Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-172/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X1 vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" MTK-na və Cavabdeh2 MMC-nə qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər "xxxx" MTK-nə və Cavabdeh2 MMC-nə qarşı (üçüncü şəxs Xətai Rayon İcra Hakimiyyəti cəlb olunmaqla) – Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11-də həyətyanı sahədə yerləşən idman meydançasında 45 kv.metr ərazidə taxta konstruksiyadan, müvafiq icazə olmadan inşa olunmuş, özbaşına, qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarıması və sökülmə işlərinin "xxxx" 2020 MTK rəhbərliyinin öz şəxsi vəsaiti hesabına aparılması, kommunal xidmətlərə görə ödənişlərin miqdarı, hesablanma qaydası, hansı normativ akta əsaslandığını, eləcə də yeraltı dayanacaqlarda avtomobillərin saxlanmasının aylıq xərci barədə məlumatların yazılaraq, komendant tərəfindən təsdiq olunmaqla binanın bütün girişlərində və dayanacaqlarda asılsmasının MTK-nə həvalə edilməsi, Süleyman Vəzirov küçəsi 11 ünvanındakı yaşayış kompleksinin ərazisinə sakinlər və onların qonaqlarına məxsus avtomobillərdən kənar hər hansı nəqliyyat vasitəsinin buraxılmasına və ərazidə yaşamayan vətəndaşların avtomobillərinin gecə orada saxlanmasına icazə verilməsi "xxxx" 2020 MTK-nin rəhbərliyinə qadağan olunması, Süleyman Vəzirov 11-də yaşayış kompleksinin ərazisinə Cavabdeh2 iş yeri ləvazimatları şirkətinə məxsus avtomobillərin park oluması, durması və gecə saxlanmasının qadağan olunması, onların giriş-çıxışının məhdudlaşdırılması, baş planın saxtalaşdırılmasında təqsirkar olan şəxslər barəsində xüsusi qərar çıxarılaraq əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa məlumat verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildən Süleyman Vəzirov küçəsi 11-də hasara alınmış 9 binadan ibarət, yaşayış kompleksinin sakinidir. Bu kompleksə xidmət edən "xxxx" MTK 2020 "xxxx" MMC-yə daxildir. X4 Azərbaycanda çox rezonans yaratmış və səs salmış “Mida” layihəsi olan sosial Yasamal yaşayış kompleksində külli miqdarda ziyan vurmaqla, mənimsəmə, dələduzluq, vəzifə saxtakarlığı, 179.4; 308.2 və s. maddələri ilə ittiham irəli sürülüb və 9 aydır ki, həbsdədir. Yaşayış kompleksində aylıq kommunal xərclər hansı əsasla və necə hesablanır, kalkulyasiyaya nə daxil olur, yığılan pullar hara xərclənir bu günə kimi sakinlərə naməlumdur. Şifahi sorğular cavabsız qalır. Eyni ölçüdə tikilmiş 9 binada, eyni kvadrat metrə malik 3;4;6;8 otaqlı mənzillərdən kommunal yığımları və o cümlədən, yeraltı avtomobil dayanacaqlarında qiymətlər biri-birindən fərqlənir və adamına görə dəyişir. "xxxx" 2020 MTK yarandığı gündən, bütün qanunları pozaraq, sakinlərlə hesablaşmalarını həyətdə, şlaqbaumdan keçərkən əlbəəl, heç bir ciddi mühasibat sənədləri ilə təsdiqlənməmiş, mədaxil qəbzləri təqdim olunmadan işlərini aparır. MTK-ya mədaxil olan pul vəsaitinin miqdarı və dövriyyə gizlədilir, vergidən yayınma halları baş verir. Yığılan pullar hara xəcləndiyi heç kimə bildirilmir, hesabat verilmir, özləri istədiyi kimi idarə edir. İddiaçı MTK-nın sədrini və nəzarət təftiş komissiyasının üzvlərini tanımır, görməmişdir. Bütün bu əməliyyatlar Bəhruz adında vətəndaş tərəfindən çox səriştəsiz və qeyri-peşəkar, qanunları saymadan "xxxx" idarə edilir. 15 ildir ki, MTK tərəfindən heç bir təmir işləri aparılmır. Zərurət yarandıqda, qonşular vəsait toplayıb: - asfalt örtüyünü, boruları, çöl işıqlandırmanı təzələyir, yenisini quraşdırırlar, binaların fasadlarını və səkiləri boyayırlar. 4-5 ildir ki yaşayışları pozulub. Belə ki, kompleksin həyəti başdanbaşa fiziki və hüqüqi şəxslərə qanunsuz (kirayə müqavilələri olmadan) icarəyə verilib və kənar avtomobillərin pullu dayanacağı kimi istifadə olunur, kənar avtomobillərlə həyət başdan-başa doludur. Kənar, ən çox da Cavabdeh2 şirkətinə məxsus avtomobillərin çoxluğundan, sakinlər öz yaşayış yerlərinə yaxın düşə bilmir, avtomobilləri saxlamaq üçün boş yer tapana kimi sakinlər əsəb keçirir. Cavabdeh2 şirkəti avtomobil dayanacağı üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini topdan satış anbarı kimi istifadə edir, üstəlik tikintiyə icazə sənədləri olmayan, qanunsuz fəaliyyət göstərən, şam taxtasından yığılmış, tezalışan, 45 kv.metr sahəsi olan qurğunu, yenə də anbar kimi istifadə edirlər (FHN tərəfindən protokol tərtib olunana kimi). 45 kvadrat metr taxta tikili aşağı sinif uşaqlarının kollec binasına bitişikdir və 3 üzbəüz yerləşən yaşayış binalarının arasında, hər birindən 5 metr məsafədə yerləşir. Anbar baş planda nəzərdə tutulan “idman meydançası” sahəsinin yarısını tutur. Gün ərzində yük avtomobilləri daim həyətə mal boşaldır və ya aparır. Bu prosses avtomobillərin səsi, mənzillərinə dolmuş salyarkanın qoxusu, sürücülərin və fəhlələrin axmaq zarafatları, bayağı musiqi ilə müşayiət olunur. Bundan irəli gələrək sakinlər il boyu təmiz havaya həsrət qalmış, pəncərələri və jalüzləri bağlı saxlayır, xanımlarına eyvana çıxmağı özlərinə qadağan etmişlər. Taxta 45 kvadratmetrlik anbar lazımı icazə olmadan inşa olunmuşdur, qanunsuz və özbaşına tikilmişdir, sakinlərin həyətdəki sahədən təyinatı üzrə istifadə etmələrinə mane olur. Belə ki, həyətyanı sahənin Baş Planından göründüyü kimi, həmin sahə idman meydançası kimi nəzərdə tutulmuşdur. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə və Daxili İşlər Nazirliyinə müraciətlərinin nəticəsində həmin anbardan müqaviləsiz istifadə edən Cavabdeh2 şirkəti çıxarılıb, anbar isə boşaldılıbdır. Lakin anbar binası sökülməmişdir və görünən odur ki, həmin anbarı təmir edib başqasına kirayə vermək istəyirlər. Təzəlikcə yeni pəncərələr qoyulmuş və su-kanalizasiya boruları çəkilmişdir. Anbarın ölçüləri əslində 9x5=45 kvadrat metr olduğu halda FHN və DİN-dən gələn cavablarda niyə 20 kvadratmetr göstərilməsi aydın olmur. FHN X7 Xidməti 3-cü ərazi X7 İdarəsinin və DİN Bakı şəhər Xətai rayonu Polis İdarəsinin 37-ci Polis Şöbəsinin bina sakinlərinin şikayətinə verdiyi cavablarından görünür ki, "xxxx" 2020 MTK həmin anbar binasına mülkiyyət və yaxud sahiblik hüququnu təsdiq edən hər hansı bir sənəd təqdim edə bilməmişdir. Belə ki, MTK rəhbərliyi şikayət ərizələrindən xəbər tutan kimi, dələduzluq edərək, öz nüsxələrinə qələmlə, qanunsuz əlavələr edib (idman meydançasının yerində dördbucaq çəkib, bir neçə dəfə, təkrar-təkrar kseroksdan çıxan surətləri yenidən kseroks etməklə) saxtalaşdırıblar. Baş plan MTK rəhbərliyi FHN-nin nümayəndələrinə sənəd kimi təqdim etməyə cəhd ediblər, lakin aldada bilməyiblər. Sonradan baş planla bağlı DİN-in 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən sual verildikdə, bu vəziyyətdən çıxmaq üçün "xxxx" MMC-nin müdiri Elçin Ələkbərovun həbsdə olduğunu və Baş planın özündə saxladığını deyərək, əsl sənədi göstərmək istəməyiblər. MTK istifadə etdiyi baş planda, həmin yerdə dördbucaq çəkilmişdir. Çox guman ki, Xətai rayon İcra Hakimiyyətində saxlanan əsas (orijinal) baş planda o ərazi idman meydançasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən lazımi icazə olmadan inşa olunmuş tikili qanunsuz sayılır və məhkəmə qərarı əsasında sökülməlidir. İddiaçı bu hüququndan istifadə edərək məhkəmədə hazırkı iddiannı qaldırır. İddiaçının müraciəti ilə FHN yoxlama aparıb və müəyyən edib ki, idman meydançasında taxta konstruksiyadan, tezalışan materialdan 45 kv.metr sahədə inşa olunmuş obyekt yanğın baxımından da təhlükəlidir. Məhz elə bu səbəbdən də FHN X7 Xidməti 3-cü ərazi X7 İdarəsi tərəfindən "xxxx" 2020 MTK barəsində xx.xx.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Xətai rayon İcra hakimiyyətinə taxta obyektin icazə sənədlərinin olması ilə bağlı məktubla sorğu göndərilmişdir, lakin cavab hələ də alınmamışdır. DİN-nin Bakı şəhər Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi, Cavabdeh2 şirkətindən izahat alınıb, şirkətin əməkdaşlarının əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan həmin əməkdaşları məsuliyyətə cəlb olunması üçün aidiyyəti əməkdaşa qərarın surəti verilərək, anbardakı mallar boşaldılmışdır. İddiaçı sonradan məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək məhkəmədən, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikilinin cavabdeh "xxxx" 2020 MTK-nın hesabına sökülməsi, mənzil kommunal xidmətlərindən istifadə haqqının miqdarı, hesablanma qaydası, hansı normativ akta əsaslandığı, həmçinin yeraltı dayanacaqlarda avtomobillərin saxlanma xərcləri barədə məlumatların "xxxx" 2020 MTK tərəfindən tərtib və təsdiq edilərək binaların bütün giriş dayanacaqlarında asılması vəzifəsinin "xxxx" 2020 MTK-nın üzərinə qoyulması, Süleyman Vəzirov küçəsi 11 ünvanındakı yaşayış kompleksinin ərazisində Cavabdeh2 MMC-nə məxsus avtomobillərin park olunması, durması və gecə saxlanmasının qadağan olunması, cavabdeh şirkətlərin əməkdaşlarının qanunsuz əməlləri nəticəsində iddiaçıya vurulmuş 30000 manat məbləğində maddi ziyanın, dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində pulun, həmçinin mənəvi ziyanın kompensassiyası kimi 100000 manat məbləğində pulun, ümumilikdə 130030 manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb olunmuşdur. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdirlər. Üçüncü şəxs X1 vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmiş, Cavabdeh2 MMC isə məhkəməyə ərizə ilə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Xətai Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxs Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki iş materiallarında olan Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 İdarəsinin Azər Sərdərova ünvanladığı məktubundan görünür ki, "xxxx" 2020 MTK-nın həyətyanı sahəsində, idman meydançası kimi nəzərdə tutulmuş boş ərazidə müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan taxta konstruksiyadan 20 m2 sahədə obyektin mövcud olduğu müəyyən olunmuşdur. Yanğın-təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı "xxxx" 2020 MTK-nın barəsində xx.xx.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş matertiallarında olan Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin İddiaçı ünvanladığı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı mübahisənin mülki mühakimə icraatı qaydasında həll edilməsi üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. İş matertiallarında olan Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5D, giriş 1, 1a nömrəli mənzili üzərində İddiaçı xüsusi tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan icarəyə verən X2 ilə icarəçi "xxxx" MMC adından X5 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1130-cu məhəllə, S.Vəzirov 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində X1 xüsusi tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/818 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında yerləşən yaşayış kompleksinin həyətyanı sahəsindəki idman meydançasında ağac konstruksiyalardan tikilmiş bir mərtəbəli tikilinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilir. Tədqiq olunan tikilinin inşa olunması ilə əlaqədar yuxarıda qeyd edilən müvafiq icazəverici sənədlərin olmadığını nəzərə alaraq, həmin tikilinin yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında iş üzrə cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının giriş 1, 1a saylı mənzili tam mülkiyyət hüququ əsasında iş üzrə İddiaçı məxsusdur. Həmin ünvanda iş üzrə digər Cavabdeh2 MMC icarə müqaviləsi əsasında X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarə obyekti olaraq istifadə etmişdir. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikilinin cavabdeh "xxxx" MTK-nın hesabına sökülməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edilən taxta konstruksiyadan ibarət tikilinin bir müddət Cavabdeh2 MMC-nə məxsus anbar olduğunu, sonradan həmin şirkət tərəfindən oranın boşaldıldığını göstərmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatı nəticəsində də həmin taxta tikilinin tikinti norma və qaydalarına riayət olunmadan tikilməsi müəyyən olunsa da, lakin həmin tikilinin iddiaçıya və ya yaşayış binasında yaşayan digər sakinlərə hər hansı şəkildə maneə yaratması iş materialları ilə sübuta yetirilmir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının “mənzil kommunal xidmətlərindən istifadə haqqının miqdarı, hesablanma qaydası, hansı normativ akta əsaslandığı, həmçinin yeraltı dayanacaqlarda avtomobillərin saxlanma xərcləri barədə məlumatların "xxxx" MTK tərəfindən tərtib və təsdiq edilərək binaların bütün giriş dayanacaqlarında asılması vəzifəsinin "xxxx" MTKnın üzərinə qoyulması” barədə tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı göstərilən iddiasını yaşayış binasında yığılan mənzil kommunal ödənişlərinin, dayanacaqlara görə ödənilən pul ödənişlərinin bir-birindən fərqlənməsi, nəyə əsaslandığının müəyyən olunmaması ilə əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə əsasən, çoxmənzilli yaşayış binasının mülkiyyətçiləri mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaqla qanunvericiliyə müvafiq qaydada kommunal xidmətlərin göstərilməsi haqqında müqavilə bağlaya bilərlər. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Həmin Məcəllənin 122.1.1-ci maddəsinə əsasən, qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Göründüyü kimi, iddiaçı hazırkı tələbi "xxxx" MTK-nə irəli sürmüş olsa da, lakin iddiaçı cavabdeh MTK ilə kommunal xidmətlər göstərilməsi barədə müqavilənin bağlanmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 29 dekabr 2015-ci il tarixli Qərarına əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır... Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, çoxmənzilli yaşayış binasının mülkiyyətçisi olan iddiaçı cavabdeh MTK ilə kommunal xidmətlərin göstərilməsi haqqında müqavilə bağlamadığından, mövcud iddia məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmə iddiaçının “Bakı şəhəri, Süleyman Vəzirov küçəsi 11 ünvanındakı yaşayış kompleksinin ərazisində Cavabdeh2 MMC-nə məxsus avtomobillərin park olunması, durması və gecə saxlanmasının qadağan olunması” barədə tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçının iddiasının əsası kimi göstərdiyi hallar işin hər hansı halı ilə sübuta yetirilmir. İddiaçı həmin halların əsasını yalnız iddia əriəzəsində göstərilənlərlə əsaslandırır. Digər tərəfdən, iddia bu hissədə ona görə təmin oluna bilməz ki, çünki məhkəmənin 28 iyun 2022-ci il tarixli baxış iclasında iddiaçı tərəf özü Cavabdeh2 MMCnin artıq ünvan 6 ünvanı tərk etdiyini bildirmişdir. Məhkəmə iddiaçının “cavabdeh şirkətlərin əməkdaşlarının qanunsuz əməlləri nəticəsində iddiaçıya vurulmuş 30000 manat məbləğində maddi ziyanın, dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması” barədə tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir. Ona görə ki, cavabdehlər tərəfindən iddiaçıya maddi zərər vurulması, yaxud maddi zərər vurulmasına gətirib çıxaracaq hər hansı əməllərin törədilməsi, maddi zərərin nədən ibarət olması və hansı qaydada və hansı meyarlara əsaslanaraq müəyyən olunması iş materialları ilə müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə sübut olunmadığından, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə iddianın “mənəvi ziyanın kompensassiyası kimi 100000 manat məbləğində pulun cavabdehlər "xxxx" MTK və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi və dəymiş mənəvi zərərin 100000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi də əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi də rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə həmçinin iddiaçının “cavabdeh "xxxx" MTK-nin vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respublikası CM-nin 213-cü (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 313-cü (vəzifə saxtakarlığı) və s. maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olduğuna görə onların bu əməllərinə lazımı hüquqi qiymət verilərək cinayət işinin başlanmasından ötrü prokurora xəbər verilməsinə dair xüsusi qərardad çıxarılması” barədə hissəsinə hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir. Belə ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu tələb prosessual tələb kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəm qətetdi: İddiaçı cavabdehlər "xxxx" MTK-nə və Cavabdeh2 MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Xətai Rayon İcra Hakimiyyəti və X2 cəlb olunmaqla) – Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikilinin cavabdeh "xxxx" 2020 MTK-nın hesabına sökülməsi, mənzil kommunal xidmətlərindən istifadə haqqının miqdarı, hesablanma qaydası, hansı normativ akta əsaslandığı, həmçinin yeraltı dayanacaqlarda avtomobillərin saxlanma xərcləri barədə məlumatların "xxxx" 2020 MTK tərəfindən tərtib və təsdiq edilərək binaların bütün giriş dayanacaqlarında asılması vəzifəsinin "xxxx" 2020 MTK-nın üzərinə qoyulması, Süleyman Vəzirov küçəsi 11 ünvanındakı yaşayış kompleksinin ərazisində Cavabdeh2 MMC-nə məxsus avtomobillərin park olunması, durması və gecə saxlanmasının qadağan olunması, cavabdeh şirkətlərin əməkdaşlarının qanunsuz əməlləri nəticəsində iddiaçıya vurulmuş 30000 manat məbləğində maddi ziyanın, dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində pulun, həmçinin mənəvi ziyanın kompensassiyası kimi 100000 manat məbləğində pulun, ümumilikdə 130030 manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" MTK-dən və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-172/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-172/2022
28.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver