Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1736/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 6 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 6 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış nikah müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2021-ci tarixdə nikah müqaviləsi bağlamışdır. Müqavilənin bağlanma səbəbi kimi onun qohumlarının ucbatından aralarında heç zaman olmamış mübahisə düşdü və o, boşanmaq istədiyini deyib. Bu mübahisəyə qədər aralarında heç bir əhəmiyyətli mübahisə olmamışdır. Daha sonra cavabdeh onun boşanmaq üçün razı olub-olmadığını sual verib və əgər razı olacağı təqdirdə boşanmanı onun qaldıracağını, xərcləri isə cavabdehin özünün çəkəcəyi, hətta İmranla (oğulları) yaşamağa ev alacaq. İddiaçı da bu qədər açıq-aşkar evliliyi pozmaq təklifini özünə sığışdıra bilmədiyindən razılaşıb. Həmçinin, cavabdeh onu da qeyd edib ki, dediklərinin rəsmiyyəti üçün aralarında nikah müqaviləsi bağlasınlar və sonra da nikahın pozulması barədə danışdıqları kimi iddiaçının adından iddia qaldırılsın. İddiaçı da həmişə ona inanıb etimad göstərib, ona görə də onunla boşanmağa razı oldu. Müqavilənin şərtlərinə diqqətlə nəzər yetirildikdə məlum olur ki, həmin müqavilə sırf aldatma nəticəsində cavabdehin öz mənafeyinə uyğun olaraq bağlanıb. Keçən 3 ayda iddiaçı başa düşmüşdür ki, ev alınmır və cavabdehin təkidi ilə edilmiş nikahın pozulması ilə bağlı mediasiyaya müraciətdən imtina edib. Düşünür ki, bu müqavilə etibarsızdır. Qeyd edilənlərə əsasən məhkəmədən xx.xx.2021-ci il tarixdə aralarında bağlanmış nikah müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə digər cavabdeh Bakı şəhəri 6 saylı Notariat Kontoru məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Bakı şəhəri 6 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli nikah müqaviləsindən görünür ki, 01 iyun 2015-ci il tarixdə bağlanmış nikah dövründə və həmin nikah pozulduqdan sonra yaranacaq əmlak, aliment, ünsiyyət, valideynlik hüquqlarının həyata keçirilməsi və s. nikah münasibətləri barədə tərəflər arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən (müqavilənin 2.1-ci maddəsinə əsasən) tərəflər razılığa gəlirlər ki, nikahları pozulduğu halda birgə nikahlarından olan yetkinlik yaşına çatmamış uşaqları 05 oktyabr 2016-cı il təvəllüdlü X1 (bundan sonra uşaq) anası İddiaçı yanında qalır, onunla birlikdə yaşayırlar. “Ər” uşağın kimin yanında qalması, kimin himayəsinə verilməsi məsələsini mübahisələndirməməyi öhdəsinə götürür. 2.2 “Arvad” yenidən nikaha daxil olduğu halda uşaq “Arvad”ın anasının himayəsinə verilir və onunla birlikdə yaşayır. “Arvad”ın anası vəfat edərsə, uşağın kimin yanında yaşaması məsələsi uşağın öz fikri nəzərə alınmaqla müəyyən ediləcəkdir. 2.3 “Ər”in uşaqla ünsiyyətdə olmaq hüququnun forması, qaydası və şərtləri aşağıdakı qaydada müəyyən edilir: 2.3.1 “Ər”in uşaqla görüş hüququ uşağın 10 yaşı tamam olanadək həftədə 1 dəfə, həftənin bir günü saat 10:00-dan 22:00-dək uşağın 10 yaşı tamam olduqdan sonra 10:00dan 00:00-dək həyata keçirilir. Görüşün yeri qabaqcadan “Arvad” ilə razılaşdırılır. 2.3.2 Uşağın təhsili, ölkədə və ya şəhərdə olmaması, səhhəti ilə bağlı səbəbdən görüş hüququ müəyyən edilmiş qaydada həyata keçirilə bilmədikdə, baş tutmamış görüşün əvəzinə tərəflərin razılığı ilə digər görüş vaxtı müəyyən edilir. 2.3.3 Təyin edilmiş görüş vaxtı “Ər”in ölkədə olmaması və ya ona bağlı hər hansı bir digər səbəbdən baş tutmadıqda baş tutmamış görüşün əvəzinə əlavə görüş vaxtı müəyyən edilmir. 2.3.4 “Ər” uşağın onunla olduğu vaxt ərzində həyatının və sağlamlığının təhlükəsizliyinə görə məsuliyyət daşıyır. 2.3.5 “Arvad” uşağın “Ər” tərəfdən qohumları hesab olunan nənə, baba, əmi və bibi ilə ünsiyyətdə olmasına etiraz etmir. 2.3.6 “Ər”in uşağı sonradan nikaha daxil olduğu şəxslə (şəxslərlə) və digər nikahdan olan uşaqları ilə görüşdürmək hüququ yoxdur. 2.3.7 “Ər” “Arvad”dan uşağın 10 yaşınadək onunla telefon vasitəsi ilə və ya online şəkildə ünsiyyətdə olmağı tələb edə bilməz. Uşağın 10 yaşından sonra özünə məxsus telefonu olduqda uşaqla online şəkildə və ya telefon vasitəsilə ünsiyyətdə ola bilər. 2.4 Uşağın hansı ixtisas üzrə, hansı ali təhsil müəssisəsində təhsil alması və təhsil alması ilə bağlı digər məsələlrə “Ər” ilə müzakirə olunaraq müəyyən olunacaqdır. 2.5 “Ər” uşağın yetkinlik yaşına çatanadək “Arvad” la ölkədən 20 (iyirmi) günədək müddətə müvəqqəti əsaslarla çıxmasına etiraz etmir. Uşağın səhhəti, “Arvad” ın və ya uşağın təhsili ilə bağlı hallarda müddət tərəflərin razılığı ilə dəyişdirilə bilər. “Arvad” ondan asılı olmayan səbəblərdən müddət gecikməsinə görə məsuliyyət daşımır. “Ər” müqavilənin imzalandığı gün notariat kontorunda uşaqların yetkinlik yaşına çatanadək “Arvad”la ölkədən getməsinə dair razılıq kağızı təqdim edir. 2.6 Gələcəkdə uşağın ad və soyadının dəyişdirilməsi yalnız tərəflərin razılığı ilə mümkündür.
3. Alimentin miqdarı, ödənilmə qaydası və şərtləri: 3.1 Nikahları pozulduqdan sonra “Ər” bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyi halda “Arvad” uşağın saxlanılması üçün “Ər”dən aliment tələb etməyəcəkdir. 3.2 “Ər” bu müqavilə üzrə üzərinə götürdüyü hər hansı öhdəliyi pozduğu halda “Arvad”ın Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq uşağın saxlanması üçün “Ər”dən aliment tələb etmək və digər hüquqlara sahibdir.
4. Əmlakın bölünməsi şərtləri: 4.1.1 Tərəflər razılığa gəlirlər ki, tərəflərin nikahdan əvvəl, nikah dövründə və ya nikah pozulduqdan sonra birlikdə və ya ayrı yaşamalarından asılı olmayaraq öz vəsaiti və ya digər şəxslərin vəsaiti hesabına əldə etdiyi hər bir daşınar və daşınmaz əmlak, yəni ev, mənzil, torpaq, nəqliyyat vasitəsi, zinət əşyası və s. tərəflərin öz mülkiyyəti hesab olunur, onların ümumi-birgə mülkiyyəti hesab olunmur. 4.1.2 Tərəflərə nikah dövründə başqa şəxslər tərəfindən verilmiş, bağışlanmış daşınar və daşınmaz əşyalar tərəflərin ümumi birgə mülkiyyəti hesab olunmur. 4.1.3 Tərəflərin nikah dövründə birlikdə və ya ayrı yaşamalarından asılı olmayaraq əldə etdiyi qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyduğu paylar, əmanətlər, kapitaldan olan paylar tərəflərin öz mülkiyyəti hesab olunur, ümumibirgə mülkiyyət hesab olunmur. 4.1.4 Tərəflərin nikah pozulduqdan sonrakı dövr ərzində birlikdə və ya ayrı yaşamalarından asılı olmayaraq əldə etdikləri hər bir daşınar və daşınmaz əmlak, kommersiya təşkilatlarına qoyduğu paylar, əmanətlər, kapitaldan olan paylar və s. onların ümumi-birgə mülkiyyəti hesab olunmur. 4.2.Tərəflər bu müqavilənin imzalandığı tarixədək nikah dövründə “Ər”ə bağışlanılmış əmlak üzrə münasibətləri aşağıdakı qaydada tənzimləyirlər: 4.2.1 Tərəflər razılığa gəlirlər ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 dekabr 2017-ci il tarixli Sərəncamı ilə “Ər”ə bağışlanılmış "xxxx" MTK-ya məxsus, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən 382 saylı mənzil “Ər”in öz mülkiyyəti hesab olunur, tərəflərin ümumi-birgə mülkiyyəti hesab olunmur. 4.2.2 “Arvad” öhdəsinə götürür ki, bu müqavilənin 4.2.1-ci maddəsində göstərilən əmlak barədə hər hansı bir iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. 4.2.3 “Arvad” bəyan edir ki, bu müqavilənin 4.2.1-ci maddəsində göstərilən əmlak üzərində “Ər” sərbəst sərəncam vermək hüququna malikdir. “Arvad” “Ər”in həmin əmlakları digər şəxsə satmasına, bağışlamasına, icarəyə verməsinə, girov qoymasına və s. etiraz etmir. 4.3 Tərəflər razılığa gəlirlər ki, əmlak kimin mülkiyyətindədirsə istər nikahdan əvvəl, istərsə də nikah dövründə həmin əmlakın tikintisinə, təmirinə çəkilən xərclər əmlak sahibinə özünə məxsusdur, qarşı tərəf həmin xərclərin geri alınması ilə bağlı hər hansı bir iddia irəli sürülməyəcəkdir. 4.4 Tərəflər razılığa gəlirlər ki, yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 72D, 80 saylı mənzilə olan giriş və mətbəx mebelləri “Ər”in, qalan digər bütün əşyalar (bütün mebellər, elektrotexnika avadanlıqları və s.) “Arvad”ın mülkiyyəti hesab olunur. “Ər”in giriş və mətbəx mebelləri istisna olmaqla, digər əşyalarla bağlı hər hansı bir iddia tələbi yoxdur. 4.5 “Arvad” “Nikahın pozulması”na dair məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra ona məxsus bütün əşyaları Bakı şəhəri, Nizami rayonu¸Rüstəm Rütəmov 72D, 80 saylı mənzildən çıxaracaq və həmin mənzildə yaşamağı dayandıracaqdır. 4.6 “Arvad” öhdəsinə götürür ki, bu müqavilənin 4.2.1-ci maddəsində göstərilən mənzildə yaşamaq, istifadə hüququ tələbinə dair iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. 4.7 Bu müqavilə imzalandığı zaman tərəflərə məlum olmayan və tərəflərin ümumibirgə mülkiyyəti hesab olunan digər hər hansı bir daşınar və ya daşınmaz əmlak, əmanət və s. sonradan tərəflərə məlum olarsa, onlar həmin əmlak üzərində heç bir pay hüququna malik olmayacaqlar. 4.8 Bu maddənin şərtləri tərəflərin sosial kirayə müqaviləsi, ipoteka, kredit, lizinq və s. yolla əldə etdiyi daşınar və daşınmaz əmlaklara da tətbiq edilir.
5. Uşaqların mülkiyyəti : 5.1 Tərəflərin birgə nikahından olan uşağın yetkinlik yaşına çatanadək mülkiyyətində olan əmlaklarla bağlı münasibətlər aşağıdakı qaydada tənzimlənəcəkdir: 5.1.1 Nikah dövründə, eyni zamanda pozulduqdan sonrakı dövr ərzində uşağın adına alınmış daşınar və ya daşınmaz əmlak övladın özünün əmlakı hesab olunur, tərəflərin ümumi-birgə mülkiyyəti hesab olunmur. 5.1.2 Nikah dövründə, eyni zamanda nikah pozulduqdan sonrakı dövr ərzində uşağın adına qoyulmuş əmanət övladın özünün əmlakı hesab olunur, ümumi-birgə mülkiyyət hesab olunmur. 5.1.3 “Ər” və “Arvad” razılığa gəlirlər ki, nikah dövründə, eyni zamanda nikah pozulduqdan sonrakı dövr ərzində birlikdə və ya ayrı yaşamalarından asılı olmayaraq uşaq yetkinlik yaşına çatanadək onun adına olan əmlaklarla bağlı sərəncam vermək hüququ yalnız “Arvad”a məxsusdur. Yəni “Ər”in razılığı olmadan yalnız “Arvad”ın razılığı ilə övladların adında olan (mülkiyyətində olan) əmlakla bağlı sərəncam verilə bilər.
6. Öhdəliklər üzrə məsuliyyət 6.1 “Tərəf”lərin öhdəlikləri (borc, kredit, məhkəmə qərarı əsasında tutulma və s.) üzrə ödəmələr nikah dövründə və ya nikah pozulduqdan sonrakı dövr ərzində yaranmasından asılı olmayaraq istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonrakı dövr ərzində “Tərəflər”in mülkiyyətində olan əmlaka, ümumi-birgə mülkiyyətin bir tərəfə məxsus pay hissəsində yönəldilə bilməz. 6.2 Yetkinlik yaşına çatmayan ümumi birgə uşaqların vurduğu zərərə görə həm “Ər”, həm də “Arvad” bərabər məsuliyyət daşıyərlar. 6.3 "xxxx"ı ASC-dən xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsi ilə “Arvad”ın adına götürülmüş kredit “Ər” tərəfindən istifadə edildiyi üçün banka olan borc məbləğinin hamısı “Ər” tərəfindən banka qaytarılacaqdır. Kredit müqaviləsi üzrə gecikmələrin olmasına görə məsuliyyəti (yaranmış faiz və s. ödənilməsi) “Ər” daşıyır. xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsi üzrə tutulma heç bir halda “Arvad”ın gəlirlərinə, əmlakına yönəldilə bilməz. 6.4 “Arvad”ın vasitəçiliyi “Ər” tərəfindən iştirak etdikləri lotoreya üzrə 500,00 (beş yüz) manat aylıq məbləğ son ödəniş tarixinədək, yəni 2022-ci ilin iyun ayınadək “Ər” və ya “Arvad” bu lotoreya üzrə nəzərdə tutulan ödənişi hazırkı tarixdən əvvəl aldıqları üçün gələcəkdə hər hansı ödənişi hazırkı tarixdən əvvəl aldıqları üçün gələcəkdə hər hansı ödəniş almayacaqlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (Mülki Məcəllənin 337.1-ci maddəsi) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.2-ci maddəsi) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.4-cü maddəsi) Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (337.5-ci maddə) Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. (339.1-ci maddə) Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (Mülki Məcəllənin 339.2-ci maddəsi) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (Mülki Məcəllənin 339.3-cü maddəsi) Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 389.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı prinsipini müəyyən edən 390.1-ci maddə bəyan edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 38.6-cı maddəsinə əsasən nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz. Məhkəmə mülki işdə olan tərəflər arasında bağlanmış 15 oktyabr 2021-ci il tarixli nikah müqaviləsinin şərtlərinə diqqət yetirərək, belə qənaətə gəlir ki, həmin müqavilədə nəzərdə tutulmuş müəyyən şərtlər qanuna zidd olduğundan və tərəflərin hüquqularının pozulması ilə nəticələnə biləcəyi üçün etibarsızdır. Belə ki, aşağıda qeyd edilmiş müddəalar:
3.1 Nikahları pozulduqdan sonra “Ər” bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyi halda “Arvad” uşağın saxlanılması üçün “Ər”dən aliment tələb etməyəcəkdir. 4.1.1 Tərəflər razılığa gəlirlər ki, tərəflərin nikahdan əvvəl, nikah dövründə və ya nikah pozulduqdan sonra birlikdə və ya ayrı yaşamalarından asılı olmayaraq öz vəsaiti və ya digər şəxslərin vəsaiti hesabına əldə etdiyi hər bir daşınar və daşınmaz əmlak, yəni ev, mənzil, torpaq, nəqliyyat vasitəsi, zinət əşyası və s. tərəflərin öz mülkiyyəti hesab olunur, onların ümumi-birgə mülkiyyəti hesab olunmur. 4.1.3 Tərəflərin nikah dövründə birlikdə və ya ayrı yaşamalarından asılı olmayaraq əldə etdiyi qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyduğu paylar, əmanətlər, kapitaldan olan paylar tərəflərin öz mülkiyyəti hesab olunur, ümumibirgə mülkiyyət hesab olunmur. 4.2.1 Tərəflər razılığa gəlirlər ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 dekabr 2017-ci il tarixli Sərəncamı ilə “Ər”ə bağışlanılmış "xxxx" MTK-ya məxsus, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən 382 saylı mənzil “Ər”in öz mülkiyyəti hesab olunur, tərəflərin ümumi-birgə mülkiyyəti hesab olunmur. 4.2.2 “Arvad” öhdəsinə götürür ki, bu müqavilənin 4.2.1-ci maddəsində göstərilən əmlak barədə hər hansı bir iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. 4.2.3 “Arvad” bəyan edir ki, bu müqavilənin 4.2.1-ci maddəsində göstərilən əmlak üzərində “Ər” sərbəst sərəncam vermək hüququna malikdir. “Arvad” “Ər”in həmin əmlakları digər şəxsə satmasına, bağışlamasına, icarəyə verməsinə, girov qoymasına və s. etiraz etmir. 4.3 Tərəflər razılığa gəlirlər ki, əmlak kimin mülkiyyətindədirsə istər nikahdan əvvəl, istərsə də nikah dövründə həmin əmlakın tikintisinə, təmirinə çəkilən xərclər əmlak sahibinə özünə məxsusdur, qarşı tərəf həmin xərclərin geri alınması ilə bağlı hər hansı bir iddia irəli sürülməyəcəkdir. 4.6 “Arvad” öhdəsinə götürür ki, bu müqavilənin 4.2.1-ci maddəsində göstərilən mənzildə yaşamaq, istifadə hüququ tələbinə dair iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. 4.7 Bu müqavilə imzalandığı zaman tərəflərə məlum olmayan və tərəflərin ümumibirgə mülkiyyəti hesab olunan digər hər hansı bir daşınar və ya daşınmaz əmlak, əmanət və s. sonradan tərəflərə məlum olarsa, onlar həmin əmlak üzərində heç bir pay hüququna malik olmayacaqlar; iddiaçının özü üçün son dərəcə əlverişsiz və onun hüquqlarını məhdudlaşdıran şərtlərdir və həmin nikah müqaviləsi cavabdeh tərəfindən aldatma yolu ilə öz mənafeyinə uyğun bağlanmışdır və iddiaçı bağlamağa məcbur olduğu əqdi (ağır şərtli əqd) haqlı olaraq məhkəməyə qaydasında mübahisələndirmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış nikah müqaviləsinin məzmunundan və təbiətindən görünür ki, həmin müqavilədə iddiaçının hüquqları məhdudlaşdırılmış, ailə və mülki qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli nikah müqaviləsinin etibarsız hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q ə t e t d i:
İddiaçı cavabdehlər Cavabdeh1 və 6 saylı Notariat Kontutuna qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli nikah müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.
Sədrlik edən: İlahə Abbasova