Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-174/2022 25.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2, onun və Cavabdeh1 qızının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızına qarşı (bundan sonra – cavabdehlər) kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə, Cavabdeh1 iddiaçıya qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi barədə iddialarına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə 7000 manat kompensasiya verilməklə ona məxsus Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov (keçmiş 5-ci Çernoqorodskaya və ya H.Tağızadə) küçəsi 3 saylı evin, 21 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 5-ci Qaraşəhər küçəsi, 3 saylı evin, 21 saylı 2 otaqlı mənzilin cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə həmin mənzilə bərabər paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.11.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin icraatında olan Cavabdeh1 iddiaçıya qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi barədə” iddiası üzrə 2(011)-7588/2021 saylı mülki iş, iddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızına qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə iddiası üzrə 2(011)-5941/2021 saylı hazırkı mülki işə birləşdirilmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 ilə 16.11.1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahlarından iki övladları – 25.08.1992-ci il təvəllüdlü X5 və 21.07.1993-cü il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah 04.04.1997-ci il tarixində pozulmuş və bu barədə Bakı şəhəri Xətai rayon VVAQ şöbəsi tərəfindən İİ-ЖГ seriyalı 320639 saylı boşanma haqqında şəhadətnamə verilmişdir. İddiaçı ilə Cavabdeh1 birgə nikahda olduqları müddətdə Bakı şəhəri, 5-ci Qaraşəhər küçəsindəki 3 nömrəli evin, 21 saylı mənzili (bundan sonra Mənzil) iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 18.11.1992-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra bir müddət valideynlərinə məxsus Bakı şəhəri, Azadlıq prospekti, 116 nömrəli evin 76 nömrəli mənzilində yaşamışlar. Sonra valideynləri ona mübahisəli Mənzili almışlar və 1992-ci ilin noyabr ayından cavabdeh ilə birlikdə həmin mənzildə yaşamışlar. Lakin 1996-cı ildən sonra xasiyyətlərinin uyğun gəlməməsi nəticəsində evdə tez-tez söz-söhbətlər və mübahisələr yaranmış, bu da uşaqların psixikasına mənfi təsir göstərmişdir. Uşaqların maraqları naminə 1996-cı ildən Cavabdeh1 ayrı yaşamış, elə həmin ərəfələrdə əmək fəaliyyəti ilə bağlı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində gedərək 2002-ci ilədək orada yaşamış və 2002-ci ildə yenə Bakı şəhərinə qayıtmışdır. Mübahisəli mənzildə keçmiş həyat yoldaşı və uşaqları yaşamış, iş üzrə Cavabdeh1 əmək fəaliyyəti ilə bağlı Səudiyyə Ərəbistana köçmüş və orada yaşayıb işləmiş, o isə iş üzrə digər Cavabdeh2 ilə Mənzildə yaşamışlar. Lakin sonradan Cavabdeh2 onunla mübahisə edərək Mənzildən köçüb getmiş və nənəsinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsi, 2 saylı evin, 7 saylı mənzilində yaşayır. Cavabdeh1 söhbət əsnasında deyəndən sonra bilmişdir ki, mülkiyyətində olan mənzil Xətai rayon Məhkəməsini 19.04.2004-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş, tərəfindən verilən şikayət əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.08.2020 il tarixli 2(011)-708/04 saylı qərardadı ilə Bakı Şəhəri Xətai rayon Məhkəməsinin 19.04.2004-cü il tarixli 2(011)-708/04 saylı qiyabi qətnaməsi ləğv edilmiş və onun mübahisəli mənzilə mülkiyyət hüquqları bərpa edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-282/2021 saylı, 01.04.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ona və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi, istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair" iddiası qismən təmin edilərək, Cavabdeh1 və müstəcil tələb irəli sürən Cavabdeh2 Mənzilə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmədə mübahisə gedən zaman Mənzildə o, tək yaşamışdır. 29 iyun 2021-ci il tarixdə iş üzrə cavabdehlər yaşadığı mənzilə gələrək onunla mübahisə edib səs-küy qaldırıb onu və ətrafda yaşayan qonşuları narahat etmişlər. Onunla cavabdehlərin mübahisəli mənzildə birlikdə yaşamaqları qeyri mümkündür. Cavabdehlərin mübahisə predmeti olan yaşayış sahəsindən istifadə etmək niyyətində olmadıqları açıq- aşkar sübut edilir. Cavabdehlər öz təşəbbüsləri ilə ona məxsus mənzili tərk edib getmişlər və onun mülkiyyətində olan yaşayış sahəsinə onların ehtiyacları yoxdur. Hazırda cavabdehlərin qeydiyyatda qalmaqda yeganə məqsədləri mülkiyyətində olan daşınmaz əmlak barəsində sərbəst şəkildə sərəncam vermək imkanının məhdudlaşdırılmasıdır. Cavabdeh yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, iddiaçı birgə nikahda olduqları müddətdə onun adına Bakı şəhəri Tİ və MHQ-tı idarəsinin 18.11.1992-ci il tarixli 8144 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyatdan keçmiş Mənzili aldıqdan sonra ailə üzvüləriylə birlikdə həmin mənzilə qeydiyyata düşməklə köçüb yaşamağa başlamışlar. O illərdə iddiaçı (İddiaçı) respublikada qeyri-leqal dərc edilən "Çeşmə" adlı siyasi-tənqidi qəzetində fəaliyyət göstərən 5 jurnalistdən biri olmuşdur. 1994-cü ildə həmin qazetin jurnalistləri DTX-nın əməkdaşları tərəfindən həbs edilmiş, cavabdeh həmkarlarının həbs edildiyi barədə məlumatı alan kimi qeyri-leqal yollarla respublikadan Sankt-Peterburq şəhərinə qaçaraq orda gizlənmiş, onun barəsində axtarış elan edilmiş, hətta mənzildə axtarış aparılmışdır. O dövrdə iddiaçı dəfələrlə Rusiyadan onunla telefon əlaqəsi saxlayaraq ondan təcili boşanmağını, adına olan yaşadıqları Mənzilin onun adından çıxardaraq öz adına rəsmiləşdirməyi tələb etmişdir. İddiaçı təkidi ilə 1997-ci ildə aralarında bağlanmış nikah məhkəmə qətnaməsi ilə ləğv etdirdikdən sonra Bakı şəhəri Xətai rayon məhkəməsinin 19.04.2004-cü il tarixli, 2-708-/04 saylı qiyabi qətnaməsi ilə Mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat vəsiqəsinə dəyişiklik edilərək onun adına 03.08.2004-cü il tarixli, 8144 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Məlum hadisələrdən bir müddət sonra onun həmkarları ölkə Prezidenti tərəfindən əfv edilsə də, İddiaçı təxminən 10 il sonra respublikaya qayıtmış, lakin qayıdan gündən o valideynlərinə məxsus evdə yaşamış, Mənzil isə onun və iki övladının istifadəsində qalmışdır. Hazırda iki ildir ki, o, xarici ölkədə müddətli müqavilə əsasında həkim olaraq işləyir, mübahisə edilən mənzil isə qızı Cavabdeh2 istifadəsində qalmışdır. Bu hal iddiaçıya məlum olan kimi o, 2020-ci ildə qızının evdə olmadığı vaxt mənzilə girmiş və onları mənzilə buraxmamışdır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddiaçının iddiasının təmin edilməsini, cavabdehin iddiasının isə müddətin iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsini xahiş etdi. Cavabdeh2, onun və digər cavabdehin vəkili və nümayəndəsi iddiaçının iddiasının rədd, Cavabdeh1 isə iddiasının təmin edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, hər iki iddia ərizələrinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, X3 iddiası əsassız, Cavabdeh1 iddiası isə əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçının X2 “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbi ilə Cavabdeh1 iddiaçıya qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsinə dair” tələbi, həmin tərəflərə münasibətdə birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı olduğundan, həmin iddia tələblərlərinə birlikdə qiymət verilməsi daha düzgün olardı. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflərin nikah münasibətlərinin 1991-ci il tarixdə, Mənzilin isə 1992-ci il tarixdə əldə edildiyini nəzərə alaraq, hesab edir ki, Mənzilin tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilib-edilməməsi ilə bağlı mübahisəyə 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinin birinci hissəsində qeyd edilmişdir ki, ərarvadın nikah dövründə əldə etdikləri əmlak, o cümlədən mənzil-tikinti və bağ-tikinti kooperativlərinə pay haqları onların ümumi birgə mülkiyyətidir. Ər və ya arvadın bu əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq, ər-arvad bu əmlaka sahib olmaq, ondan istifadə etmək və ona sərəncam verməkdə bərabər hüquqlara malikdirlər. Qeyd edilən müddəalar əmlakın ər-arvadın ümumi birgə əmlakı hesab olunması üçün üç şərt müəyyən etmişdir. 1) tərəflərin birgə nikahda olmaları, 2) əmlakın nikah müddətində əldə olunması və 3) əmlakın ər-arvadın hər hansı birinin qazancları hesabına əldə olunması. Qeyd edilən şərtlərdən birinin mövcud olmaması əmlakın birgə mülkiyyət hesab olunması hüquqi əsasını aradan qaldırmış olur. İddiaçı ilə Cavabdeh1 16.11.1991-ci il tarixdən birgə nikaha daxil olmaları işin mübahisəsiz halıdır (birinci hüquqi əsas). İkinci hüquqi əsasın, yəni Mənzilin iddiaçı ilə Cavabdeh1 birgə nikahda olduqları müddətdə əldə edilməsi də iş materialları əsasında müəyyən olunur. Belə ki, iddiaçı bu faktı dolayısı ilə iddia ərizəsində etiraf edərək qeyd etmişdir ki, Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra valideynləri ona mübahisəli Mənzili almış (halbuki iddiaçı Mənzilin valideynləri tərəfindən alınmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir) və 1992-ci ilin noyabr ayından onlar həmin Mənzildə yaşamağa başlamışlar. Bundan başqa, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli Mənzil Bakı şəhər 26-cı Dövlət Notariat Kontorunda 27.10.1992-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X4 tərəfindən İddiaçı satılmış və sonuncunun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçməklə, bu barədə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 18.11.1992-ci il tarixdə Qeydiyyat vəsiqəsi verilmişdir. Göründüyü kimi, ikinci hüquqi əsasın mövcudluğu iş materialları əsasında tam sübuta yetirilir. Mənzilin iddiaçının və ya Cavabdeh1 birgə qazancı hesabına əldə edilməsi ilə bağlı üçüncü hüquqi əsasa gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı Mənzilin onun valideynləri tərəfindən alınmasını bildirsə də, bu faktı təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, əvvəldə də göstərildiyi kimi, iş materialları ilə müəyyən edilir ki, iddiaçı Mənzili alqı-satqı müqaviləsi ilə əldə etmişdir. Bu halda məhkəmə hesab edir ki, Mənzil iddiaçının, yaxud Cavabdeh1 hər hansı birinin qazancı (gəliri) hesabına ədə olunmuş əmlak kimi onların birgə əmlakı hesab edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Mənzil iddiaçı ilə Cavabdeh1 birgə əmlakı olduğundan, birgə nikah müddətində əldə edilmiş həmin əmlakın isə bölünməsinə dair onlar arasında hər hansı razılaşma olmadığından, habelə əmlakın qeyri-bərabər bölünməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olmadığından Mənzilə dair İddiaçı ilə Cavabdeh1 hər birinin mülkiyyəti (payı) bərabər hesab edilməlidir. Nikah və Ailə Məcəlləsinin 28-ci maddəsinin birinci hissəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlak bölündükdə onların payları bərabər sayılır. Bəzi hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların maraqlarını və ya diqqətə layiq ərarvaddan birinin maraqlarını nəzərə alaraq bu qaydadan kənara çıxa bilər. Beləliklə, məhkəmə işin hallarını və qanunvericiliyin qeyd edilən müddəasının tələbini nəzərə alaraq hesab edir ki, Mənzilə dair mülkiyyət hüququ bərabər olmaqla, ½ hissədə İddiaçı (iddiaçının), ½ hissədə isə Cavabdeh1 payları müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Mənzil Cavabdeh1 ilə İddiaçı birgə əmlakı hesab olunduğundan və onlar Mənzil üzərində bərabər paylara malik olmaqla əmlakın birgə mülkiyyətçiləri olduğundan, İddiaçı kompensasiya ödənilməklə Cavabdeh1 Mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilə bilməz. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin iddia müddətinin tətbiq edilməklə Mənzilə dair payların müəyyən edilməsi barədə Cavabdeh1 iddiasının rədd edilməsi barədə dəlili ilə bağlı qeyd edir ki, iş materialları əsasında müəyyən edilir ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2-708/04 saylı 19.04.2004-cü il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh1 İddiaçı və Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi barədə iddia tələbi təmin edilərək, Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Mənzilə dair 18.11.1992-ci il tarixdə İddiaçı adına verilmiş qeydiyyat vəsiqəsinə dəyişiklik edilərək qeydiyyat vəsiqəsinin Cavabdeh1 adına verilməsi qət edilmiş və sözügedən qətnamə əsasında Mənzilə dair Cavabdeh1 adına Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 03.08.2004-cü il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4234/2020 saylı 13.08.2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair 2(011)- 4234/2020 saylı mülki iş üzrə icraata xitam verilmiş və nəticə etibarı ilə Mənzilə dair iddiaçının mülkiyyət hüququ yenidən bərpa edilmişdir. Göründüyü kimi, Mənzil 03.08.2004-cü il tarixdən Bakı şəhər Xətai rayon Məhkəməsinin 13.08.2020-ci il tarixli qərardadı qəbul edilənədək Cavabdeh1 mülkiyyətində olmuş, Mənzillə bağlı mübahisə isə 2020-ci il tarixdə yaranmış, cavabdeh hüququnun pozulduğunu həmin vaxt bilmişdir. Bu halda məhkəmə hesab edir ki, ər-arvad arasında əmlak mübahisəsi ilə bağlı qanunla müəyyən edilmiş iddia müddəti keçməmişdir və həmin əsasla iddianın rədd edilməsi barədə iddiaçının vəkili və nümayəndəsinin dəlili əsassızdır. 01.09.2000-ci ilədək qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən boşanmış ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakın bölünməsi tələbinə görə iddia müddəti üç ildir. Həmçinin, 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Məhkəmə, həmçinin hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı kompensasiya verilməklə Mənzildən istifadə hüququna xitam verilməsi hissəsində iddia tələbi indiki halda təmin edilə bilməz. Hazırda Mənzil iddiaçı ilə Cavabdeh1 arasında mübahisə predmetidir və məhkəmənin qənaətinə görə onların hər birinin payları ½ hissədə olmaqla bərabər bölünməldir. Bu halda, iddiaçı Mənzildən tam olaraq Cavabdeh2 istifadə hüququnun itirilməsini tələb edə bilməz, belə ki, indiki halda iddiaçı Mənzilin yalnız ½ hissəsinin mülkiyyətçisidir. Mənzilin digər ½ hissədə payı isə, məhkəmənin qənaətinə görə, Cavabdeh1 məxsusdur. İddiaçı isə əmlaka dair yalnız ½ hissədə paya malik olduğu halda, digər ½ paya malik olan Cavabdeh1 də əvəzinə Mənzildən bütünlüklə kompensasiya verilməklə Cavabdeh2 isitfadə hüququnun itirilməsini tələb edə bilməz. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və sərəncam verilməsinin hüquqi əsaslarını tənzimləyən Mülki Məcəllənin 215-ci maddəsində göstərilir ki, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar.... Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir (Mülki Məcəllənin 215.1 215.4 və 215.5-ci maddələri). Mülki Prosessual Məcəllə müəyyən edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə), Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.4-cü maddə). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməsin. Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi barədə iddiası təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 5-ci Qaraşəhər küçəsi, 3 saylı evin, 21 saylı mənzili Cavabdeh1 ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə, həmin mənzilə dair ½ hissədə Cavabdeh1 qızının, digər ½ hissədə İddiaçı payları müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-174/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-174/2022
25.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver