Məhkəmə qərarları › İş №2(011)-1704/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1704/2021

01.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1704/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 28.02.2019-cu il tarixli ******* nömrəli akt üzrə əsassız olaraq hesablanmış cərimə borcundan qalan 668,60 manat məbləğində borcun silinməsi, borcun hesablandığı gündən etibarən 01/2021-ci il tarixinə kimi İddiaçı tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 6,40 manat məbləğində pul vəsaitinin hesabına geri qaytarılması, tərəfindən vəkil xidmətinin göstərilməsi üçün 7 saylı vəkil bürosunun hesabına ödədiyi 121 manat məbləğində pul vəsaitinin və notarisun hesabına ödənilmiş 11.50 manat, ümumilikdə 132,50 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən sökülmüş və əvəzində yeni sayğac quraşdırılmışdır, sayğac dəyişdirilərkən heç bir zədə olmadan plombu üzərində olmuşdur, köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra ona bildirmişlər ki, sayğacda problem olub və bununla bağlı 675 manat cərimə ödəməlidir, bu məqsədlə də smart karta yüklədiyi puldan tutulmalar aparılmışdır, hesabdan çıxarışdan da göründüyü kimi, bu günə olan borc 668,60 manatadək azalmışdır, qaz sayğacına hər hansı müdaxilə etməmişdir və evdən kənarda quraşdırılmış qaz sayğacına görə heç bir məsuliyyət daşıya bilməz. Sonda Vəkil iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, sayğaca baxış keçirilərkən qüsur aşkarlanmış və akt tərtib olunmuş, tərtib olunmuş aktda sayğaca müdaxilə olunması qeyd olunmuşdur, bununla bağlı qeyri-qanuni istifadəyə görə itirilmiş qaz sərfiyyatı İddiaçı abonent koduna hesablanmış və həmin məbləğ də ondan tələb edilir. Sonda N.V.Vəliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 08.02.2019-cu il il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvandakı qaz sayğacı əvəzetmə səbəbindən çıxarılaraq, yeni qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, Azəriqaz İB-nin 29/1710- 00654/17 rəyinə əsasən 1702AZ**********00 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materaillarında olan 05.01.2021-ci il tarixli GASREP sənədindən görünür ki, iddiaçının **********15250 saylı abonent hesabına 11/2020-ci il üçün 675 manat borc hesablanmışdır. Həmin sənəddən görünür ki, borca görə tutulma 6,40 manat təşkil edir. İş materiallarında olan Cavabdeh İB-nin 28.02.2019-cu il tarixli qərarının surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 6750 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 05.01.2021-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının **********15250 saylı abonent hesabına 675 manat borc hesablanmışdır. İş materiallarında olan ARDNŞ-nin Cavabdeh İB-nin və İTRİ-nin MSK-29/1710- 00654/17 saylı aktına əsasən 1702AZ**********00 nömrəli sayğacın çıxış plasmas borusunun deşilməsi nöqsanı barədə qeyd aparılmış, qaz itkisi, müdaxilə nəticəsinə gəlinmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 7 saylı Vəkil bürosuna xidmət haqqı kimi 121 manat pul köçürmüşdür. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzləşdirilmiş, həmin ünvanda 6750 m3 təbii qazın itirilməsi barədə akt tərtib edilmiş və onun dəyəri kimi 675 manat borc iddiaçının abonent hesabına yazılmış, həmin məbləğdən 6,40 manat cavabdeh tərəfindən tutulmuş, qalıq borc 668,60 manat təşkil edir və iddiaçıdan tələb edilir. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********15250) itirilmiş qazın bərpası məqsədilə yazılmış 675 manat məbləğində borcdan tutulmuş 6,40 manat geri qaytarılmalı və qalan 668,60 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********15250 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 675 manat məbləğindən 668,60 manat silinsin, İddiaçı **********15250 saylı abonent kodu üzrə tutulmuş 6,40 manat məbləğində pul geri qaytarılsın. Hüquqi xidmət göstərilməsi üçün Bakı şəhəri 7 saylı vəkil Bürosuna ödənilmiş xidmət haqqı kimi 121 manat və notarisun hesabına ödənilmiş 11.50 manat, ümumilikdə 132,50 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar