öncə bunun üçün ondan heç bir icazə almamış, hüquqi sənəd əsasında bu addımı atmamışdır. Cavabdeh tərəfindən bu özbaşınalıq onun və ailəsinin rahat şəkildə öz evlərindən istifadə etmələrinə maneə olur, isti yay aylarında öz həyətilərində istirahət elmələrinə imkan vermir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən, habelə iddiaçı işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, əvvəlcə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasının aydınlaşdırılmasına zərurət vardır. İşin faktiki hallarından da göründüyü kimi, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasporta əsasən Fərdi yaşayış evi iddiaçının sahibliyində və istifadəsində olsa da, iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı sahibliyində və istifadəsində olan Fərdi yaşayış evinə dair mülkiyyət hüququna gözləntisi vardır. Mülki Məcəllənin 152-ci maddəsi müəyyən edir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.2 və 152.3). İddiaçının Mənzilin tək sahibi olması işin mübahisəsiz halıdır. Eləcə də, iddiaçı özünün yaşayış sahəsinə, mənzilə olan tələbatını təmin etməklə Mənzilin təbii xassələrindən istifadə etmiş olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan qarşı” işi üzrə 27.09.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının milli qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, beynəlxalq qanunvericilik baxımından onun Mənzilə dair mülkiyyət hüququ olduğundan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsində deyilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən, əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanun mülkiyyət hüququnu ən üstün hüquq kimi müəyyən edərək onun dövlət tərəfindən qorunmasına təminat verir. Bu təminat daxilində mülkiyyətçi, digər şəxslərin hüquqlarını pozmadan öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququna malikdir, eləcə də digər şəxslər tərəfindən hüquqlarının pozulmasından qanunla müəyyən edilmiş üsul və vasitələrlə müdafiə olunmaq hüququna malikdir. İş materiallarında olan sübutlar əsasında müəyyən edilir ki, cavabdeh istifadə və sabibliyində olan yuxarıda qeyd edilən ünvanda tikinti norma qaydalarına uyğun inşa edilməyən fərdi yaşayış evinin divarından iddiaçıya məxsus Fərdi yaşayış evinin həyətinə tərəf istiqamətdə pəncərə açmış, bununla da iddiaçının öz əmlakından sərbəst istifadə etmək hüquqlarını məhdudlaşdırmışdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/5087 saylı, 04.02.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda evin inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehə məxsus evin arxa divarın üzərində cavabdeh tərəfindən pəncərənin inşa edilməsi normativ sənədlərə, tikinti norma və qaydalarına cavab vermədiyindən, habelə həmin divarın üzərində pəncərənin inşa edilməsi nəticəsində iddiaçıların öz mülkiyyətlərində olan evdən sərbəst istifadə etmək hüquqları cavabdeh tərəfindən pozulduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində deyilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsində yerləşən 3 saylı evin İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, 5-ci qəsəbə küçəsi, 24 saylı evin həyətinə açılan pəncərəsi Cavabdeh tərəfindən bağlanılsın. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-169/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-169/2022
05.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver