Məhkəmə qərarları › İş №2(011)-179/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-179/2021

11.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-179/2021 11.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 972 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. 2019-cu ilin mart ayında Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə qaz sayğacı quraşdırılmış və iddiaçı abonent kimi qeydiyyata alınmışdır. Uzun müddət iddiaçı istifadəsinə verilmiş sayğac vasitəsi ilə təbii qazdan istifadə etmişdir. 2020-ci ilin mart ayında nəzarətçi gələrək iddiaçıya 972 manat ödənilməmiş borcunun olduğunu bildirmişdir. İddiaçı yerli qaz idarəsinə müraciət etdikdə 2019-cu ilin mart ayında ilk dəfə sayğac quraşdırıldıqdan dərhal sonra ona cərimə hesablandığı məlum olmuşdur. Cərimə aktına əsasən iddiaçının təbii qazdan sayğacdan kənar istifadə etdiyi, buna görə də ona 972 manat cərimə hesablandığı qeyd olunmuşdur. İddiaçı hər ay istehlak etdiyi qazın dəyərini ödəmişdir. İstifadəsində olmuş qaz sayğacına müdaxilə etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib tərtib olunmuş xx xxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ünvanında yerləşən evə baxış zamanı sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx xxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə hesabat aparılmış və 9720 m3 dəymiş ziyanın ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin 2019-ci il üçün 972 manat borcu vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/2405 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə texniki cəhətdən sayğacdan kənar əlavə qoşulma mümkündür. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manatdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 972 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında ekspert rəyi və işlə bağlı digər sübutlar nəzərdən keçirilərək iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadı. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından, cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış 972 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********06424 saylı abunə koduna hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar