Məhkəmə qərarları › İş №2(011)-1817/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1817/2024

13.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1817/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 15 dekabr 2022-ci il tarixdə cavabdehin Elşad və İlham adlı nümayəndələri tərəfindən yaşadığı ünvanda quraşdırılmış ******* nömrəli mexaniki qaz sayğacı iddiaçının iştirakı ilə çıxarılaraq nömrəsi **********973 olan smart tipli yeni qaz sayğacı quraşdırılmışdır. Elşad və İlham adlı nümayəndələr ona qazdan istifadə qaydalarının pozulması halı aşkar olunmadığını bildirmiş və yeni sayğaca bir ədəd 12677248 nömrəsi olan plomb vurub getmişlər. Lakin nədənsə cavabdehin həmin nümayəndələri tərəfindən deyil, Qocayev Ceyhun və Abdullayev Mehman adlı nümayəndələri tərəfindən onun iştirakı olmadan və iddiaçıya məlum olmayan yerdə köhnə qaz sayğacının çıxarılması, yenisinin quraşdırılması və istismara qəbulu haqqında 15 dekabr 2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş, onun ad və soyadının qarşısında isə kimsə imzaya oxşar imza icra etməmişdir. Cavabdehin Qocayev Ceyhun, Abdullayev Mehman və Sadıqzadə Rza adlı nümayəndələri 15 mart 2023-cü il tarixdə iddiaçının ünvanına gələrək “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli akt tərtib etmişlər. Həmin aktda qeyd edilmişdir ki, “sayğaca baxış keçirildi, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı sınıqdır. Sayğac istismara yararsızdır”. Cavabdehin nümayəndələri tərəfindən 15 mart 2023-cü il tarixli ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt onun iştirakı olmadan birtərəfli qaydada tərtib edilmiş və həmin aktda göstərilmişdir ki, guya iddiaçı aktı imzalamaqdan imtina etmişdir. Bu, tamamilə yalandır, çünki belə bir aktın tərtib edilməsindən xəbəri olmamışdır, buna görə də hesab edir ki, onun iştirakı olmadan birtərəfli qaydada tərtib edilmiş həmin aktın heç bir hüquqi qüvvəsi yoxdur. Sözügedən aktlarla bağlı cavabdehin rayon üzrə qurumuna müraciət etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh əsassız olaraq ona 1555 manat cərimə hesablamışdır. İddiaçı cavabdehdən hesabdan çıxarışı, saldonu əldə etdikdən sonra aktlar üzrə hesablanmış borclarla tanış olmuşdur. Cavabdehin nümayəndələri 15 dekabr 2022-ci il tarixdə ******* nömrəli sayğacı çıxarıb, yenisini quraşdırana qədər hər ay köhnə sayğaca nəzarət etmiş və qaz sərfiyyatının dəyərinin ödənilməsini tələb etmişlər. İddiaçı da onların verdikləri qəbzdə göstərilən məbləği ödəmişdir. Əgər sayğaca və onun üzərinə vurulmuş plomba müdaxilə edilmişdirsə, niyə cavabdehin nümayəndələri tərəfindən bu barədə dərhal ona bildirilməmiş və akt tərtib edilməmişdir? Cavabdeh tərəfin ona təqdim etdiyi abonent saldosundan görünür ki, 2022-ci ilin dekabr ayının əvvəlinə qaz sərfiyyatına görə 50,00 manat borc olmuşdur. Həmin ayın axırına isə borc qalığı olmamışdır. Buna baxmayaraq, onun ünvanında əvəzlənmiş qaz sayğacı ola-ola həmin sayğacda olan qaz sərfiyyatı nəzərə alınmadan, Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın həcmini 15 dekabr 2022-ci il tarixdən 15 mart 2023-cü ilədək hesablayaraq iddiaçı tərəfindən guya 12960 m3 qeyri-qanuni qaz sərf etdiyi göstərilmiş və buna görə iddiaçıya 1555,00 manat cərimə hesablamışdır. Göründüyü kimi, cavabdeh heç bir sübut göstərmədən göstərilən qaz sərfiyyatını və ona hesablanmış məbləği qəsdən onun hesabına yükləmişdir. Belə ki, işlətdiyi qazın dəyərini həmişə vaxtlı-vaxtında ödəmiş və indiyə qədər ona qarşı heç bir tələb olmamışdır. Buna görə də iddiaçının sayğacın istifadə qaydalarının pozulmasında, ona guya müdaxilə etməyi də heç bir marağı ola bilməz və sayğacda yaranmış nasazlıq iddiaçının tərəfindən yaradılmamışdır. İddiaçı heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Lakin cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsası olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. İddiaçı həmçinin bildirmişdir ki, cavabdeh tərəfindən tərtib olunmuş 15 mart 2023-cü il tarixli ******* nömrəli akt, Azərbaycan Metrologiya İnstitutu və Cavabdeh İB-nin Metrologiya Departamentinin qaz sayğacının yoxlanması barədə təsdiq etdikləri 10 mart 2023-cü il tarixli MSK/-29/1710-049621-1 nömrəli akt və “dəymiş ziyanın ödənilməsinə dair tələbnamə” ilə itirilmiş qazın dəyərinin hesablanması komissiyasının tərtib etdiyi 31 mart 2023-cü il tarixli arayış tamamilə əsassızdır və heç bir sübutla təsdiq edilmədiyi üçün etibarsız hesab edilməli və ona əsassız hesablanmış qaz sərfiyyatı və 1555,00 manat cərimə silinməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh tərəfindən tərtib olunmuş 15 mart 2023-cü il tarixli ******* nömrəli aktın, Azərbaycan Metrologiya İnstitutu və Cavabdeh İB-nin Metrologiya Departamentinin qaz sayğacının yoxlanması barədə təsdiq etdikləri 10 mart 2023-cü il tarixli MSK/-29/1710-04961-1 nömrəli aktın və “dəymiş ziyanın ödənilməsinə dair tələbnamə” ilə itirilmiş qazın dəyərinin hesablanması komissiyasının tərtib etdiyi 31 mart 2023-cü il tarixli arayışın etibarsız hesab edilməsi və Cavabdeh İB tərəfindən əsassız hesablanmış (**********00060 saylı abonent hesabına) 1555,00 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı (abonent kodu: **********00060) 2023-cü il üçün 1555,20 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 mart 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, hesablama mexanizminin qoruyucu qapağı sınıqdır” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən 31 mart 2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı ünvan 1 ünvanında qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 6 x 24 x 90 = 12960 m3 hesabat aparılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15 mart 2023-cü il tarixli, ******* saylı aktın surətində “sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, hesablama mexanizminin qoruyucu qapağı sınıqdır” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış iddiaçının silinməsini tələb etdiyi 1555,00 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00060) ünvanına dair hesablanmış 1555,00 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 35,55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00060) hesablanmış 1555,00 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 35,55 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar