Məhkəmə qərarları › İş №2(011)-1696/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1696/2022

29.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1696/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı X1 cavabdeh X2rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X3 cavabdeh X2rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1209,60 manat borcun və qaz sayğacının dəyərinə görə hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ona məxsusdur. "Azəriqaz” İB ilə aralarımda qazın alğı-satqısına dair müqavilə bağlanmışdır. Fərdi yaşayış sahəsinə smart kart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Sayğaca kart vasitəsi ilə pul yükləyərkən kartın blokda olduğunun şahidi olmuş, Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə bildirilmişdir ki. sayğaca müdaxilə olunub. Nəticədə abonent koduna itirilmiş qaz sərfıyyatına görə 1209.60 manat borc yazılıb və bu pulu ödəməlidir. Borcun səbəbini soruşduqda bildirdilər ki mənzildə quraşdırılan sayğac əvəz edilərkən çıxarılan sayğac labaratoriyaya göndərilmiş və rəyə əsasən sayğacın çıxış plasmas borusu deşilmişdir. Qaz sayğacına tərəfindən heç bir müdaxilə edilməyib. Belə ki, sayğac mənzildən çöldə yerləşir və buna dair məsuliyyəti cavabdeh təşkilat özü daşıyır. İddiaçı X3 məhkəməyə ərizə ilə müraciət edərək, iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmış, ziyanın məbləğinin 1209,60 manat olması müəyyən edilmişdir. İddiaçı həmin məbləği Azəriqaz İB-yə ödəməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanı abonent kodu **********00000 olmaqla abonent kimi X1 adına qeydiyyata alınmışdır. “Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə” ******* nömrəli 26.07.2018-ci il tarixli aktdan görünür ki, yuxarıda qeyd edilən ünvan üzrə 1102AQ**********0 nömrəli sayğaca baxış keçirərək sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmiş və 1802AZ**********70 nömrəli yeni sayğacla əvəzlənmişdir. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 13.08.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən olunmuşdur. Bakı Regional Qazın Satışı Departamentinin İstismar İdarəsi tərəfindən tərtib edilmiş 13.08.2018-ci il tarixli tələbnamədə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 6048 m3 qaz itkisinə görə dəymiş zərərin tələb edilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan onun 1209,60 manat məbləğində borcunun olması görünür. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına və sayğacın quraşdırılmasına görə pul vəsaiti tələb etməsi tam olaraq təsdiq edilmişdir. Ona görə də məhkəmə iddia tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 34,25 manat dövlət rüsumu cavabdehdən tutulub Dövlət büdcəsinə keçirilməlidir.. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X1 yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********00000) qaz sərfiyyatına görə hesablanmış 1209,60 (bir min iki yüz doqquz manat 60 qəpik) manat borcun və qaz sayğacının dəyərinə görə hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsi cavabdeh X4 həvalə edilsin. Cavabdeh Azəriqaz İstehsalat Birliyindən dövlət rüsumuna görə 34,25 (otuz dörd manat 25 qəpik) manat dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar