Məhkəmə qərarları › İş №2(011)-1721/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1721/2025

23.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1721/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə llham qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 159,56 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı Ş.Kamilov 11B ünvanında ailəsilə birlikdə yaşayır. Həmin yaşayış sahəsinə quraşdırılmış 1 ədəd G-4 tipli qaz sayğacı xx.xx.2021-ci il tarixində naməlum şəxs tərəfindən oğurlanmışdır. Qeyd olunan tarixdə G-4 tipli qaz sayğacının oğurlanması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsinə dərhal məlumat verilmişdir. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində qeyd edilən əraziyə baxış keçirilmiş və oğurlanmış qaz sayğacı barədə akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixində 1 ədəd G-4 tipli qaz sayğacının qutu ilə birlikdə dəyərinin 244.14 manat, qutusuz 235.88 manat olduğunu bildirərək Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsi tərəfindən cinayət işinə başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. G-4 tipli qaz sayğacının oğurlanması ilə bağlı baxış keçirilməsi üçün xx.xx.2021-ci il tarixində Cavabdeh baş direktoru Ruslan Əliyevə ərizə ilə müraciət etmişlər. Bu müraciət əsasında xx.xx.2021-ci il tarixində Cavabdeh əməkdaşları tərəfindən **********5 nömrəli yeni qaz sayğacı quraşdırılmışdır. 2023-cü ilin avqust ayında Cavabdehnə 159.96 manat məbləğində borclarının olması ilə bağlı məlumat bilmişlər və bu borcun nə üçün yazıldığını bilmək üçün Cavabdehnə müraciət etmişlər. Bu müraciətə cavab olaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixində oğurlanmış qaz sayğacının əvəzində quraşdırılmış sayğacın pulunu istehlakçı ödəməlidir. Bu borcun yazılması tamamilə əsassızdır, qanunsuzdur və obyektivliliyi əks etdirmir. Tərəflərin izahatları: İddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixində sayğacları oğurlanmışdı. Mərhum yoldaşı həmin günü polis idarəsinə və Cavabdehnə hadisə ilə bağlı ərizə yazmışdır. 3 gün ərzində sayğac tapılanadək Cavabdeh əməkdaşları yeni sayğac quraşdırmışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları Abonent İddiaçı (abonent kodu **********30002) adına olan saldoya əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsində yerləşən fərdi yaşayış evi üzrə Zenner G4T Mexaniki tipli, **********5 saylı sayğac xx.xx.2021-ci il tarixdə quraşdırılmışdır. 2023cü il avqust ayı üzrə qalıq və aktlar üzrə 159,96 manat borc hesablanmışdır. xx.xx.2021-ci il tarixli “Oğurlanmış sayğac barədə” akta əsasən, istehlakçı X5 (abonent kodu **********30002, sayğac nömrəsi 1302AZ**********94) sayğacın itməsi və ya oğurlanması barədə təqdim olunan sənəd (polis arayışı) “İstehlakçı” tərəfindən daxil olmuş müraciət əsasında (sayğacın itməsi və ya oğurlanması barədə hüquq mühafizə orqanlarına edilmiş müraciət əlavə olunmaqla) “Təchizatçı” tərəfindən müvvəqəti olaraq 3 (üç) iş günü müddətinə yeni qaz sayğacının quraşdırılması və təbii qaz təhcizatı müvafiq qaydada təmin edilir. Aktda olan qeydə əsasən, təchizatçı tərəfindən yeni qaz sayğacı quraşdırıldıqdan sonra istehlakçının ünvanından oğurlanmış (və ya itmiş) qaz sayğacının 3 (üç) ay müddətində hüquq mühafizə orqanları tərəfindən aparılmış tədqiqatın nəticəsində tapılması mümkün olmadığı halda sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarı təqdim edilməlidir. Əks halda yeni quraşdırımış sayğacın dəyərinin ödənişi istehlakçı tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin xx.xx.2021-ci il tarixli, 075-10101 saylı məktubuna əsasən, X3 müraciəti ilə əlaqədar Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılmış və faktla bağlı toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarın sürətinə əsasən, vətəndaş X3 müraciəti əsasında toplanmış materialda yaşadığı evin qarşısında olan qaz sayğacının oğurlamış naməlum şəxsin(lərin) əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyası

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi

Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsində yerləşən fərdi yaşayış evi üzrə quraşdırılmış 1302AZ**********94 saylı sayğac xx.xx.2021-ci il tarixdə naməlum şəraitdə itmişdir. Həmin vaxt ailə üzvlərindən olan X1 oğurlanması ilə bağlı müvafiq hüquq mühafizə orqanına və Cavabdehnə müraciət etmişdir. Sonuncunun müraciəti əsasında Cavabdeh tərəfindən 3 iş günü ərzində Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsində yerləşən fərdi yaşayış evi üzrə yeni qaz sayğacı quraşdırılmışdır və quraşdırılmış qaz sayğacının dəyəri 159,96 manat məbləğində qiymətləndirilərək 2023-cü ilin aprel ayında istehlakçı İddiaçı tələb edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən yeni qaz sayğacı xx.xx.2021-ci il tarixində quraşdırıldığında hazırki mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyası əsasında qiymət verilməlidir. Qeyd olunan Qaydaya əsasən, istehlakçının təqsiri olmadan qaz sayğacının yenisi ilə əvəz edilməsi qaz paylayıcısının vəsaiti hesabına edilməlidir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Hazırki mülki iş üzrə Cavabdeh tərəfindən yeni quraşdırılmış qaz sayğacının dəyəri istehlakçı İddiaçı tələb olunmasına baxmayaraq qaz paylayıcısı tərəfindən həmin tələbin hər hansısa hüquqi əsası göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hesablanmış 159,96 manat məbləğində borc silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsində yerləşən fərdi yaşayış evi üzrə abonent X4 (abonent kodu: **********30002) hesablanmış 159,96 (yüz əlli doqquz manat doxsan altı qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar