Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1754/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı ünvan 1 ünvanı üzrə **********30000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Həmin ünvana quraşdırılmış sayğac sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenisi ilə əvəz edilmişdir.
2. Abonent saldosunda qeyd edilən məlumatlar əsasında müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə 3 akt tərtib edilmiş, həmin aktlar əsasında cəmi 1425,63 manat məbləğində borc hesablanmışdır. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bildirişdə xx.xx.2024-cü il tarixə iddiaçının ümumilikdə 1420,09 manat borcun olması əks olunmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 1420,09 manat məbləğində borcun cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli, 6-cı Əhmədli, Ev 1005 ünvanı ona məxsusdur. Ailə üzvləriylə birgə həmin mənzildə yaşayır. Mənzilə quraşdırılmış işıq sayğacı onun adınadır. Vaxtı-vaxtında komunal ödənişləri ödəyir. Nə o, nə ailə üzvləri mənzilə gələn işıq xəttinə, eləcə quraşdırılmış sayğaca heç bir kənar müdaxilə olmamışdır. Lakin cavabdehin əməkdaşları iş qrafıkindən kənar, yəni səhər yaxın 4-5 radələrində yaşadıqları ünvana gəlmiş, onun və ailə üzvlərinin iştirakı olmadan əsassız olaraq ona 1420,09 manat məbləğində cərimə yazmışlar. O, cərimə ilə razı deyil, tələb olunan məbləğ əsassız və qanunsuzdur. Zərurət və mübahisə yarandığı üçün məhkəməyə müraciət edir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”
9. Bənd 7.1 Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
10. Bənd 7.3. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalıdır.
11. Bənd 7.6 Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.
12. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.
13. Bənd 8.2. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
İşə baxan məhkəmənin mövqeyi:
14. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
1. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının adına olan abunə haqqında saldodan müəyyən olunur ki, iddiaçının aktlar əsasında 1435,53 manat məbləğində borcu var. Həmin borcun hansı əsasla hesablanmasını sübut etmək yükü cavabdehin üzərində olsa da, cavabdeh həmin borcun nəyin əsasında hesablanmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd edilən müddəalardan da görünür ki, enerjitəchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və bununla bağlı istehlaçıya hesabat təqdim etməlidir.
15. İş materialları ilə iddiaçıdan tələb edilən borcun sayğacın göstəricilərinə əsasən yarandığı isə müəyyən edilmir. İddiaçıya aid abonent saldosunda borcun hansısa akt əsasında yarandığı göstərilsə də, borcun yaranmasına əsas olan aktlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 1420,09 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir.
16. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 34,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
17. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu: **********30000) hesablanmış 1420,09 manat məbləğində borc silinsin. 34,20 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı