Məhkəmə qərarları › İş №2(011)-170/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-170/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-170/2022 20.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “borcun ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracda satılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli 2(103)-2874/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 müştərək qaydada iddiaçı AccessBank QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 197514 (yüz doxsan yeddi min beş yüz on dörd) ABŞ Dolları 16 sent məbləğində borcun və 16.80 manat dövlət rüsumunun, eyni zamanda hazırki iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 60 manat xidmət haqqının ipoteka predmeti olan Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 136 nömrəli binanın 31 nömrəli mənzilinə; Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 0.1 ha torpaq sahəsinə; ünvan 2 ünvandakı 0.1897 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 205.5 m2 ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına AccessBank QSC-yə olan borcun ödənilməsi, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsi 136 nömrəli binanın 31 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və X1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 0.1 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ünvan 2 ünvanında 0.1897 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 205.5 m2 ümumi sahədən ibarət əmlak kompleksinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 15.04.2022-ci il tarixdə İddiaçı QSC məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən könüllü surətdə keçən müddət ərzində iddia tələbinin təmin edildiyini və banka olan borcun tam olaraq ödənildiyini, ona görə də iddia tələbindən imtina edir və iddiadan imtinanın nəticəsi ona aydın olduğunu bildirmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borcun ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracda satılması” tələbinə dair 2(011)-170/2022 nömrəli mülki iş üzrə iddiadan imtinanı qəbul edərək, iş üzrə icraata xitam verilməi, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 20.04.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5872/2021 saylı 25.10.2021-ci il tarixli Qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-yə 18 mart 2022-ci il tarixli 08 №-li Mütəxəssis rəyinə əlavə edilmiş sənədlərdən görünür ki, yerinə yetirilmiş işlərə görə xidmət haqqı cəmi 300 manatdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, onun iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən, iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə xərclərinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia verildikdən sonra iddia tələbinin cavabdehlər tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz iddia tələbindən imtina etdiyindən və iddiaçı çəkilən xərclərin cavabdehlərə aid edilməsini xahiş etdiyindən ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 262, 264-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “borcun ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Mənzillərin qiymətləndirilməsi barədə ekspertiza tədqiqatının dəyəri kimi 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada tutularaq Hüquq Əmlak Məsələləri Ekspertizası” MMC-yə (Hesab: AZ57A11B400500C**********211, Kod: 201229, Müxbir hesab: AZ37NABZ******************** (AZN), VÖEN (BANK): **********, SWİFT: A11BAZ2XXXX) ödənilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar